Ordu nazirinin Vətən müharibəsindəki qələbədən sonra ilk müsahibəsi Ordu nazirinin Vətən müharibəsindəki qələbədən sonra ilk müsahibəsi

MİR ŞAHİNİN VAXTI - Müdafiə naziri Zakir Həsənovla müsahibə - VİDEO

Ordu nazirinin Vətən müharibəsindəki qələbədən sonra ilk müsahibəsi

Müdafiə naziri Zakir Həsənov REAL TV-yə geniş müsahibə verib. Bu, Zakir Həsənovun Vətən müharibəsindəki qələbədən sonra ilk müsahibəsidir.

Aznews.az həmin müsahibəni təqdim edir:

- Cənab nazir, təbrik edirəm Sizi.

- Sağ olun.

- Azərbaycan Silahlı Qüvvələrinin Günü və əsl bayram münasibətilə.

- Çox sağ olun. Mən də istəyirəm, təbrik edim. İlk növbədə müzəffər Ali Baş Komandan başda olmaqla, qəhrəman Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bizim qəhrəman şəhidlərimizin ailələrini təbrik etmək istəyirəm. Bizim qəhrəman qazilərimizi təbrik etmək istəyirəm, onlara can sağlığı arzu edirəm. Veteranlarımızı təbrik etmək istəyirəm. Mən qəhrəman Azərbaycan əsgərini, zabitini, generalını təbrik etmək istəyirəm. Onlara can sağlığı və xidmətlərində uğurlar arzulayıram.

- Cənab nazir, Azərbaycan Ordusu müharibədə öz gücünü göstərdi. Amma mən istərdim ki, bir az detallara gedək. Necə başladı müharibə?

- Mən bu suala bir az ətraflı cavab vermək istəyirəm. Ona görə ki, vətən müharibəsindən öncə hərbi-siyasi vəziyyət artıq onu göstərirdi ki, Ermənistan destruktiv mövqe tutaraq bu məsələni müharibə yoluna gətirir. Düzdür, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı birmənalı şəkildə bütün beynəlxalq qurumlarda çıxış edərək bəyan edirdi ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Nəyin bahasına olursa olsun. Diplomatik və digər yollarla. Ancaq ərazi bütövlüyü bərpa olunmalıdır. Əgər son illər möhtərəm cənab Prezidentin çıxışlarını diqqətlə izləyirsinizsə, Prezident çıxışlarında qeyd edirdi ki, artıq beynəlxalq kanallar işləmir və ön xəttə güc amili çıxır, biz bundan da istifadə edəcəyik. Və cənab Prezidentin çox uğurlu ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu regionun güclü ordularından birinə çevrildi. Və mən deyim ki, ən müsair texnika, silah, ən müasir döyüş üsulları, ən son müharibələrin təcrübəsi öyrənildi və bilirsiniz ki, Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Ordusu yüksək vəviyyədə əməliyyatları həyata keçirdi və Ali Baş Komandanın rəhbərliyi ilə düşməni müharibədə darmadağın etdi. Düşmən kapitulyasiyaya imza atdı. Əgər siz ümumiyyətlə tarixə baxsanız, son illər dünyada belə bir hadisə olmamışdı.

- Müharibənin başlanması… Saat neçə idi? Bu xırdalıqları bilmək istəyirəm. Necə qəbul etdiniz? Bu xəbəri necə aldınız?

- Aydındır. Düşmən ümumiyyətlə öz təxribatı ilə, öz çıxışları ilə onu göstərmək istəyirdi ki, onların işğalı dayanmayacaq. Mən demək istəyirəm ki, bu müharibədən bir neçə ay qabaq. Ermənistanın keçmiş müdafiə naziri Tonoyan Amerikada diasporun qarşısında çıxış edərək bəyan edirdi ki, Ermənistan yeni bir hərbi doktrina qəbul edib. Və bu doktrinaya uyğun olaraq Ermənistan yeni torpaqları işğal edəcək. Bunu açıq şəkildə elan etmişdilər. Və gərginlik artıq göstərirdi ki, nəyə hazırlaşmaq lazımdır və iş nəyə gedir. Ona görə də ümumiyyətlə bizim kəşfiyyat, xüsusi xidmət orqanları müxtəlif məlumatlar əldə edirdi və biz bilirdik ki, bunlar təxribata hazırlaşırlar, təxribatlara yol verəcəklər və verməyə başladılar da. Bilirsiniz ki, Tovuz hadisələri oldu, sonra diversiya qrupunun üzvü tutuldu. Yəni bütün bu işlər artıq onu göstərirdi ki, biz nəyə hazır olmalıyıq. Və biz bunu bilirdik, təxmini bilirdik. Ona görə ki, analiz olunurdu ki, bu vəziyyət, kəşfiyyatın məlumatları. Və biz bütün bu məsələləri təbii ki, məruzə edirdik. Bununla yanaşı gəstərişlər verilmişdi ki, çox diqqətli olmaq lazımdır və ordunun hərəkəti və digər məsələlər… Ayın 27-də təxminən saat 5-i keçmişdi, mənə məruzə olundu ki, düşmən intensiv şəkildə bizim mövqelərimizi və cəbhəboyu kəndləri atəşə tutur. Təbii ki, mən dərhal iş yerimə gəldim, burada müvafiq tapşırıqlar verdim və saat 6 radələrində bunlar artıq ağır artilleriyadan atəş açmağa başladılar. Bilirsiniz ki, bizim itkilərimiz də oldu. Mən dərhal Ali Baş Komandana məruzə etdim və Ali Baş Komandandan müvafiq tapşırıqları aldım və “Dəmir yumruq” əməliyyatını həyata keçirilməsinə, əks hücuma keçməyə göstəriş aldım. Müvafiq tapşırıqlarla Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatına başladı.

- Biz Sizinlə müxtəlif vaxtalarda təlimlərdə iştirak etmişik. Yəni Azərbaycan Silahlı Qüvvələrinin, döyüşçülərimizin döyüş hazırlığı ilə maraqlanmışıq. Hətta elə təlimlər olub ki, biz 6-8 saat o təlimləri müşahidə etmişik. Aprel döyüşlərini izləyən jurnalistlərdən biriyəm. Mənim üçün çox maraqlıdır 44 günlük müharibədə Azərbaycan döyüşçüsü əsl döyüşdə, böyükmiqyaslı döyüşdə özünü necə göstərdi?

