"Ermənistan ABŞ-ın İrana qarşı apardığı kampaniyaya qoşulur"

İranpərəst ekspertlər Ermənistan hakimiyyətini İranla münasibətləri normallaşdırmaq istiqamətində proqramının olmamasında qınadılar

Ermənistanın İrana qarşı ABŞ-ın apardığı kampaniyaya qoşulmaq cəhdləri davam edir, genişlənir. İndi artıq bu məsələyə ABŞ-dakı erməni təşkilatları və bəzi ermənipərəst konqresmenlər də qoşulub. Bu və ya digər formada Dağlıq Qarabağa yardımın artırılması barədə indiki cəhdlərin eləcə də Xankəndi aeroportu məsələsinin müxtəlif variantlarda aktuallaşmasının əsas mahiyyəti Dağlıq Qarabağın İrana qarşı imkanlarını təqdim etməkdir. ABŞ mütəxəssislərinin mülki təyyarədə İranın qonşuluğuna - Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi erməni separatçıları üçün ən böyük hədiyyədir.

Həm də Ermənistanın özünün digər imkanlarını təqdim edir. İki məsələni xüsusi qabardırıq:

I. Belə vəziyyət Ermənistan üçün birinci deyil. Suriya kampaniyasının qızğın dövründə rusiyadakı siyasi texnoloqlar Xankəndi/Stepanakert aeroportundan Suriyadakı hərbi əməliyyatlarda istifadə etmək məsələsini gündəliyə gətirdilər. “Reqnum” İA -nın sahibi M. Kolerov B.Saakyanın Moskvaya səfərini təşkil etdi. Moskvadakı mətbuat konfransının leytmotivi Rusiyanın Suriyadakı hərbi əməliyyatlarına Dağlıq Qarabağın yardım edəcəyi üzərində idi.

II. Ermənilər hal-hazırda da İrana qarşı ABŞ-ın planlarına qoşulmaq cəhdlərini özlərinə xas metodla uğurla reallaşdırırlar; Ermənistanın Xİ naziri Z.Mnasakanyan Ermənistan və İranın bir-birini uzun müddət olaraq tanıdıqlarını və iki xalq arasındakı münasibətlərin qədimliyinin hər şeyi müəyyənləşdirdiyini bildirdi.

İranpərəst ekspertlər yenidən İran-Ermənistan münasibətləri ilə bağlı optimist şərhlərini davam etdirdilər. Ermənistan hakimiyyətini İranla münasibətləri normallaşdırmaq istiqamətində proqramının olmamasında qınadılar. İranşünas Qoar İskəndəryan ABŞ-İran müharibəsini Ermənistan üçün faciə adlandırdı. Görünür, ABŞ-dan real cavab aldıqdan sonra bu məsələni açıq şəkildə ortalığa qoyacaqlar.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq