Biz niyə batırıq? - Meyiti 4 minə tapanlar

Xalid KAZIMLI


Başlığı görüb hesab etməyin ki, söhbət məcazi mənada batmaqdan, iqtisadi böhran girdabına düşmüş Yunanıstanın, faciələr, problemlər içində boğulan Şərq ölkələrinin gününə düşməkdən gedir.

Xeyr, söhbət birbaşa batmaqdan, suda boğulmaqdan gedəcək.

Son günlər bu xüsusda verdiyimiz itki yüngül bir müharibə epizodunda verilən itki qədərdir: daha 8 nəfər, daha 4 nəfər, daha 2 nəfər, daha 6 nəfər...

Cavan-cavan insanlar dənizdə, göldə, çayda, kanalda bir-bir, iki-bir, üç-bir boğulub ölürlər.
Bir səbəb odur ki, anomal istilərlə keçən yay fəsli insanları təntidir, bişirir və onlar sərinləmək üçün axtarıb tapdıqları su hövzəsində heç bir təhlükəsizlik texnikasını gözləmədən çimmək istəyirlər.

Ancaq əsas səbəb heç də bu deyil. Sərin keçən yaylarda da gənc insanlar sututarlarda boğulurdular.

Sanki bu, normadır, plandır, hər il 30-40 gənc mütləq suda boğulub ölməlidir. Bir il də heç kəs suda boğulmasın - mümkün deyil. Bu yayın müvafiq itkisi isə özlüyündə rekorddur.
Hər il yol qəzalarında ölən 1000-dən artıq insanın faciəsinin qarşısını almaq mümkün olmadığı kimi, dəm qazından ölənlərin də, suda batanların da faciəsini önləmək mümkün olmur ki, olmur.

Bəzən deyirlər ki, üzə bilsələr, batmazlar. Yanlış fikirdir. Dərin sularda əsasən üzə bilənlər, özlərinə güvənənlər batır. Üzə bilməyənlər qorxularından dərinə getmirlər, bilirlər ki, ayaqları qumdan üzülən kimi batacaqlar.
Batan gənclərin bir çoxu qızışqanlıqlarının qurbanı olur. Klassik epizoddur, bir neçə gənc həmişəki kimi höcətləşir, kimin daha uzağa üzəcəyi ilə bağlı mübahisə edir, öz eqolarını, üstünlüklərini sübut etməyə çalışırlar, mərcləşirlər, söyüş qoyurlar. Və biri üzərkən yorulur, qıc olur, təşviş-təlaş keçirir, nəfəs yoluna bir damcı su gedir və batır.

Bu baxımdan bir dəstə yeniyetmənin, gəncin bir-birinə qoşulub dənizə getməsi artıq faciənin ilk siqnalı sayıla bilər. Onların gedib dənizdə yaşlarına uyğun çılğınlıqlar, ağılsızlıqlar etməyəcəyi istisnadır.

Bu kimi faciələrdə ümumi məsuliyyətsizliyin də öz payı var. Hər kəs əmindir ki, ona heç nə olmaz. Sürətlə maşın sürməyi sevən gənclər "mənə bir şey olmaz" deyə necə əmindirlərsə, dənizin, gölün, çayın dərin sularında uzağa üzənlər də o qədər əmindirlər: "Heç nə olmaz, üzüb çıxacağıq da".

Amma olur. Bu işin insanın gücündən, iradəsindən, bacarığından asılı olmayan tərəfləri var. 20-30, lap 100-150 metr məsafədə "balıq kimi üzmək" hələ peşəkar üzgüçü olmaq deyil.
Dənizdə batanlarla bağlı bir dəbdən düşməyən şayiə də var: "Adamları vodolazlar (dalğıclar) çəkib aparır, suyun altında bir yerə bağlayır, sonra meyiti yiyəsinə satırlar".
Bu, köhnə söhbətdir, hər il yada düşür, təkrarlanır. Ancaq indiyə qədər belə bir qansız cinayətə görə yaxalanan, məsuliyyətə cəlb edilən yoxdur. Ona görə də bunu xalq yaradıcılığı hesab etmək olar.
Bununla belə, dənizdə batan və meyiti tapılmayan şəxslərin cəsədinin sudan tapılıb çıxarılması üçün ölü yiyələrinin soğan kimi soyulması faktları da var.

Bu işləri bilən adamlardan biri deyir ki, suda batan və dərinlikdə itən adamı çıxarmağın start qiyməti 4 min manatdır və hər saat, hər gün bu qiymətlər artır. Bəzi dalğıclar qiyməti artırmaq üçün bəhanələr uydururlar: "Dəniz dalğalıdır, təhlükəlidir"; "Dəniz bulanıqdır, beş metr qabağı görmək olmur"; "Ola bilər, sualtı axın meyiti uzaqlara aparıb, çox axtarmaq lazımdır" və s.

Uzun illər öncə hərbi-dəniz qüvvələrində matros-dalğıc kimi xidmət keçmiş bir nəfər danışır ki, suda boğulub ölən kursantın meyitinin digər dalğıclar tərəfindən gizlədilməsinin şahidi olub. Boğulan gəncin bir imkanlı şəxsin yeganə övladı olduğunu bilən dalğıclar onun bədbəxt atasından o zamanlar üçün fantastik məbləğdə pul istəyiblər və alıblar, yalnız ondan sonra meyiti bağladıqları yerdən açıb gətirib, təhvil veriblər.

Ona görə də dənizə çimməyə gedənlər bilməlidirlər ki, onların bir saniyəlik ehtiyatsızlıqları özlərini bədbəxt etməklə yanaşı, valideynlərinə də uzunmüddətli maddi sıxıntı, ömürlük mənəvi əzab yaşadacaq.

(musavat.com)