- Köhnə - Cəmiyyət
- 26 Aprel 2015 00:16
- 4 976
Polad Bülbüloğlunun anası vəfat etdi- Nekroloq
Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib.
"Qafqazinfo"nun məlumatına görə, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün Memorial Muzeyinin direktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Adelaida İrza qızı Məmmədova vəfat edib. 93 yaşlı mərhum Adelaida Məmmədova Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun anasıdır.Azərbaycan hökuməti bu itki ilə bağlı nekroloq imzalayıb:
"Adelaida Məmmədova 1922-ci il avqust ayının 22-də Tbilisi şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlamışdır.
1977-ci ildə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilmişdir. Məhz onun gərgin əməyi sayəsində respublikanın ilk ev-muzeylərindən biri olan Bülbülün xatirə muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən 6 mindən artıq sənəd, o cümlədən müğənninin iştirak etdiyi opera tamaşalarının afişaları, məktubları və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, habelə onun mədəni, elmi, pedaqoji və ictimai fəaliyyətinə aid materiallar toplanmışdır. Adelaida xanımın diqqəti və qayğıkeşliyinin nəticəsi olaraq muzeydə Azərbaycan mədəniyyətinin həqiqi ocağı yaradılmış və muzey milli mənəvi dəyərləri gələcək nəsillərə çatdıran mərkəzlərdən birinə çevrilmişdir.
Adelaida xanım Məmmədova Bülbül irsini mühafizə etməklə, bütövlükdə Azərbaycan xalqının zəngin musiqi mədəniyyətinin təbliği sahəsində təqdirəlayiq xidmətlər göstərmişdir. O, muzey direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi kimi tanınırdı.
Azərbaycanda muzey işinin təşkilində və xalqımızın mədəni irsinin təbliğində Adelaida Məmmədovanın xidmətləri yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" ordeninə və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu"na layiq görülmüşdür.
Qayğıkeş və səmimi insan Adelaida İrza qızı Məmmədovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Firəngiz Əlizadə
Anar Rzayev
Fərhad Bədəlbəyli
Əlibaba Məmmədov
Arif Babayev
Siyavuş Kərimi
Akif Məlikov".