İşğalçı Ermənistana aydın bir mesajdır ki, atəşkəs rejimini, status-kvonu sonsuzadək uzatmaq, sülh danışıqlarını dalanda saxlayıb vaxt qazanmaq daha mümkün olmayacaq İşğalçı Ermənistana aydın bir mesajdır ki, atəşkəs rejimini, status-kvonu sonsuzadək uzatmaq, sülh danışıqlarını dalanda saxlayıb vaxt qazanmaq daha mümkün olmayacaq

Bakıdan İrəvana müharibə xəbərdarlığı: sülhdən qaçan savaşa tuş gələr

İşğalçı Ermənistana aydın bir mesajdır ki, atəşkəs rejimini, status-kvonu sonsuzadək uzatmaq, sülh danışıqlarını dalanda saxlayıb vaxt qazanmaq daha mümkün olmayacaq

Ordumuzun növbəti genişmiqyaslı hərbi təlimləri başa çatdı. Bu təlimlə silahlı qüvvələrimiz şübhə yox ki, özünün döyüş qabiliyyətini bir az da artırmış oldu. Xüsusən də işğalçı qüvvələrə qarşı gecə əməliyyatlarının uğurlu aparılması baxımından Azərbaycan ordusunun təmas xətti yaxınlığında hərbi manevrləri çox önəmlidir.

Bütövlükdə bu təlimlər silahlı qüvvələrimizin işğal altındakı əraziləri qısa zamanda azad edib, ərazi bütövlüyümüzü təmin eləməyə qadir olduğunun nümayişinə çevrildi. Təsadüfi deyil ki, Azərbaycanın getdikcə intensivləşən və daha keyfiyyətli və çoxşaxəli xarakter daşıyan hərbi təlimləri işğalçı tərəfdə dərin narahatlıq doğurmaqdadır. Son təlimlərlə bağlı erməni KİV-də gedən şərh və yazılardan, Ermənistan XİN-in reaksiyasından belə bir qənaətə gəlmək olar.

Diqqətçəkicidir ki, son təlimlərdə, döyüş atışlı mərhələnin yekununda hərbi qulluqçular qarşısında çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin əhəmiyyətini qeyd edərək qoşunların peşəkarlığını və şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib...

*****

Bütün bunlar əlbəttə ki, ilk növbədə işğalçı Ermənistana aydın bir mesajdır ki, atəşkəs rejimini, status-kvonu sonsuzadək uzatmaq, sülh danışıqlarını dalanda saxlayıb vaxt qazanmaq daha mümkün olmayacaq. Bu, İrəvana Bakının növbəti xəbərdarlığıdır ki, Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə barışmayacaq, sülhdən qaçan müharibəyə tuş gələcək.

Azərbaycan əlbəttə ki, sülhpərvər dövlət olaraq, müharibənin yox, öz qanuni ərazilərinin dinc, danışıqlar yolu ilə qaytarılmasının tərəfdarıdır. Lakin “hərb, yoxsa sülh” seçimi sırf bizim istəyimizə bağlı məsələ də deyil. İşğalçı Ermənistanın, hələ də Qarabağdakı mifik “hərbi qələbə”nin eyforiyasından çıxa bilməyən erməni xalqının edəcəyi seçim, problemdir.

İlham Əliyev iftar ile ilgili görsel sonucu

“Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev srağagün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində deyib. “Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq”, - deyən dövlət başçısı Cocuq Mərcanlı kəndinin və orada Şuşa məscidinin bənzərinin inşa olunmasının xalqımızın əyilməz ruhunu təcəssüm etdirdiyini bildirib.

*****

Ən önəmlisi də əslində budur - Azərbaycan xalqının öz ərazilərini qaytarmaq əzmi və iradəsinin güclü olması, ordumuzun hər an torpaqları azad eləməyə hazır olması. Son hərbi təlimlər, o sırada NATO üzvü qardaş Türkiyə ilə vaxtaşırı həyata keçirilən ortaq hərbi manevrlər, habelə Azərbaycanın öz yerli hərbi sənaye kompleksini durmadan inkişaf etdirməsi, özünün silah arsenalını daim təkmilləşdirməsi müstəsna olaraq, bu hədəfə hesablanıb.

