Milli Qəhrəmanın atasından radikal dindarlara - Müraciət

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov bəzi radikal dindarların oğlunun qəbrini ziyarət etmək bəhanəsi ilə qanunsuz hərəkətlər törətməyə cəhd etməsi ilə bağlı müraciət yayıb.


AzNews.az xəbər verir ki, Trend-ə daxil olan müraciətdə qeyd olunur: "Bildirmək istəyirəm ki, oğlum, Milli Qəhrəman Mübariz İbrahimovun Vətən uğrunda göstərdiyi igidlik və qəhrəmanlıq xalqımız və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirilir və ailəmiz böyük diqqət və qayğı ilə əhatə olunub. Qədirbilən xalqımız və dövlətimiz bütün şəhidlərimizin, o cümlədən oğlum Mübarizin əziz xatirəsini həmişə uca tutur. Mən və ailə üzvlərim bu diqqət və qayğıya görə xalqımıza və hörmətli Prezidentimizə ürəkdən minnətdarıq.

Bütün bunları vurğulamaqda məqsədim odur ki, son günlər bəzi radikal dindarlar oğlum Mübariz İbrahimovun şəhidliyinin ildönümündən sui-istifadə edərək onun qəbrini ziyarət etmək bəhanəsi ilə qanunsuz hərəkətlər törətməyə cəhdlər edirlər. Onun əziz xatirəsini böyük qürurla qeyd etdiyimiz bir günü öz çirkin niyyətləri üçün istifadə etmək istəyirlər. Bu da bir ata kimi həm məni, həm də ailə üzvlərimi ciddi narahat edir və qəlbən incidir.

Özümün və ailəmin adından kütləvi informasiya vasitələri ilə belə şəxslərə bir daha müraciət edərək onları şəhid ruhunu və şəhid valideynlərini incidən təxribatçı əməllərdən çəkinməyə çağırıram".