“Məxməri inqilab” özünü doğrultmadı - Erməni politoloq

"İlkin mərhələdə yeni hakimiyyətin üzvləri eyforiya yaşayırdı".

Erməni politoloqu Yervand Bozoyan jurnalistlərə müsahibəsində bildirib ki, Nikol Paşinyanın komandasının “məxməri inqilab” nəticəsində Qərbdən Ermənistana pul axını olacağı barədə ümidləri özünü doğrultmadı.

Onun sözlərinə görə, “inqilab” eyforiyasından sonra Avropa İttifaqı ilə münasibətlərdə konkret addımlar müəyyən edilməli olduğu halda, bu sahədə heç bir real addım atılmayıb.

Bozoyan Ermənistanda baş verən dəyişikliklərdən sonra Aİ və Rusiyanın gözləmə mövqeyində olduqlarını qeyd edib. “Onlar yeni hökumətin müxtəlif istiqamətlərdə - daxili və xarici siyasət, iqtisadiyyat, islahatlar və Dağlıq Qarabağ üzrə hansı addımlar atacağını başa düşməyə çalışırlar. Brüsselə gəldikdə, orada Avropa İttifaqı ilə Sazişin reallaşdırılması istiqamətində Yerevanın konkret təkliflərini gözləyirlər. Lakin Ermənistanda gedən daxili siyasi mübarizə nəticəsində bu barədə düşünən belə olmayıb. Bütün bu məsələlər üzrə heç bir iş görülməyib. Aİ-nin Şərq Tərəfdaşlığı proqramı üzrə öz planları var, lakin Ermənistanda bu məsələ tamamilə unudulub”, -deyə politoloq vurğulayıb.

Erməni politoloq daha sonra deyib: “İlkin mərhələdə yeni hakimiyyətin üzvləri eyforiya yaşayırdı. Paşinyanın komandası əmin idi ki, “inqilab” öz-özlüyündə bir dəyərdir və Qərb buna görə dərhal Ermənistana pul verməlidir. Lakin ümidlər doğrulmadı və məlum oldu ki, inqilab həm müsbət, həm də mənfi nəticələrə səbəb ola biləcək dəyişiklikdir”.(AZƏRTAC)

© AzNews.az