Prezidentin mətbuat konfransında iranlı jurnalist özünü pis vəziyyətə saldı Prezidentin mətbuat konfransında iranlı jurnalist özünü pis vəziyyətə saldı

Çadramı sallam başıma, gəlib sənə şər ataram... - YENİLƏNİB

Prezidentin mətbuat konfransında iranlı jurnalist özünü pis vəziyyətə saldı

İranın Mehr agentliyi: Cənab Prezident, bu gün terrorçuluq dünya üçün təhdiddir. Qarabağ müharibəsi zamanı regionda terrorçu qrupların fəaliyyət göstərməsi barəsində xəbərlər yayılırdı. Bu isə region üçün böyük təhlükədir. Burada hansı kollektiv səylər göstərilməlidir? Bununla bağlı Azərbaycan Respublikası tərəfindən hansı addımlar atılacaqdır? Digər sualım isə Azərbaycan-İran əməkdaşlığının necə qiymətləndirilməsi ilə bağlıdır. İki xalqı bir-birinə tarixi və mədəni bağlar birləşdirir və bu əməkdaşlığın regional perspektivlərini necə görürsünüz?

Prezident İlham Əliyev: Bir məsələni aydınlaşdırmaq istəyirəm. Siz müharibə zamanı terrorçu qrupların fəaliyyət göstərməsi haqqında danışırsınız, hansı məlumatlara, kim tərəfindən verilən məlumatlara istinad edirsiniz?

Jurnalist: Region ölkələrindən olan xəbər agentlikləri belə məlumat yayırdılar. İcazənizlə onların adlarını çəkməyim.

Prezident İlham Əliyev: Bilirsiniz, sualınız bir növ ittiham formasındadır. İstənilən məlumat haqqında danışmaq olar, ancaq mənbə qeyd edilməlidir. Siz deyirsiniz ki, məlumatlar yayıldı, onların mənbəyini də qeyd edin. Terrorçu qruplar haqqında məlumatın mənbəyini qeyd edin.

Jurnalist: Sizcə, regionda terrorçu qrupların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Prezident İlham Əliyev: Hansı regiondan və ya ölkədən söhbət gedir? Siz mənbə göstərə bilmirsiniz. Kimisə ittiham etmək asandır. Siz onu sual formasında verə bilərsiniz, ancaq burada mahiyyət dəyişmir. Dediyinizin arxasında dayanmaq daha çətindir. Xəbər deyirsiniz, yəni hansı mənbələrə istinad edirsiniz? Sualınızda mənbəni qeyd edə bilsəniz, daha geniş cavab verə bilərdim.

Jurnalist: O zaman ikinci sualıma cavab versəniz məmnun olardım.

Prezident İlham Əliyev: Hesab edirəm ki, siz birinci sualınıza özünüz cavab verdiniz. Sualınızda qeyd etdiyiniz məlumatlar mövcud deyil. Müharibə zamanı terrorçu qrupların iştirakı ilə bağlı hər hansı məlumat, dəlil və sübut yoxdur. Bu, məqsədyönlü şəkildə uydurulmuş bir hekayədir və mən təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Adətən belə ittiham xarakterli suallar digər ölkələrdən olur. Torpaqların azad olunması uğrunda aparılan əməliyyatlarda heç bir terrorçu iştirak etməyib. Bu qələbəni Azərbaycan Ordusu qazanıb. Burada hər hansı yazılı və ya şifahi məlumat və ya sübutlardan söhbət gedə bilməz. Bu, Azərbaycanı ittiham etməkdən başqa bir şey deyil. Bu, Ermənistan tərəfindən ediləndə anlaşılandır. Bu, ermənilərin bir bəhanəsidir, çünki onlar üçün bu, psixoloji cəhətdən ağrılı bir məsələdir – Azərbaycan əsgəri onları məğlub edib. Onlar deyə bilərlər ki, bunu hansısa terrorçular edib. Ancaq kimsə bu terrorçuları görüb? Siz və ya həmkarlarınız, sadəcə, bir ad verə bilərsinizmi? Kifayət qədər vaxtınız var, bu məlumatları həmkarlarınızla bölüşün. Varmı belə bir məlumat? Xeyr. Ona görə sizə tövsiyəm odur ki, spekulyasiya ilə məşğul olmayın. Dediyim kimi, siz bir xanım olaraq dost ölkədən gəlmisiniz, ona görə də mən mövzunun dərinliyinə getmək istəməzdim. Ancaq xahiş edirəm, belə şayiələr yayarkən daha məsuliyyətli olun.