- Möhtərəm cənab Prezident tərəfindən Azərbaycan Ordusunda keçirilən islahatlar, Azərbaycan Ordusunun silahlanması, gecə-gündüz təlimləri, hətta mən burada biz məsələyə də toxunmaq istəyirəm ki, bilirsiniz ki, Azərbaycan zabitinin, Azərbaycan Ordusunun döyüş hazırlığında Türkiyə Silahlı Qüvvələrinin böyük rolu var. Bizim çoxsaylı zabitlərimiz Türkiyənin hərbi məktəblərində təhsil alıblar, bizim əsgərlərimiz, zabitlərimiz Türkiyənin təlim mərkəzlərində təlim keçiblər. Yəni bunların hamısının nəticəsi olaraq Azərbaycan Ordusunun hissə və birləşmələri, yəni Azərbaycan əsgəri, zabiti döyüşlərdə yüksək peşəkarlıq nümayiş etdirdi, yüksək vətənpərvərlik nümayiş etdirdi və biz nəticəsini bilirik. Bu gün bütün dünya Azərbaycanın, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə həyata keçirilən əməliyyatları dərindən öyrənir. Bizə çoxsaylı mütraciətlər var. Təbii ki, məxfiliyi nəzərə alaraq biz öz yaxın dostlarımıza təcrübələri bölüşməyə hazırıq. Mən burada demək istəyirəm ki, Ermənilərin əsas ümidi bunların bu yaradılmış istehkam qurğularına idi. Ön xəttə yaradılmışdı, hətta onlara müxtəlif adlar da verilirdi. Ona görə də xüsusi qeyd etmək istəyirəm ki, bu ön xəttin yarılmasında, minalanmış əraziləri keçməsində bizim hərbçilərin, əsgərlərin qəhrəmanlığı, yüksək səviyyədə peşəkarlığı böyük rol oynadı. Bizim ordu korpuslarının həmlə taborları, kəşfiyyat taborları tank taborları qısa bir müddətdə çoxsaylı istiqamətdə düşmənin ön xəttini yardı. Hətta mən deyim ki, burada bu hərəkətlər, bu sürət, bu yüksək peşəkarlıq Ermənistan ordusunda şok yaratdı. Biz bunu da hiss edirdik. Və sürətli hücum bizim gələcək qələbəmizin təməlini qoydu.

Bir məsələyə toxunmaq istəyirəm. Bütün dünyada, bütün ordularda döyüş sənədlərində hansı şəraitdə döyüş aparmağın daha çətin olduğu qeyd olunur. Və praktika eynidir. Onlardan bir neçəsini mən sizə misal çəkim və görəcəksiniz ki, çox çətin şəraitdə Azərbaycan Ordusu döyüşlər aparıb, döyüşüb. 30 ildir bunlar burada böyük pul sərf edib betondan tutmuş müxtəlif üsullardan istifadə edərək bir sədd yaratmışdılar. Və buna çox ümid bəsləyirdilər. Görəndə ki, qısa bir müddətdə qəhrəman Azərbaycan əsgəri peşəkarlıqla, sürətlə bu ön xətti yardı və hücuma keçdi və hücumun sürrəti çox yüksəkdir. Təbii ki, bu düşməni sarsıtdı və qələbənin təməlini qoydu.

- Bu sualı həm də ona görə verdim ki, bəzi ağzıgöyçəklər müxtəlif platformalarda Azərbaycan döyüşçüsünün sanki fəaliyyətini, yüksək döyüş qabiliyyətini arxa plana atmaqdan ötrü daha çox dronları, müasir döyüş avadanlıqlarını qabardırlar. Və haqlı olaraq Ali Baş Komandandan bir sitat da gətirim ki, bütün hallarda bayrağı zirvəyə taxan döyüşçüdür, əsgərdir.

- Sizinlə tam razıyam. Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətinə yüksək qiymət verir. Biz minnətdarıq və həmişə də, müharibə vaxtı da, müharibədən sonra da şəxsi heyət Ali Baş Komandanın diqqət və qayğısını hiss edir. Bununla yanaşı mən demək istəyirəm ki, niyə belə şərait yarana bilər. Ona görə ki, döyüşlər vaxtı həm əməliyyatları məxfi saxlamaq, həm əməliyyatların gedişi o qədər sürətlə idi ki, biz əməliyyatları çəkmirdik. Yəni ictimaiyyətə əsas məlumat, məlumatların bir qismi daxil olurdu, dronlardan nə çəkilirdi onu verirdik. Çüki həmin vaxt müharibə gedirdi və biz təbii olaraq bunu verə bilməzdik. Bəli, Azərbaycan Ordusu ən müasir silahlarla təchiz olunmuşdu. Biz bunu deyirdik. Xatırlayırsınızsa, biz keçən görüşlərdə də xüsusi qeyd edirdik ki, cənab Prezidentin tələbi ondan ibarətdir ki, ən müasir, dünyada ən müasir silah varsa, o Azərbaycan Ordusunda olmalıdır. Bir məsələyə xüsusi olaraq toxunmaq istəyirəm. Bilirsiniz, silah alınması elə də asan bir şey deyil. Pulun var, getdin silah aldın. Qəti… Burada düzgün xarici siyasət olmalıdır. Möhtərəm cənab Prezidentin düzgün xarici siyasəti nəticəsində Azərbaycan, təbii ki, Azərbaycan Ordusu, Azərbaycan Silahlı Qüvvələri ən müasir silah əldə edə bilib. Bu, çox önəmli məsələdir. Mən istəyirdim ki, bunu biləsiniz. O ki qaldı dronların istifadəsinə, balaca məlumat verim. Əsas məsələ dronun ərazidə hərəkət etməsi, zərbələr endirə bilməsi və oradan çıxmasıdır. Özü də vurulmadan. Bu zaman drona 5 qoşun növü dəstək olur. Mən indi burada təbii ki, hər şeyi danışa bilmirəm. Yəni o dronu idarə edənin də naliyyətidir, amma bütün o əməliyyatda iştirak edən mütəxəssislər, müasir avadanlıq nəticəsində o fəaliyyətini təşkil edə bilib. İstəyirəm məni düzgün başa düşəsiniz ki, ordunun bütün qurumları, ordunun bütün avadanlıqları tam şəkildə müharibədə istifadə olunmuşdur. Təbii ki, vəzifəsinə görə, tapşırığa görə və digər məsələlər nəzərə almaqla.

