Gömrükdə “köhnə hamam, köhnə tas”... – Aydın Əliyevə məktub

Prezident İlham Əliyevin gömrük və vergi orqanlarının sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrə son qoyması, inhisarçılığın aradan qaldırılması istiqamətində tədbirlərin gücləndirilməsinə dair çağırışları bu sahədə əhəmiyyətli dəyişikliklərə başlanmasına səbəb olsa da, ciddi problemlər hələ də qalmaqdadır.


Xüsusən gömrükdə uzun illər ərzində formalamış "inhisarçı sistemin" tam dağıdılmasının xeyli zaman aparacağı şübhə doğurmur. Təsadüfi deyil ki, prezidentin çağırışlarına, iş adamlarına maneələrin qısa zamanda aradan qaldırılmasına dair qəti tapşırıqlarına baxmayaraq, hələ də gömrükdə sahibkarlar incidilir, qanunsuz tələblərlə üzləşirlər.

Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi ev 1b, mənzil 1 ünvanında yaşayan sahibkar Mustafayev Səxavət Nurəhməd oğlunun "AzPolitika.info" vasitəsilə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevə ünvaladığı şikayət məktubu da yuxarıda qeyd etdiklərimizi təsdiqləyir.

Məktubda bildirilir: "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq strukturları 21 dekabr 2015-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasından müqavilə əsasında dəyəri qabaqcadan ödənilməklə, mənim ünvanıma Biləcəri stansiyasına gəlmiş bir vaqon şüşə lövhələrin gömrük rəsmiləşdirilməsini həyata keçirməkdən imtina edirdilər. Xeyli süründürməçilikdən sonra 29 dekabr 2015-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsində sözügedən vaqonda olan şüşə lövhələrin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə baxmayaraq, hələ də həmin idarənin əməkdaşları ünvanıma gəlmiş və hazırda Biləcəri stansiyasında dayanan bir vaqon şüşənin tərəfimdən qəbul edilib anbara daşınmasına icazə vermirlər".

Sahibkarn sözlərinə görə, yenə də onu "Trans Broker" MMC-nin əməkdaşı Vidadinin yanına göndərib, ondan razılıq almasını tələb edirlər. Həmin broker isə sözügedən bir vaqon şüşəni maya dəyərinə onlara satmağı tələb edir: "Özləri isə həmin şüşəni üç qat bahasına satırlar. Onların şərtlərini qəbul etmədikdə isə şər-böhtan atmaqdan belə çəkinmirlər.

Ölkə prezidenti öz çıxışlarında bildirir ki, ölkəmizin iqtisadiyyatının inkişafı sahibkarlığın inkişafından asılıdır. Buna mane olanları xəyanətkar adlandıraraq, onların cəzalandırılmalı olduğunu bildirir. Sumqayıt Baş Gömrük İdarəsində isə buna məhəl qoyulmur.

Ölkədə iri miqyaslı islahatların getdiyi bir vaxtda Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşlarının bu cür özünə tam arxayın şəkildə özbaşınalıqları anlaşılan deyil. Mən yükü rəsmiləşdirib gömrük haqqını və sərhəddən Biləcəri stansiyasına qədər olan yol pulunu da ödəməyimə baxmayaraq, mənə məxsus olan yükü qəbul edə bilmirəm.

Vaqonun stansiyada dayanmasına görə də mənə hər sutkaya 145 manat cərimə hesablanır. Bu, sahibkara qarşı düşmən münasibətidir, xəyanətdir. Bunu ölkə prezidenti də belə deyir.

sumqayit gmruk idaresisdfgOdur ki, 21 dekabr 2015-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasından ünvanıma gəlmiş, 29 dekabr 2015-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş, hazırda Biləcəri stansiyasında dayanan bir vaqon şüşə lövhələrin tərəfimdən qəbul edilib anbara daşınmasına icazə vermələri üçün Sumqayıt Baş Gömrük İdarəsinə müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm".

Qeyd edək ki, sahibkarın məktubu hələ də gömrükdə brokerlərin "at oynatdığını", monopolistlərin sifarişi ilə sahibkarlara qanunsuz maneələr yaradıldığını göstərir. Halbuki, ölkə prezidenti məhz buna son qoyulmasını tapşırmışdı.

Elə təxminən 10 gün əvvəl Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev də jurnalistlərlə açıqlamasında brokerlərin aradan çıxarılmasına hazırlığın getdiyini açıqlamışdı. Sitat: "Sahibkarlara müraciət edərək tövsiyyə edirəm ki, yükləri rəsmiləşdirərkən gömrük orqanları ilə təmasları vasitəçi şirkətlərlə deyil, birbaşa bizə müraciət etməklə yaratsınlar".

234A. Əliyev həmçinin bildirmişdi ki, bu sahədə şəffaflığın tam təmin olunması həm sahibkarlara dəstək olacaq, eyni zamanda süni şəkildə qiymətlərin artırılmasının qarşısı alınacaq: "Bu məqsədlə müəyyən addımlar atılmağa başlanılıb. İlk növbədə tranzit daşınmalar sahəsində vacib addımlar atılıb ki, əsas hədəfimiz daşınma xərclərini maksimum dərəcədə aşağı salmaqdır".

DGK sədri bildirib ki, süni qiymət artımının qarşısını almaq üçün sahibkarlar və gömrük orqanları təmaslarını vasitəçi şirkətlərlə yox, birbaşa qurmalidir.
Bununla A.Əliyev açıq mətnlə bildimişdi ki, sahibkarlarla gömrük orqanları arasında dayananlar – MONOPOLİSTLƏR aradan çıxarılır!
Son günlər Dövlət Gömrük Komitəsinin rəsmilərinin açıqlamalarından, eləcə də bəzi mətbu orqanlarda yazılanlardan belə məlum olurdu ki, "Trans Broker" MMC-nin və onun monopolistlərin maraqlarını qoruyan əməkdaşlarının fəaliyyətinə son verilib. Ancaq sahibkarın məktubu bunun əksini göstərir. Belə çıxır ki, prezidentin qəti tapşırıqlarına, Aydın Əliyevin vədlərinə baxmayaraq, gömrükdə "köhnə hamam, köhnə tasdır"…
Doğurdanmmı heç nə dəyişməyib, yoxsa problem Sumqayıt Baş Gömrük İdarəsindədir bunu söyləmək çətindir. Ancaq ümid edirik ki, Gömrük Komitəsi sahibkarın problemini həll edəcək.