O ki qaldı Azərbaycan-İran əməkdaşlığına, bu əməkdaşlıq çox yaxşı səviyyədədir. Müharibədən sonrakı dövr yeni imkanlar yaradır. Bilirəm ki, İran şirkətləri dağıdılmış ərazilərdə yenidənqurma işlərində iştirak etməkdə maraqlıdırlar. Azərbaycandan olan yüksəksəviyyəli nümayəndə heyəti İranda səfərdə olmuşdur. Burada əməkdaşlığımızla bağlı vacib məsələlər, o cümlədən Xudafərin su anbarının birgə istifadəsi də müzakirə edilib. Biz artıq elektrik stansiyalarının inşasına dair İran tərəfi ilə razılığa gəlmişik. Artıq Xudafərin və Qız qalası elektrik stansiyalarının tikintisi ilə bağlı büdcə ayrılıb. Ümumi istehsal gücü 280 meqavat olacaq və bu həcm iki ölkə arasında bölüşdürüləcək.

Yeni vəziyyətlə əlaqədar çoxlu imkanlar var. Biz İranla dövlət sərhədimizi bərpa etmişik, onun 132 kilometrlik hissəsi işğal səbəbindən bizim nəzarətimizdə deyildi. Bu gün isə artıq biznes üçün yeni imkanlar açılır. Buraya nəqliyyat və kənd təsərrüfatı da daxildir. Nəqliyyat sahəsi haqqında danışarkən, mən Zəngəzur dəhlizini qeyd etmək istəyirəm. Bu dəhliz İran tərəfi üçün də faydalı olacaqdır. İran həmin dəhlizdən istifadə edərək Ermənistanla dəmir yolu əlaqəsi yarada bilər. İki ölkənin hazırda belə bir əlaqəsi yoxdur və eşitdiyimə görə, belə bir dəmir yolu xəttinin tikintisi artıq gündəmdə deyil. Çünki olduqca mənasız və bahalı bir layihədir. Naxçıvandan, Culfa üzərindən İran yükləri Ermənistana və geriyə nəql edilə bilər. İmkanlar çoxdur, biz onların hamısını nəzərdən keçirəcəyik və əminəm ki, gələcəkdə sıx əməkdaşlığımız davam edəcək.

Jurnalist: Cənab Prezident, mən üzr istəyirəm, ancaq zənnimcə, mənim terrorçu qruplarla bağlı sualım yanlış anlaşıldı. Mən Azərbaycan tərəfindən terrorçu qrupların fəaliyyətini nəzərdə tutmurdum. Mən Qarabağ müharibəsi zamanı regionda İŞİD kimi qrupların fəaliyyətini nəzərdə tuturdum.

Prezident İlham Əliyev: Aydınlıq gətirdiyinizə görə sizə təşəkkür edirəm.

14:00

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında “İran xəbər agentliyi”nin müxbiri Azərbaycan Prezidentinə “Cənab Prezident, hazırda terrorçuluq beynəlxalq icma üçün böyük bir çağırışdır. Dağlıq Qarabağ müharibəsində terrorçu qrupların iştirakı barədə xəbərlər yayılmışdı və bu da regional ölkələrə təsir göstərib. Hansı kollektiv şəkildə tədbirlər aparılmalıdır ki, bu cür çağırışa cavab verilsin və Azərbaycan Respublikası bu konteksdə hansı tədbirləri atmalıdır?” sualını verib.

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev jurnalistin “sualına” cavab verib.

Prezident əvvəlcə “sualı” aydınlaşdırmaq istəyib: "Siz terrorçu qruplar barədə “hesabatlar” dedikdə bəzi istinadlar vermisiniz. Siz dəqiqləşdirə bilərsiniz hansı “hesabatlar” barədə danışırsınız?"

Daha sonra Prezident mikrofonun həmin “jurnalist”ə ötürülməsini istəyib.

Jurnalist isə deyib: “Biz bəzi “hesabatlar”da, regional xəbər agentliklərindən bunu eşitmişik. İcazə versəniz, mən onları söyləməzdim”.

Daha sonra çıxış edən Prezident İlham Əliyev deyib ki, “sizin “sualınız” bir növ ittihama bənzəyir. Ona görə mən bilmək istəyirəm, hansı “hesabatlar”a istinad edirsiniz? Çünki bəzi hesabatlar sözünü hamı deyə bilər. Siz mənə mənbə verə bilərsiniz? Heç olmasa, bir mənbə”.

Jurnalist daha sonra Prezident İlham Əliyevin ona ünvanladığı sualdan boyun qaçıraraq, Prezidentdən növbəti sualına cavab verməyi xahiş edib.