Dövlət Departamentinin xəbərdarlığı işğal olunmuş ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqlədi Dövlət Departamentinin xəbərdarlığı işğal olunmuş ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqlədi

Vaşinqton Qarabağın əsl sahibini barmaqla göstərdi

Dövlət Departamentinin xəbərdarlığı işğal olunmuş ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqlədi

ABŞ-ın əsas rəqibi Rusiya və onun dəstək verdiyi "Qarabağ klanı"dır. Qarşıda Paşinyan və "Qarabağ klanı"nın, əslində isə ABŞ və Rusiyanın Ermənistan uğrunda ölüm-dirim savaşının ən mühüm mərhələsi başlayır

"ABŞ kimi fövqəldövlətin bu mövqeyi Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edir. Çünki ABŞ elə bir dövlətdir ki, beynəlxalq siyasətdə hər hansı məsələdə tutduğu mövqe dünya dövlətlərinə istiqamət verir, onların da siyasətinə təsir göstərir. Dağlıq Qarabağ kimi həssas bir məsələdə isə ABŞ-ın həmsədr dövlət olaraq yanaşması bu baxımdan ikiqat əhəmiyyətə malikdir. Bununla Amerika Birləşmiş Ştatları Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Dağlıq Qarabağı onun ayrılmaz tərkib hissəsi kimi qəbul etdiyini bir daha təsbit etmiş oldu”.

Bu sözləri ABŞ hökumətinin Dağlıq Qarabağla bağlı səfər tövsiyələrini şərh edən politoloq Nəzakət Məmmədova deyib.

Politoloqun fikrincə, ABŞ Dövlət Departamentinin bu tövsiyəsi həm də ona görə əhəmiyyətli bir dönüş hesab oluna bilər ki, Dağlıq Qarabağ və Ermənistan indiyədək ABŞ-dan ayrı-ayrılıqda milyardlarla dollar yardım alırdı: "ABŞ Minsk Qrupunda həmsədr olmasına, BMT Təhlükəsizlik Şurasında 4 məlum qətnamənin qəbulunda iştirakına baxmayaraq separatçı Dağlıq Qarabağ rejiminə ayrıca maliyyə yardımı göstərirdi. Halbuki, Azərbaycan ABŞ-ın yaxın tərəfdaşı "Azadlığı Müdafiə Aktı" na 907-ci düzəlişə əsasən, 1992-ci ildən etibarən bu yardımdan məhrum edildi. Şübhəsiz ki, bu, Amerika Erməni Milli Assambleyası və digər mənfur diaspora təşkilatının lobbiçiliyi nəticəsində baş verdi”.

Maraqlı məqam bundan ibarətdir ki, niyə ABŞ məhz indiki məqamda bu xəbərdarlığı etdi?!
N.Məmmədovanın sözlərinə görə, burada bir neçə ehtimal üzərində dayana bilərik: "ABŞ hazırda Ermənistanda öz mövqelərini xeyli gücləndirib. Amerika Erməni Milli Assambleyası başda olmaqla, dünyanın bir sıra nüfuzlu erməni diaspora təşkilatları öz bağlı olduqları siyasi dairələrlə əlbir işləyərək hakimiyyətə gətirdikləri Paşinyan iqtidarını qorumaq və möhkəmləndirmək istiqamətində ardıcıl və məqsədyönlü iş aparırlar. Onların əsas rəqibi isə Rusiya və onun dəstək verdiyi "Qarabağ klanı"dır. Qarşıda Paşinyan və "Qarabağ klanı"nın, əslində isə ABŞ və Rusiyanın Ermənistan uğrunda ölüm-dirim savaşının ən mühüm mərhələsi - parlament seçkiləri və bununla da hakimiyyətin kimə ötürülməsi məsələsi gəlir.
Belə bir məqamda Qarabağ Rusiyanın Ermənistan siyasətində Moskvanın nüfuz anklavı olaraq qalan tək məkandır. Qarabağın vəziyyəti hazırda belə səciyyələnə bilər - hüquqi və tarixi baxımdan Azərbaycan torpağı, Rusiyanın bəzi siyasi dairələrinin həyati maraq zonası, ABŞ-ın Ermənistan siyasətinə təhlükə mənbəyi.
ABŞ Dağlıq Qarabağ rejimini layiq olduğu şəkildə diskreditasiya etməklə - oranın təhlükəli ərazi olduğunu bəyan edərək vətəndaşlarına ora səyahət etməmək çağırışı etməklə "Qarabağ klanı"nın gözdən düşdüyünü rəsmi olaraq təsbit edir, onu təcrid etməklə Ermənistan siyasətində təsirini azaltmağa çalışır, quldur yuvasına çevrilmiş, nəzarətsiz ərazi olan Qarabağı dünyaya tanıdır, Rusiyaya "Qarabağ klanı" vasitəsilə Ermənistandakı proseslərə müdaxilə etməyin mümkünsüzlüyü xəbərdarlığını edir”.

Politoloq əlavə edib ki, nəhayət, bu xəbərdarlıq ABŞ-ın həm beynəlxalq hüquqa hörmət etdiyini, həm də həmsədr ölkə kimi borcu olduğunu qabardır. O, başqa dövlətlərdən daha artıq bunun qayğısına qalmalıdır, çünki Qarabağ torpağında sülh yaratmaq missiyasını öz üzərinə götürmüş ölkələrdən biridir:

"Təkcə öz vətəndaşlarının təhlükəsizliyi naminə deyil, eyni zamanda bölgədə sülh naminə, qoşunların təmas xəttində Azərbaycan hərbi qulluqçularının, habelə mülki əhali arasında tələfatın qarşısını almaq üçün bu çağırış edilməlidir.
Digər mümkün versiyalardan biri də bundan ibarətdir ki, ABŞ kəşfiyyatı Dağlıq Qarabağda separatçı rejimin Ermənistandakı "Qarabağ klanı"nın dəstəyi itirməsindən sonra parlament seçkiləri, əslində iqtidar uğrunda "Armagedon savaşı" ərəfəsində xaos içərisinə yuvarlanacağı, orada vəziyyətin gərginləşəcəyi barədə əməliyyat məlumatları əldə etmiş ola bilməsidir. Bundan narahat olaraq vətəndaşlarını xəbərdar etmiş ola bilər. Hər bir halda, bu, bizim üçün müsbət haldır”.

Dövlət Departamentinin amerikalı turistlər üçün hazırladığı səfər tövsiyəsində Dağlıq Qarabağda itkilərin hələ də davam etdiyi bildirilib. Bölgədə mütəmadi atışmalar, artilleriya sistemlərindən, o cümlədən mina və minaatanlardan istifadənin hər il itkilərlə nəticələndiyini vurğulayan Departament rəsmiləri ABŞ təhlükəsizlik xidmətinin Dağlıq Qarabağda ABŞ vətəndaşları üçün təhlükəsizliyi təmin etməyə qadir olmadığını deyib. Bu səbəbdən də ABŞ hökuməti əməkdaşlarının ora səfəri məhdudlaşdırılıb.
Qeyd edək ki, Dövlət Departamentinin tövsiyəsində Dağlıq Qarabağ ayrıca ölkə kimi qeyd olunmayıb. Dağlıq Qarabağa səfər etməmək barədə tövsiyə həm Azərbaycan, həm də Ermənistanla bağlı bölmədə yer alır. (Şərq)

© AzNews.az