Təəssüf ki, Ermənistanın yeni rəhbərliyi də Qarabağ məsələsində öz xalqının deyil, hakimiyyətin maraqlarını üstün tutan kursa üstünlük verir. Vaxtı uzatmağın işğalçı tərəfin xeyrinə olduğunu düşünür. Azərbaycan sözsüz ki, İrəvanın bu siyasətini sonsuzadək müşahidə eləmək, ermənilərin hakimiyyət uğrunda didişməsini, bu didişməni bəhanə edib sülh danışıqlarından yayınmaq taktikasını əbədi seyr etmək niyyətində deyil.

Əksər analitiklərin qeyd elədikləri kimi, hərbi əməliyyatlar üçün əlverişli fürsət yaranan kimi, ordumuz şəkk-şübhəsiz, hərəkətə keçəcək. Bu fürsəti Qarabağdakı separatçı rejimlə, daha dəqiqi, hakimiyyətdən salınmış Qarabağ klanı ilə Ermənistandakı Nikol Paşinyan iqtidarı arasında son günlər kəskinləşən ziddiyyətlər daha da yaxınlaşdıra bilər.

*****

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

Maraqlıdır ki, bu fonda Ermənistanın müdafiə naziri David Tonyan gülüş doğuracaq bəyanatla çıxış edib. Azərbaycan ordusunun insan resursu və texnika baxımından üstünlüyünü etiraf edən Tonoyan, Ermənistanın “İsrail modeli” formalaşdırmaq niyyətində olduğunu bildirib. Onun fikrincə, Ermənistan ordunun döyüş hazırlığını yüksəltmək, onu ən müasir silahlarla təchiz etməklə belə bir model yarada bilər.

Sual yaranır: kasad və dəlmə-deşik büdcəyə, inkişafdan qalmış iqtisadiyyata malik Ermənistan Cənubi Qafqazın İsrailinə necə çevrilə bilər? Ordusuna düz-əməlli çağırışçı tapa bilməyən işğalçı ölkənin elmi potensialı necə, buna imkan verirmi?

“Ermənistanın hərbi rəhbərliyinin bu bəyanatı cəfəngiyyatdır”.

Bunu Moderator.az-a Azərbaycanın sabiq XİN rəhbəri, politoloq Tofiq Zülfüqarov deyib.

“İsrail modelinin əsas xüsusiyyətlərindən biri öz ordusunun hazırlıq səviyyəsindən başqa, ABŞ-ın böyük miqdarda köməyi ilə bağlıdır. Hərbi sahədə ABŞ-ın ən çox dəstəyini alan ölkə İsraildir. İsrail hər il ABŞ-dan böyük miqdarda kömək alır. Ermənistan müdafiə nazirinin bu açıqlaması təbliğat xarakterli bir çıxışdır. Çünki onlar danışmağa başqa söz tapmırlar. 2016-cı ilin aprel döyüşləri erməni ordusunun hərbi hazırlıq səviyyəsinin hansı vəziyyətdə olduğunu göstərdi. Bu məsələdə ikimənalı rəy ola bilməz. Ona görə də mən belə bəyanatları ciddi qəbul etmirəm”.

*****

Məsələ də ondadır ki, Rusiyanın faktiki ucqar və geridə qalmış quberniyası statusunda olan, sürətlə boşalmaqda olan Ermənistanın yeni rəhbərliyi də hərbi və iqtisadi inkişafla bağlı bəzəkli arzular qurur, daha betəri, arzuları reallıq kimi qələmə verməyə çalışır. Bununla da öz xalqını sələfləri kimi aldatmağa səy edir. Halbuki dəyişməyən sərt reallıqlar rəsmi İrəvanı silahlanma barədə deyil, ən əvvəl öz iqtisadiyyatını böhrandan, özünü blokadadan necə çıxarmaq barədə düşünməyə vadar etməlidir. Yolu çoxdan məlum: yad torpaqların işğalına son qoyub iki əsas qonşu - Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaq... (Musavat.com)