- Bəs bizim milli müdafiə sənayemizin məhsulları bu sınaqdan necə çıxdı?

- Mən dəfələrlə çıxış etmişəm, demişəm ki, ilk növbədə bu çox düzgün bir qərar idi. Məsələn, müharibə başlayan kimi bəzi dövlətlər ikili standartlar tətbiq etdi. Çalışdılar ki, bizim silah-sursatla təminatımıza problem yaratsınlar. Ancaq möhtərəm cənab Prezidentin düzgün xarici siyasəti nəticəsində və daxili siyasəti nəticəsində vaxtında nazirlik yaradıldı və onlar bizi sursatla, mərmilərlə təmin etməyə başladı. Artıq bizdə bu çətinlik yaranmadı.

- Biz düşmənin də məğlubiyyətinin səbəblərindən də danışaq. Bir halda ki, özümüzün qələbəmizin səbələrini belə detallı izah edirik. Azərbaycan Respublikası Müdafiə naziri olaraq Ermənistanın məğlubiyyətinin əsas səbəbini Siz nədə görürsünüz?

- Bilirsiniz, mən məlumatlar alıram, onlar orada çıxış edirlər, onların hərbi rəhbərliyi çıxış edir, deyir ki, bəzi işləri gözləmirdilər, bəzi şeyləri bilmirdilər. Bu, qəbuledilməzdir. Necə yəni? Hər bir hərbi rəhbər qüvvələrin nisbi hesabatını bilməlidir. Hər gün biz bunu dəqiqləşdiririk. Elə bu gün də. Və hər gün biz buna aid qərarlarımızı qəbul edirik. Yəni müxtəlif yollarla - kəşfiyyat yolu ilə və digər yollarla biz bu məlumatı əldə edirik. Bu əsas məqamlardan biridir. Siz müharibə şəraitində olduğunuz dövlətin vəziyyətini bilmirsiniz? Bu bağışlanmayan bir məsələdir. İkinci məsələ öz qüvvələrinin düzgün qiymətləndirilməsi. Bunda da problemlər olub. Açığını deyim ki, müharibənin 7-ci günü mən artıq hiss etdim ki, Ermənistanın hərbi rəhbərliyi artıq idarəçiliyi itirir. Ordu rəhbərliyində idarəçilik itirilir. İdarəçilik böyük bir anlamdır və əsas məqamlardan biridir. Mən sizə deyim ki, əgər maraqlansanız, bütün dünyanın ordularının hərbi kitablarında, hərbi nizamnamələrində, sənədlərində idarəçilik əsas məqamlardan biridir. Bunun üçün böyük pullar xərclənir, bunun üçün böyük avadanlıqlar alınır, proqramlar yazılır, bu komanda kontrol səviyyəsinə qaldırlır. Bunu Azərbaycan Ordusu etdi. Keçə görüşlərdə mən bunu deyirdim. Təbii ki, burada rəhbərlərin, idarə edənlərin, idarəni bir nazir etmir, idarə edir məntəqələr, qərargahlar və s. Bilik bacarıq və idarəçilik operativ, dayaqlı, təhlükəsiz olmalıdır ki, heç kim müdaxilə edib dinləməsin və. s. Çox məqamlar var. Bu müharibə göstərdi ki, Azərbaycan Ordusu, Azərbaycan Silahlı Qüvvələrinin idarəçiliyi ən müasir səviyyədə qurulub, yüksək səviyyədə, operativ qoşunları, hissə və birləşmələri döyüşdə idarə etmək imkanı var idi. Deyim ki, mən bütün döyüş meydanlarını, döyüş meydanlarında nə baş verirdi ekranda görürdüm. Sizə deyim ki, Ali Baş Komandan, möhtərəm cənab Prezident bütün bunları şəxsən hər dəqiqə izləyirdi. Onun da buna imkanı var idi və öz tapşırıq və tövsüyyələrini verirdi və biz bunu icra edirdik.

- Siz bir neçə dəfə qeyd etdiniz ki, səriştəsizlik var idi, hərbi əməliyyatların idarə olunmasında düşmən tərəfdə pərakəndəlik hökm sürürdü. Mən oradan-buradan eşitdiyim məlumata görə onların hərbi əməliyyatlarına hətta kənarda müdaxilələr olurdu. Sizdə də belə bir məlumat var?

- Mən məlumat haqqında deməyəcəyəm, ancaq bəzi hallarda əməliyyatların keçirilməsində belə bir qaranlıq məsələlər var idi. Məndə fikir yaranırdı ki, bunu təşkil edən hərbçi deyil. Yəni hərbçi belə bir üsula əl atmaz. Misal çəkim, döyüşlər vaxtı belə bir şeylə qarşılaşdıq. Komandir mənə məruzə edir ki, cənab nazir hücum. Təbii ki, hücumun istiqamətini deyir. Düşmən hansı qüvvə ilə hücuma keçir… Öz qərarını deyir. Mən bu qərarı ya təsdiq etməliyəm, ya da öz tövsiyələrimi verməliyəm, ya da bu məndə əlavə dəstək istəyir, mənim tabeçiliyimdə olan artilleriyadan, aviasiyadan. Səsinə görə komandirdən soruşdum ki, nəsə birtəhər məruzə edirsən, Nə məsələdir? Deyir, nəsə qaranlıq bir məsələdir. Doğurdan da mənim köməkçilərim həmin o hücumu xəritəyə çəkirlər, mən də yaxınlaşmışam, baxıram ki, mən gərək düşmənin niyyətini bilim ki, əks tədbir görüm. Baxıram ki, bu mənasız bir hücumdur.

- Necə mənasız?

