- Köhnə - Cəmiyyət
- 13 Noyabr 2015 12:16
- 3 632
Bakı metrosunda təftiş – Əvvəldən hazırlıq aparılır
Bakı Metropoliteni tam olaraq qışa hazırdır.
Bunu AzNews.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, artıq metropolitendə qışa hazırlıq planı yerinə yetirilib: "Qarlı havada sərnişinlərin rahatlığı və təhlükəsizliyi ilə bağlı məsələlər əsasən, qatarların hərəkətinin, eləcə də sərnişinlərin stansiyalara daxil olub-çıxması ilə bağlı olur. Bununla əlaqədar, qar və buz bağlayan yerlərin təmizlənməsi üçün stansiyalar müvafiq inventar, avadanlıq və materiallarla təmin edilib. Metropolitenin yeganə yerüstü stansiyası olan "Bakmil"də hazırlıq tədbirləri, bütün stansiyalarda işçi heyətinin hazırlığı məqsədilə təlimatlar keçirilib".
Nəsimi Paşayev metro üçün qarlı günlərin ən mühüm məsələsi olan qatarların "Nərimanov" elektrik deposundan xəttə verilməsi və qəbul olunması məsələsinin də həll olunduğunu bildirib: "Bununla bağlı yol xidmətinin nəzdində qarla mübarizə qərargahı yaradılıb. Onun bütün müvafiq avadanlıq, material və məmulatla təchizatı həllini tapıb. Yolların, xüsusən də yolayırıcıların və qovuşuqların təmizlənməsi üçün işçilərin siyahısı tutularaq, sahələr üzrə briqadalar müəyyənləşdirilib. Bütün avadanlıqlar, ləvazimatlar, geyim dəstləri, məişət əşyaları tələbata uyğun yoxlanılıb, bəziləri tam yenilənib, səliqə-sahman yaradılıb, sahələrdə təmir-bərpa işləri görülüb. Burada bütün avadanlıqlar, yenilənib. Həmçinin isitmə sistemi, geyim dəstlərinin quruducularının vəziyyəti təftiş edilib. Radiorabitə üçün ilkin sınaqlar da aparılaraq tənzimlənib, radioqovşaqda müvafiq işlər yerinə yetirilib. Qarla mübarizə dövründə çalışacaq işçilərin qərargahdakı ən kiçik məişət məsələlərinə də diqqət ayrılıb və lazımi planlar tərtib olunub".
Sevinc Yasinqızı