“Tarix Onu Unudanları Bağışlamır” – Deputatdan 9 May Mesajı

“Qeyd etmək lazımdır ki, 9 May Qələbəsi yalnız bir xalqa məxsus qələbə və ya tarix deyil. O dövrdə Azərbaycan da bu prosesin bir parçası olub. Müharibəyə 600 min azərbaycanlı yollanıb, onlardan 250 min nəfəri həlak olub. 130 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Təəssüf ki, bəzi hallarda bu bayramın Azərbaycana aid olmadığını və xalqımızla əlaqəsinin olmadığını iddia edən yanaşmalar səslənir. Bu, çox yanlış və məsuliyyətsiz mövqedir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Xatırladaq ki, 9 May – Qələbə Günü təkcə bir təqvim tarixi deyil, eyni zamanda milyonlarla insanın keçmişində iz buraxmış bir xatirədir. Faşizm üzərində qazanılan qələbə, dünyaya sülhün və azadlığın bahasına başa gəldiyini xatırladır. 9May – faşizm üzərində Qələbə Günü dünya tarixində dönüş nöqtələrindən biridir.

Deputat qeyd edib ki, Qələbə Günü keçmiş sovet məkanında yaşamış bütün xalqlar üçün ortaq tarixdir və bu bayram hər birimizə doğmadır.

“Hesab edirəm ki, bu tarix cəmiyyətə kifayət qədər ötürülür, lakin onu daha tez-tez xatırlamalı, əhəmiyyətini gənclərə davamlı şəkildə çatdırmalıyıq. Bu tarix unudulmamalı, gələcək nəsillərə ardıcıl şəkildə təbliğ olunmalıdır ki, onlar baş verənləri unutmadan, xalqımızın keçdiyi çətin yolları dərk etsinlər. Bəlkə də dünyada Azərbaycan xalqı qədər faciə yaşamış başqa bir xalq yoxdur. Tarixdə təkrarlanan hadisələrdən nəticə çıxarmaq vacibdir. Xüsusilə də unutmamalıyıq ki, tarix onu unudanları heç vaxt bağışlamır. Bu səbəbdən tarixi günlərimizi yaddaşımıza həkk etməli, onları qoruyub gələcək nəsillərə ötürməliyik. İnsanlarımız bu məsələlərə ciddi yanaşmalı və bu barədə dərindən düşünməlidirlər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az