- Mənasız, yersiz hücumdur. Yəni ki, bu hücum bunlara heç nə vermir bu istiqamətdə. Ona görə də mən çıxdım ərazidə danışam, mənə məruzə etdilər ki, həmin vaxt mənim müavinim general Kərim Vəliyev ərazidədir. Dedim ki, birləşdirin onu mənimlə. Danışdım general Vəliyevlə, deyirəm nədir? Deyir, bunlar hücumun təşkilində çox qərarsızdılar. Hücumun nə artilleriya dəstəyi var, nə aviasiya dəstəyi var, cinahlar açıq, məqsəd aydın deyil. Deyir biz gözləyirik. Biz artıq hazırlığımızı görmüdük, artilleriyanın tapşırıqları var idi. Bunlar atəş altına girən kimi artilleriya bunları məhv edəcəkdi. Üstündən bir neçə dəqiqə keçdi, mənə məruzə etdilər ki, düşmən hücumu dayandırdı, bütün texnikanı, tankları, döyüş maşınlarını qoyub qaçdılar. Axırda bir-ikisi maşına mindilər, çıxdılar. Yəni belə şeylər olurdu. Ona görə də məndə elə fikir yaranıb ki, yəqin ki burada kimsə müdaxilə edibdir. Ya da belə bir missal çəkim.

- Yəni kimsə müdaxilə edib, ola bilər hərbiyə aidiyyatı olmayan kimsə müdaxilə edib.

- Mən bilmədiyim şeyi demərəm.

- Çünki gəlib elə onları qoydular, çıxıb getdilər.

- Bir misal da çəkim. Mənə zəng edib dedilər ki, Paşinyan çıxış edərək deyib ki, erməni silahlı qüvvələri Cəbrayıldadır. Mən dedim, necə yəni Cəbrayıldadır? Mən indi general Bərxudarovla Cəbrayıldan danışıram. Yəni öz xalqını aldadırdılar. Təbii ki, biz hər bir məlumatdan nəsə nəticə əldə edirik. Mən dərhal göstəriş verdim, Bərxudarov Cəbrayılı əhatə edən yüksəkliklərdə mövqelərini gücləndirdi və məruzə etdi ki, filan istiqamətdən düşmənin hücumu gözlənilir, biz orada görürük ki, cəmləşirlər. Düzdür, məruzəsində dedi ki, hücuma hazırlaşan qüvvə çox azdır. Düzdü, mən o vaxt dedim ki, bəlkə bunlar döyüş kəşfiyyatı aparmaq istəyirlər, belə bir üsul var. Dedi ki, məruzə edərəm. Biz öz kəşfiyyatımızı da bu işə cəlb etdik və gördük ki, doğrudan da az bir qüvvə ilə onlar heç hücuma keçə bilmədilər. Bizim artilleriya onları hamısını yerindəcə məhv etdi. Mən fikirləşirəm ki, yəqin bu hərbçilərə tapşırıq verib ki, gedin nəyin bahasına olursa olsun o şəhəri alın. Bunların da imkanları yox idi. Bunlar da belə bir hücumun imitasiyasını həyata keçirmişdilər. Yəni belə şeylər çox olurdu, hamısını burada danışmağa lüzum görmürəm.

- Azərbaycan Respublikasının Ali Baş Komandanı və müdafiə nazirinin fəaliyyəti o dövrdə, müharibənin gedişində, təbii ki, nəyi demək olar, o səviyyədə soruşmaq istəyirəm Sizdən. Olarmı cavablandırasınız?

- Olar. Əgər Siz diqqətlə qulaq asdınızsa, möhtərəm cənab prezident özü bunun haqqında məlumat vermişdi. İlk növbədə mən demək istəyirəm ki, ümumiyyətlə müharibədə Ali Baş Komandanın rəhbərliyi ilə bütün Azərbaycan, xalqı, bütün dövlət, bütün dövlət qurumları, bütün nazirliklər, hökumət iştirak edirdi. Müxtəlif vəzifələri, Ali Baş Komandanın tapşırıqlarını yerinə yetirirdi. Mən bunu bilirəm. Düzdü, öz sahəm üzrə məşğul idim. Ancaq bilirəm ki, bütün nazirlər… Onu da deyəcəm. O ki qaldı silahlı qüvvələrə, hər gün Ali Baş Komandan səhərdən vaxtını müəyyən edirdi silahlı qüvvələrin rəhbərləri Ali Baş Komandanın qəbulunda olurdular və məruzələrini edirdilər öz vəzifələrinə aid. Müdafiə naziri, daxili işlər naziri, xüsusi xidmət orqanları - Dövlət Təhlükəsiz Xidməti, həm də Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri, Dövlət Sərhəd Xidmətinin rəisi… Hərəsi öz vəzifəsinə uyğun məruzələrini edirdi. Əməliyyatları məruzə edirdik, cənab Prezident tapşırıqlarını verirdi, baxıb düzəlişlər edirdi, ya təsdiqləyirdi, ya göstərişlər verirdi. Yəni bu işçi qaydada belə həyata keçirilirdi. Həm də axşam. Gün ərzində olurdu ki, təcili olanda qəbul edirdi, ya da biz telefonla məruzə edirdik. Sizə dedim, Azərbaycan Ordusunda, Azərbaycan Silahlı Qüvvələrində müasir idarəetmə sistemi qurulub. Ali Baş Komandanın qarşısında bütün döyüşlər göz qabağında keçirdi və dərhal nəsə düzəliş lazım olanda o, tapşırıqlarını verirdi və biz də onu icra etməyə çalışırdıq və icra edirdik.

- Müharibədən sonra aparılan analiz nəticəsində nələr üzə çıxdı?Gələcəkdə Ordumuzun daha uğurlu döyüşməsi üçün istər taktiki, istər strateji yeniliklər…

- Mən bu suala belə cavab verərdim. Artıq bu tapşırığı bir neçə ay bundan qabaq möhtərəm cənab Prezident tərəfindən almışdıq. Müharibənin hər bir gününü, hər bir əməliyyatı təzədən təhlil edərək bir sənəd hazırlamışıq. Artıq yekunlaşdırırıq. Söhbət hər bir qoşun növü, hər bir günün taktikası, hər bir günün nəticəsi, hər bir silahın tətbiqi və onda olan nöqsanlardan gedir. Elə məsələlər də var idi. Bu da təbiidir. Bilirsiniz ki, döyüşlər gedən vaxt bəzi ləngimələr də olmuşdu. Cənab Prezident tam haqlı olaraq, hətta özü də gəldi idarəetmə məntəqəsinə, bəzi komandirlərə iradlar tutdu, tapşırıqlarını verdi və xəbərdarlıq elədi.

