"Füzuli beynəlxalq hava limanı karqo daşınması nəticəsində bölgənin inkişafına daha çox töhfə verəcək”. "Füzuli beynəlxalq hava limanı karqo daşınması nəticəsində bölgənin inkişafına daha çox töhfə verəcək”.

Mehmet Ali Dim: “Ermənistan sülhü təmin etməyə yox, yıxmağa, dağıtmağa gəlmişdi” - VİDEO

"Füzuli beynəlxalq hava limanı karqo daşınması nəticəsində bölgənin inkişafına daha çox töhfə verəcək”.

“Burada hava limanı tikmək yol çəkməkdən daha asandır. Bu bölgə hava körpüsü vasitəsilə dünyaya açılacaq. Füzuli beynəlxalq hava limanı karqo daşınması nəticəsində bölgənin inkişafına daha çox töhfə verəcək”.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim deyib.

Füzulidə vəziyyətlə tanış olandan sonra sualları cavablandıran təşkilat rəhbəri bildirib ki, son 4 ayda, yəni noyabrın 10-dan sonrakı müddətdə ikinci dəfədir Qarabağa səfər edirlər: “Dekabr ayında da Ermənistanın işğalından azad olunmuş bu bölgəyə əcnəbi jurnalistləri gətirmişdik. Türkiyədə işləyən və bizim təşkilatda təmsil olunan, həmçinin çox önəmli, dünyada tanınan media qurumlarının nümayəndələrini ilk olaraq bura gətirmişdik. Bu dəfə isə başqa qrupu gətirdik. Ümumilikdə iki dəfə 30-a yaxın əcnəbi jurnalisti bura gətirmişik".

O, Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi geniş mətbuat konfransına da toxunaraq dövlət başçısının bir neçə dildə danışa bilməsini təqdirəlayiq saydığını vurğulayıb: “Prezident İlham Əliyev böyük səbirlə dörd saatdan çox bütün sualları cavablandırıb. Doğrudan da, təqdirəlayiq haldır. Azərbaycan xalqı nə qədər fəxr etsə də, azdır. Çünki dövlətin başçısı əcnəbi jurnalistlərə onların dilində xitab edir. Bu, böyük üstünlükdür. İnşallah, 44 günlük müharibədəki eyni uğuru Qarabağın bərpasında da göstərəcək”.

Qlobal Jurnalistlər Şurasının sədri bildirib ki, Ermənistanın işğalçı qüvvələr bölgənin üzüm bağlarını da yerləyeksan edib: “Qarabağın məşhur üzüm bağları, dünyada tanınan məşhur çaxırları var. Amma işğalçılar üzüm bağlarını belə məhv ediblər, dirəkləri, məftilləri söküblər. Bura Ermənistan sülhü, dostluğu və birgəyaşayışı təmin etməyə yox, yıxmağa, dağıtmağa gəlmişdi”.

Mehmet Ali Dim deyib ki, Azərbaycan dövlətinin vaxt itirmədən bərpa, yenidənqurma və abadlıq işlərinə başlaması sevindirici haldır: “Bu gün tikintisi davam edən hava limanı bu bölgənin inkişafı üçün böyük önəm kəsb edir, inkişaf katalizatoru olacaq. Çünki bura quru kommunikasiyanın çətin olduğu yerdir. Türkiyə olaraq 44 günlük müharibə dövründə olduğu kimi, bu gün də Qarabağın bərpası, yenidənqurması və abadlığında qardaş Azərbaycanın yanında, arxasındayıq. Bu bizim Qarabağa ikinci gəlişimiz ola bilər, amma biz burada dayanmayacağıq, üçüncü, dördüncü, beşinci dəfə və s. səfərimiz olacaq. Biz onsuz da ilyarım öncə də dövlət başçılarının qatıldığı Türk Şurasının toplantısında da iştirak etmişdik. Biz bura davamlı gəlirik, çünki bizim Azərbaycanda qardaşlarımız, həmçinin təmsilçimiz və qurucumuz var. Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı Azərbaycanda bizim sağ əlimiz, qolumuzdur. Şübhəsiz, bundan sonra da dəstəyimizi davam etdirəcəyik”.

Qeyd edək ki, Qlobal Jurnalistlər Şurası Azərbaycan da daxil olmaqla, 40 ölkədə nümayəndəliyi olan və mərkəzi qərargahı Türkiyədə yerləşən jurnalistika sahəsi üzrə ixtisaslaşmış beynəlxalq təşkilatıdır.