Qadın jurnalistlərdən “Şuşaya azadlıq” bəyanatı

Bu gün Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşəbbüsü ilə “Şuşasız keçən 23 il” mövzusunda dəyirmi masa keçirilib.


AZNEWS.AZ xəbər verir ki, toplantıda qadın təşkilatlarının rəhbərləri, xanım jurnalistlər və tələbələr iştirak ediblər.

Assosiasiyanın rəhbəri Sevil Yusifova Azərbaycanın mədəniyyət məbədi olan Şuşanın ermənilər tərəfindən işğalı ilə bağlı faktları xatırladıb.

Onun fikrincə, bu gün Şuşanın işğal altında qalması, mədəni abidələrin darmadağın olunması yalnız Azərbaycan mədəniyyəti üçün ağır itki sayıla bilməz: "Bu fakt dünya mədəniyyəti külliyyatı üçün böyük itkidir. Beynəlxalq qurumlar da Şuşanın qəsbkarlar tərəfindən məhv edilməsinə susmamalıdırlar. Təəssüf, gerçəklər və ədalət bu gün ikistandartlı siyasətin yalanlarının kölgəsində qalıb".

S.Yusifova Şuşanın işğalı ilə bağlı tədbirlərin yalnız işğal ildönümü ərəfəsində yox, bütün il boyu davam etdirilməsinə böyük ehtiyac olduğunu bildirib. Bu baxımdan, QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən "Şuşaya azadlıq" kampaniyasının, bu kampaniyanın xarici tərəfdaşlarının toplantısının böyük önəm daşıdığını bildirib.

Tədbirdə araşdırmaçı jurnalistlər, cəbhə bölgələrindən reportajları ilə tanınan Fəridə Ləman və Gülnaz Qənbərli, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova, "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova və digərləri çıxış ediblər. Onlar yalnız Şuşa ilə bağlı deyil, ümumiyyətlə işğalla bağlı faktların təbliğinin gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıblar.
İştirakçılar tərəfindən gənclər arasında təbliğatın gücləndirilməsi üçün bir sıra təkliflər səsləndirilib.

Qərara alınıb ki, qadın jurnalistlərin təşkilatçılığı ilə cəbhə bölgəsinə səfərlər təşkil olunsun, jurnalistlərin yerli əhali ilə görüşləri təşkil edilsin.

Tədbirin sonunda dəyirmi masa iştirakçıları adından beynəlxalq təşkilatlara bəyanat da qəbul edilib.

Bəyanatda "Şuşaya azadlıq" şüarı səsləndirilib, beynəlxalq birliklər bu məsələyə açıq münasibətini ortaya qoymağa çağırılıb.

Qeyd edək ki, toplantı iştirakçıları tərəfindən Şuşanın və digər rayonların işğalı zamanı həlak olan həmyerlilərimizin ruhuna ehsan süfrəsi də təşkil olunub. Ehsan süfrəsi arxasında şəhid olanlar üçün fatihə verilib, dualar oxunub.
image description