- Qayıdış
- 25 Avqust 2020 17:30
- 1 905
“Ermənistan-Azərbaycan sərhədində vəziyyət qeyri-sabit olaraq qalır”
Ermənistan Azərbaycanın mövqelərini atəşə tutmağa davam edir
Bu ilin iyul ayında baş vermiş sərhəd münaqişəsindən sonra Azərbaycan və Ermənistan sərhədində vəziyyət qeyri-sabit olaraq qalır.
Bunu TASS-a müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.
"Hərbi baxımdan vəziyyət qeyri-sabit olaraq qalır. Ermənistan Azərbaycanın mövqelərini atəşə tutmağa davam edir", - deyə azərbaycanlı nazir vurğulayıb.
Azərbaycan XİN başçısı regionda təhlükəsizliyin təmin olunması və təxribatların qarşısının alınması üçün işğalçı qoşunların Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasının vacibliyini qeyd edib.
"Bu planda biz ümid edirik ki, beynəlxalq ictimaiyyət, ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistanı status-kvonun saxlanılması siyasətindən imtina etməyə və substantiv danışıqlara başlamağa məcbur edəcək", - deyə nazir bildirib.
C. Bayramov bu danışıqların çərçivələrini BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarları, xüsusi ilə də 1994-cü ilin Budapeşt sammitinin sənədlərinin təşkil etdiyini qeyd edib: “Bu sənəddə həmsədrlər qarşısında silahlı münaqişənin dayandırılması barədə razılığa gəlmək haqqında sazişin ən qısa müddətdə imzalanması kimi dəqiq tapşırıq qoyulub”. (APA)
AzNews.az