- Yeri gəlmişkən, bu, Cənab Ali Baş Komandanın ilk sərt müşavirəsi idi.

- Bəli, bəli. Və sonra tədbirini də gördü. Yəni, mən demək istəyirəm ki, biz hər bir məsələni təhlil edirik, nəticələri sənədləşdiririk və bu nöqsanların aradan qaldırılması üçün hansı işlər görməliyiksə, onları sənədləşdiririk, planlaşdırırıq. Bir neçə məsələdə artıq belə deyək, tədbirlər görməyə başlamışıq. Təbii ki, mən onları deyə bilmərəm. Bunlar sirdir. Ancaq, bununla yanaşı, möhtərəm cənab Prezident də çıxışlarının birində bunu dedi, bizə rəsmi şəkildə tapşırıq verib. Biz Azərbaycan ordusunun türk silahlı qüvvələrinin modelinə uyğunlaşdırılması istiqamətində artıq xeyli iş görmüşük.

- Və elə burda da mən gəlmək istəyirəm Şuşa bəyannaməsinin üzərinə. Mən Şuşa haqqında ayrıca soruşacam. Bəyannamə bizim - Azərbaycan Silahlı Qüvvələrinin tarixinin, yəqin ki, ən şərəfli səhifəsidir. Biz o əməliyyatdan danışacağıq. Amma bir halda ki, Türkiyə-Azərbaycan silahlı qüvvələrinin inteqrasiyasından, hansısa bir şəkildə, daha çox əməkdaşlıq etməsindən danışırıq, onda mən mütləq soruşmalıyam. Azərbaycan və Türkiyə silahlı qüvvələrinin inteqrasiyasını siz necə görürsüz, ümumiyyətlə, bu prosesin gedişi barədə danışardız.

- Ümumiyyətlə, çox mühim tarixi bir sənəddir. Qars müqaviləsindən 100 il sonra – 21-ci ildə imzalanması da tarixi bir məqamdır. Yəni ki, bu, sənəddə də göstərilir, Qars müqaviləsinin şərtlərinə uyğun olaraq. Mən demək istəyirəm ki, bu Bəyannamədə hərbi əməkdaşlıq bir millət, iki dövlətin iki ordusunun yüksək səviyyədə inteqrasiya etdiyinə işarə edir. Azərbaycan ordusu ilə Türkiyə silahlı qüvvələrinin əməkdaşlığı yüksək səviyyədə idi. Müxtəlif sənədlər var idi. Qanunlar qəbul olunmuşdu. Ancaq bu sənəd artıq ən yüksək səviyyədə iki ordunun inteqrasiyasının göstəricisidir. Və artıq bütün əməliyyat planlarının uyğunlaşdırılması, birgə fəaliyyət – bunların hamısı sənəddə göstərilib.

- Ən populyar söhbətlərdən biri müharibənin gedişində və müharibə ərəfəsində Türkiyənin Azərbaycana dəstək verməsi mövzusu oldu. Və biz, təbii ki, bu mövzuya toxunuruq. Bu dəstək nə dəstəkdir belə? Türkiyənin mənəvi dəstəyi, siyasi dəstəyi aydındır. Hərbi dəstək deyəndə nə nəzərdə tutulur?

- Hərbi dəstəkdən danışaq. Mən müxtəlif söhbətlər eşidirəm. Bilirsiz, mülki dillə desək, müharibə silahlı qüvvələr üçün bir imtahandır. Biz imtahanı verdik. Ancaq bizi imtahana türk silahlı qüvvələri hazırlayırdı. Bizim zabitlər orda hərbi təhsil alırdılar. Bizim hissə və birləşmələr orda təlimlər keçirdilər. Və siz əgər xatırlayırsınızsa, möhtərəm cənab Prezident keçən il hərbi əməkdaşlıq barədə çıxışında dedi ki, təkcə, 2019-cu ildə 13 irimiqyaslı birgə təlimlər keçirilib. Bu təlimlər niyə keçirildi?!. Burada türk silahlı qüvvələri zabitlərin hazırlığını, bizim hərbi birləşmələrin döyüş hazırlığını daha yüksək səviyyəyə qaldırmaq üçün bizə dəstək olurdular, təlimlər keçirdilər, hətta, belə üsul var idi ki, qurumlar taborlarla birlikdə Türkiyəyə göndərilirdi, orada Türkiyə Silahlı Qüvvələrinin təlim mərkəzində təlim keçirdilər. Yəni, türk silahlı qüvvələrinin mütəxəsisləri ... Ona görə bilin ki, orduda minlərlə peşələr var. Ona görə də bunların hazırlığı çox önəmlidir. Döyüş hazırlığı, mənəvi-pxisoloji hazırlıq, təcrübə mübadiləsi. Bilirsiniz ki, türk silahlı qüvvələri dünyanın ən güclü silahlı qüvvələrindən biridir və bu, bizim şansımızdır. Dilimiz, dinimiz, kökümüz eynidir və biz bundan bəhrələnirik. NATO-nun ən güclü ordularından biridir. Suriya və digər dövlətlərdə uğurlu əməliyyatlar keçiriblər. Mən keçən dəfə də yadınızdadırsa, deyirdim ki, biz bu təcrübədən bəhrələnirik, öyrənirik. Və, təbii ki, müharibə hazırlığında türk silahlı qüvvələrinin dəstəyi əvəzsizdir.

- Bəs Pakistan?

- Deyim ki, bizə yaxın olan dövlətlərdən biri də Pakistan İslam Respublikasıdır. Bizim onlarla yaxşı hərbi əməkdaşlığımız var, həm təhsil sahəsində, həm texniki sahədə. Mən özüm də bir neçə dəfə Pakistanda olmuşam. Orada parada getmişdim. Kaş görərdiz ki, Pakistan xalqı Azərbaycan xalqının nümayəndəsini necə dəstəkləyir, qarşılayır. Çox yüksək səviyyədə. Hətta, Azərbaycan dilində diktor “Can, Azərbaycan” sözlərini ifadə etdi. Bilin ki, Pakistan xalqı Azərbaycan xalqına çox yaxın xalqdır, biz onlara qardaş xalq deyirik. Burada müharibə vaxtı və müharibədən sonra da həm şəhərlərdə, həm kəndlərdə möhtərəm cənab Prezident bunu xüsusi qeyd etdi ki, xalqımız Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, Pakistan bayraqlarını da ucaldırdılar. Azərbaycan xalqı. Bu, xalqın öz münasibətinin nümayişidir. Orda da biz bunu gördük. Hərbi əməkdaşlıq demişkən, bilirsiniz ki, bu yaxınlarda Pakistanın quru qoşunlarının komandanı general Bacva burada idi. Biz onunla çox səmərəli görüşlər keçirdik. Onu möhtərəm cənab Prezident qəbul etdi, əlaqələrimizdən danışdı, əməkdaşlığın istiqamətini necə gördüyümüzü ona çatdırdı. Bizim istəyimizi çatdırdı. Sizə deyim ki, general Bacva burada ola-ola artıq qərar qəbul etdi. Bir neçə məsələni mən deyə bilərəm. Təbii ki, bilirsiniz ki, Qarabağda minatəmizləmə məsələsi var. Həcm böyükdür. Biz çalışırıq. Türkiyə bu işdə bizə dəstək verir. Təbii ki, biz qardaş Pakistandan da bu dəstəyi gözləyirik və mən bilən bu məsələ həll olunub. Yaxın vaxtlarda onlar bizə dəstək olacaqlar. Çox məsələlər var. Misal üçün, bilirsiniz ki, Pakistan ordusunun dağlarda döyüş təcrübəsi çox yüksəkdir, bacarıqlıdırlar. Mən müharibəni demirəm. Ümumiyyətlə, bilin ki, ordu varsa, onun planları var. Lazım olanda istifadə edir. Ona görə də indi bizim əsas tərtiblənmiş yerlər dağlardır və biz, təbii ki, Pakistanın təcrübəsini, bilik və bacarıqlarını öyrənmək istəyirik, istifadə etmək istəyirik. Bir məsələyə də toxunum. Möhərəm cənab Prezidentin tapşırığı ilə 3 qardaş dövlətin birgə təlimləri keçirilməlidir. Artıq qərar qəbul olunub. Azərbaycanda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrin sentyabr ayında təlimləri gözlənilir. Biz buna hazırlığımızı görürük. Artıq ekspert qruplarının bir qismi Azərbaycandadır, təlimlərin keçiriləcəyi əraziləri yoxlayırlar və bizim hazırlığımızı yüksək qiymətləndirirlər.

- İnşallah. Cənab Nazir, biz indi söhbətimizin elə bir yerinə gəlib çatırıq ki, Şuşa əməliyyatından danışmaq, bu barədə qalib, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında silahlı qüvvələrimizin qələbəsini şərh edən cənab nazirin dilindən eşitmək istəyirəm. Şuşa əməliyyatı haqqında bir az ətraflı danışaq.

- Hər şeyi danışa bilməyəcəyik. Ona görə ki, əməliyyat indiyə kimi məxfidir. Ancaq bir neçə məsələyə toxunmaq istərdim. Cənab Prezident Şuşa əməliyyatının təşkilində bir neçə ciddi tapşırıqlar vermişdi. O tapşırıqların birini demək istəyirəm. Cənab Prezident, xüsusilə, tapşırdı ki, əməliyyatın planlaşdırılması və həyata keçirilməsində, nəzərə almaq lazımdır ki, Şuşa bizim mədəniyyət mərkəzimizdir. Yəni, burada bizim bir neçə çətinliyimiz var idi. Çətinlik ondan ibarət idi ki, birincisi, biz artilleriyadan güclü istifadə edə bilməyəcəkdik. Düzdü, biz Şuşa ətrafında olan Ermənistan qoşunlarını darmadağın etdik. Onlar həm canlı qüvvədə, həm texnikada çox böyük itki verdilər. Onların internetdə də şəkilləri var, meyitləri yol boyu səpələnib. Ora Laçın koridorudur. Onlara böyük zərbə endirildi. Onlar orada cəmləşdirilmişdilər, orada məhv edildilər. Yəni, biz öz doğma şəhərimizi artilleriya ilə vurmurduq. Bu da bizim üçün əməliyyatı keçirməkdə çətinlik yaradırdı. Xatırlayırsınızsa, həmin ərəfədə havalar da buludlu keçirdi. Ona görə Şuşa əməliyyatı zamanı biz pilotsuz uçuş aparatlarından da istifadə edə bilmədik və kəşfiyyat işinin də aparılmasında çətinlik var idi. Və biz, belə deyək, təyyarələrdən, helikopterlərdən də istifadə etmədik. Siz Şuşa əməliyyatı deyəndə Şuşanı nəzərdə tutursunuz. Ancaq Şuşa əməliyyatına təkcə Şuşa daxil deyildi. Əvvəlcə, ətraf bölgədə, sonra Şuşada əməliyyatlar keçirilməli idi. Biz artilleriya, aviasiya vasitəsi ilə ətrafda necə lazımdır iş gördük. Ancaq, təbii ki, mən sizə dediyim kimi, bu, bizim şəhər idi, bizim tarixi abidələr idi, ona görə də biz orada praktiki olaraq bu çətinliklə üzləşdik. Artilleriyadan istifadə etmədik, aviasiyadan istifadə etmədik. Bununla yanaşı, mən, xüsusilə, qeyd etmək istəyirəm ki, Şuşa əməliyyatında mən bütün qoşun növlərinin yüksək peşəkarlığını gördüm. İlk növbədə, onu deyim ki, biz indi mətbuatdan eşidirik. Amma onların adı çəkilmir. Onlar da istəyərlər ki, onların adı çəkilsin. Söhbət mühəndis qoşunlarından gedir. İstehkam-mühəndis qoşunları qısa bir müddətdə inanılmaz bir iş görmüşdülər. Hətta, mən mütəxəsislərlə danışıram. İndi ordan yol da çəkirlər. Onlar qəhrəmanlıq göstərmişdilər. Qısa bir müddətdə yol çəkdilər. Bu yol ermənilər üçün bir şok oldu. Onlar bizim Şuşaya hücum istiqamətimizi ayrı yerdən gözləyirdilər. Güclərini ayrı yerdə cəmləşdirmişdilər. Bizim mühəndis qoşunlarının qəhrəman əsgərləri və zabitləri qısa bir müddətdə yol çəkdilər. Bu birincisidir. Qəhrəman topçularımızdan demək istərdim. Yəni, hətta, böyük, hörmətli hərbi mütəxəsislər keçmiş kadrlara baxırlar və deyirlər ki, Zakir Paşa onlar tapança kimi atırlar. Yəni, top 60 kilometri, 30 kilometri dəqiqliklə vurur. Əgər belə hörmətli hərbçi bunu deyirsə, bu, yüksək qiymətdir. Mən gizlətmirəm. Türkiyənin müdafiə nazirinə böyük hörmətim var. O, çox təcrübəli, dünyada tanınmış bir hərbi mütəxəsisdir. Müharibədən sonra bir neçə kadrı göstərdik. Deyir ki, Zakir Paşa bu tapanca kimi vurur. Yəni tapanca dəqiqliyində. Yol çəkilmişdi, ancaq hava şəraiti yaxşı deyildi. Topçular bu palçığın içində ağır topları yüksək peşəkarlıq göstərib müxtəlif yerlərə çıxarmışdılar və Şuşa ətrafındakı erməni qoşunlarına zərbələr endirmişdilər. Kəşfiyyat birlikləri. Həmlə birlikləri. Və, təbii ki, bizim elitar qoşunlarımız – xüsusi təyinatlılar Şuşada əməliyyat keçirmişdilər. Yenə deyirəm ki, çox müraciətlər var. Əməliyyatla, onun təşkili ilə, planlaşdırılması ilə maraqlanırlar. Təbii ki, biz onu deyə bilmərik. Bu, məxfi bir məlumatdır. Bununla yanaşı, onu da deyim ki, Şuşa əməliyyatı, ümumiyyətlə, vətən müharibəsi Ali Baş Komandanın rəhbərliyi ilə torpaqların işğaldan azad olunması Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq.

- Dördüncü sənaye tranformasiyası dövründə yaşayırıq. Artıq yüksək texnologiyalar həyatımızın bütün sahələrinə nüfuz edib. Müharibə təcrübəsindən çıxış edərək silahlı qüvvələrimizdə hansı yeni qoşun növləri və birləşmələrin yaranmasını gözləyirsiniz?

- Yəni, bu da məxfi məlumatdır.

- Aha, ... ama gözləyirsiniz. Yəni var. Aydındır. Onda icazənizlə mən ... Şuşadan danışdınız, yadıma cənab Prezidentin Ağdam əməliyyatı barədə dedikləri düşdü. İstəyirəm elə bu barədə də danışaq. Burada sirr yoxdur. Ali Baş Komandanımız bu barədə danışıb.

- Erməni silahlı qüvvələri, erməni siyasi rəhbərliyi həmişə Azərbaycan ordusunun hücumunu Ağdam tərəfindən gözləyirdilər və bütün güclərini Ağdam ətrafında müdafiənin təşkilinə sərf etmişdilər.

- 97 min mina qoyublar ora. Ki, biz ora getməli idik.

- Minalardan da başqa, orada çox böyük əsgəri güc saxlayırlardılar. Bu da yenə də bunların hərbi rəhbərliyinin səriştəsizliyini göstərir. Biz də, təbii ki, bu məsələləri nəzərə almaqla əsas zərbə istiqamətimizi ayrı yerə yönəltdik, planlarımızı dəyişdik və döyüşlər nəticəsində, düzgün planlaşdırma nəticəsində, düzgün döyüşlər nəticəsində biz müharibə vaxtı gücümüzün bir hissəsi ilə Ermənistan ordusunun Ağdam istiqamətində yerləşən qüvvələrini blokladıq. Yəni, biz elə şərait yaratdıq ki, bunlar hərəkət edə bilmədilər. Nə də hansısa istiqamətdə dəstəyə gələ bilmədilər. Hətta, biz Şuşa əməliyyatı keçirəndə onlar artıq ora dəstəyə gələ bilmədilər. Bizim əməliyyatımızın həm Suqovuşandan, həm Xocavənd tərəfindən hərəkətimiz nəticəsində bu qruplaşma praktiki olaraq mühasirəyə düşmüşdü. Əgər müharibə bir neçə gün də davam etsə idi, ... Ermənilər də bunu yaxşı bilirdirlər. Bunlara artıq ruslar izah etdilər ki, onları nə gözləyir. Yəni, bir neçə gün sonra bütün bu qruplaşma tam mühasirəyə düşmüşdü. Praktiki olaraq mühasirədə idilər. Və biz artıq ... Mən tapşırıq vermişdim. Bütün toplarımızı, atəş-yaylım sistemlərimizi o ətrafa cəmləşdirirdik. Bir neçə gündən sonra hücum olmayacaqdı. Praktiki olaraq bütün o ərazi artilleriya ilə şumlanacaqdı. Oradan bir nəfər də olsa, salamat çıxmayacaqdı. Cənab Prezident bunu ətraflı demişdi. Ona görə də bunu başa düşüb onlar kapitulyasiyaya qol çəkdilər. İndi Cənab Prezident düz dedi ki, harada çəkdi biz bilmirik, ancaq çəkdi.

- Artıq müharibə başa çatıb. Artıq çağırışçılarımız ordu sıralarına çağırılırlar, tərxis olunanlar tərxis olunurlar. Və, eyni zamanda, belə bir söz var. Deyirlər ki, müharibə cəbhədə bitir, amma qazilərin yarasında sızlamaqla davam edir. Bu baxımdan Azərbaycan Müdafiə Nazirliyinin şəhid ailələrinə, qazi ailələrinə münasibəti barədə də soruşmaq istəyirəm. Bu gün vəziyyət necədir?

- Çox yaxşı sualdır. İlk növbədə onu deyim ki, Cənab Prezident və hörmətli birinci Vitse-Prezidentin diqqət və qayğısı nəticəsində böyük işlər görülüb və çalışırlar ki, qazilərin problemlərini həll etsinlər. Bilirsiniz ki, müxtəlif fondlar yaradıldı. Ən müasir avadanlıq gətirildi. Ən müasir protezlərlə təmin olunurlar. Daima ictimaiyyətə bu məlumatlar verilir. Qardaş Türkiyəyə müalicəyə göndərilirlər, bunların sosial müdafiəsi məsələləri həll olunur. Təbii ki, müdafiə nazirliyi də öz tərəfindən üzərinə düşən diqqət və qayğını göstərir. Bizim hərbi hissələrin nümayəndələri şəhid ailələri ilə görüşürlər, onlara mənəvi dəstək olurlar. Digər tərəfdən çalışırıq, belə deyək, tədbirlərə dəvət edək. Yəni ki, imkan dərəcəsində biz öz tərəfimizdən bunlara diqqət və qayğı göstəririk. Ancaq əsas diqqət və qayğını yüksək səviyyədə Azərbaycan dövləti göstərir və biz bunun şahidiyik.

- 44 günlük vətən müharibəsi həm də ümumxalq müharibəsi idi və mən cəbhə bölgələrində olarkən adi insanların Azərbaycan döyüşçüsünə, Azərbaycan hərbçisinə olan diqqətindən, qayğısından tutmuş, müxtəlif nazirliklərin, müxtəlif şirkət rəhbərlərinin də bu proseslərə öz qatqılarını verdiklərinin şahidi olmuşam. Azərbaycan döyüşçüsü, Azərbaycan silahlı qüvvələrinin, Azərbaycan hərbçisinin indi reaksiyasını bilmək istəyirəm. Siz bu dəstəyi necə hiss edirsiniz?

- Mən yenə deyirəm ki, müharibəni Azərbaycan xalqı udub. Müzəffər Ali Baş Komandan başda olmaqla. Azərbaycan dövləti, Azərbaycan hökuməti, Azərbaycan silahlı qüvvələri, ... Bütün xalqın ali baş komandanın ətrafında sıx birləşərək müharibəni aparması çox önəmli bir məsələ idi. Xalq yüksək vətənpərvərlik nümayiş etdirdi, bununla yanaşı, silahlı qüvvələrimizə imkanı dərəcəsində bütün dəstəyi verdi. Söhbət təkcə yardımdan getmir. Düzdü, kimin imkanı var çalışırdı, ... hətta, mənə məruzə edirdilər ki, onlar təhlükəli ərazilərə gəlib çıxırlar. Buna görə biz daxili işlər nazirliyi ilə birlikdə postlar qurmuşduq. İstəyirdilər ki, hansısa yolla dəstək olsunlar. Biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan əsgəri bunu daima hiss edirdi. Mən burada dövlətin və hökumətin də fəaliyyəti haqqında demək istəyirəm ki, bütün nazirliklər möhtərəm cənab Prezidentin tapşırığı ilə silahlı qüvvələrin fəaliyyətinə dəstək olmuşdular. Səhiyyə nazirliyi, rabitə və yüksək texnologiya nazirliyi, dövlət gömrük komitəsi, AZAL, bəlkə də, kiminsə adını çəkmədim, lakin bütün nazirliklər, möhtərəm cənab Prezidentin tapşırığı ilə, təsdiq etdiyi planla müharibədə iştirak edirdilər və Azərbaycan silahlı qüvvələrinə dəstək olurdular.

- Biz sizinlə çox geniş bir söhbət elədik. Və bu, yəqin ki, məndən ötrü həm də qürur, şərəf, vüqar söhbəti idi. Ona görə ki, biz sizinlə bütün müsahibələrimizi həmişə nə ilə bitirirdik, yadınızdadırsa?!. O gün olsun ki, Azərbaycan silahlı qüvvələri ərazi bütövlüyümüzü bərpa etsin. Biz sizinlə Şuşada müsahibə edək. Adətən, bunlar arzular idi, diləklər idi. Və artıq belə bir arzu yoxdur. Və bu, məndə, eyni zamanda, qəribə bir sual yaradır. Azərbaycan silahlı qüvvələrinin hədəfi Qarabağı azad etmək idi. Ətraf rayonları işğaldan qurtarmaq idi. İndi artıq bu hədəfə çatılıb. Azərbaycan ordusunun indi həmişə olduğu kimi yüksək formada olması üçün, müasir standarlara cavab verməsi üçün, yəqin ki, yeni çağırış yaranmalıdır. Bu çağırış nədir, sizcə? Və nə olmalıdır?

- Bu, yaxşı sualdır. Aktual sualdır. Sizə deyim ki, təbii ki, biz torpaqlarımızı işğaldan azad etdik. Ali Baş Komandanın rəhbərliyi ilə öz ərazi bütövlüyümüzü bərpa etdik. Sərhədlərlə əlaqədar bir neçə məsələ var. Biz indi onlarla məşğuluq. Dövlət sərhəd xidməti ilə birgə biz Azərbaycan dövlətinin sərhədlərinə çıxmışıq. Orada hansısa mübahisəli ərazilər var. Bizə aydındır ki, bu, bizim ərazilərdir. Mübahisəni Ermənistan edir. İndi bu məsələləri həll etmək üçün görüləcək işlər çoxdur. Bununla yanaşı, təbii ki, Azərbaycan ordusunun yeni planları olmalıdır, yeni vəzifələr, yeni hədəflər müəyyən edilməlidir. Buna uyğun olaraq Azərbaycan ordusu öz xidməti döyüş fəaliyiyətini, döyüş hazırlığını təşkil etməlidir. Möhtərəm Cənab Prezident – Silahlı Qüvvələrin Ali Baş Komandanın buna aid tapşırıqları var. Bu istiqamətdə də işlər gedir. Bir məsələyə toxunmaq istəyirəm ki, dəfələrlə Ali Baş Komandan çıxışlarında qeyd edib ki, bizim xalqın torpağında gözümüz yoxdur. Ancaq öz torpaqlarımızın bir qarışını da heç kimə verən deyilik. Ona görə də bir neçə məsələ var. Onlar tam şəkildə həll ounduqdan sonra mən hesab edirəm ki, Azərbaycan ordusunun əsas vəzifəsi Azərbaycanın ərazi bütövlüyünü qorumaq, Azərbaycanı müdafiə etməkdir.

- Mən sizi Azərbaycan silahlı qüvvələrinin yarandığı gün, Azərbaycan silahlı qüvvələrinin bayramı münasibəti ilə təbrik edirəm bir daha, Cənab Nazir. Özümü də bu müsahibəni aldığıma görə təbrik edirəm. Çünki bu, mənim çox böyük arzum idi.

- Sağ olun. Mən də sizi təbrik edirəm.