- Müsahibə
- 21:04
- 1 579
Süni İntellekt və robot psixologiyası: İnsan və maşın münasibətləri yeni mərhələdə - Psixoloq Dilbər Bəhmənli ilə müsahibə

AzNews.az olaraq psixoterapevt Dilbər Bəhmənli ilə “Süni intellekt və robot psixologiyası” mövzusunda müsahibə etdik. Müsahibə zamanı süni intellektin insan psixologiyasına təsiri, robotlarla münasibətlərin emosional nəticələri və gələcəkdə psixoterapiyada süni intellektin rolu barədə ətraflı müzakirə aparıldı.
– Dilbər xanım, “Süni intellektin psixologiyası” ifadəsi bir qədər qeyri-adi səslənir. Əslində nəyi nəzərdə tuturuq?
Doğrudur, bu ifadə insan psixologiyası qədər aydın görünmür. Amma “Süni intellekt və robot psixologiyası” dedikdə biz iki aspekti nəzərdə tuturuq: Birincisi, insanların robot və süni intellektlərlə ünsiyyət zamanı yaşadığı emosional və koqnitiv reaksiyaları; İkincisi isə, süni intellektin davranış modellərinin insan psixikasına bənzər şəkildə qurulması məsələləri. Yəni bu həm insanların maşınlara psixoloji adaptasiyası, həm də maşınların insana yaxın davranış nümayiş etdirməsi ilə bağlıdır.
– Robotlarla münasibət insanların emosional həyatına necə təsir göstərə bilər?
Psixoloji tədqiqatlar göstərir ki, insanlar bəzən robotları “Emosional varlıq” kimi qəbul edirlər. Xüsusilə, gənc nəsil və uşaqlar robotlara tez bağlana bilirlər. Məsələn, robotlar bəzi insanlarda təkliyi azaldır, onlara həmrəylik hissi yaradır. Özünü təsdiq tələbatı olan insanlar həmfikir olaraq daim ona yönələ bilirlər. Amma bunun riskli tərəfi də var ki, insanlar real sosial münasibətlərdən uzaqlaşa və robotlara həddindən artıq emosional asılılıq yaranma riski ilə üzləşə bilərlər.
– Süni intellekt insanların qərarvermə prosesinə təsir edə bilərmi?
Bəli, artıq təsir edir. Məsələn, süni intellekt algoritmləri bizə hansı filmə baxacağımızı, hansı məhsulu alacağımızı və hətta kiminlə tanış olacağımızı təklif edir. Bu isə fərdi seçimlərə təsir göstərərək bizim qərarvermə azadlığımızı məhdudlaşdıra bilər. Digər tərəfdən, tibbdə və ya idarəetmədə süni intellektin dəstəyi insan səhvlərini minimuma endirir. Burada əsas məsələ balansdır, süni intellekt bizi idarə edən yox, dəstəkləyən tərəf olmalıdır.
– Robotların psixoloji təhlükələr yaratma ehtimalı barədə nə deyə bilərsiniz?
Ən böyük təhlükə insan-robot münasibətlərinin sərhədsiz qalmasıdır. Məsələn, əgər bir uşaq emosional dəstəyini valideyndən çox “Emosional robotdan” alırsa, real münasibətlərin qurulmasında çətinlik yaşaya bilər. Digər risk isə iş yerlərinin avtomatlaşdırılması nəticəsində insanların özünü dəyərsiz hiss etməsi, psixoloji stressin artmasıdır.
– Gələcəkdə süni intellektlə psixoterapiya mümkündürmü?
Əslində artıq ilkin formaları var. Chatbot tipli proqramlar insanlara emosional dəstək göstərir. Amma insan psixikasının mürəkkəbliyi səbəbindən robotların terapevt rolunu tam əvəz etməsi mümkün deyil. Psixoterapiya yalnız bilik və texnika deyil, həm də empatiya, dərin emosiya və təcrübə tələb edir. Süni intellekt terapevtə yardımçı ola bilər, amma onun yerini tuta bilməz.
– Sonda oxucularımıza nəyi məsləhət görərdiniz?
Texnologiyanı düşmən yox, müttəfiq kimi qəbul etmək lazımdır. Robotlardan və süni intellektdən qorxmaq əvəzinə onun imkanlarını düzgün və sağlam istifadə etməyi öyrənməliyik. Ən əsası isə, heç vaxt insan münasibətlərini texnologiya ilə əvəz etməməliyik. Çünki insan psixikasının inkişafı yalnız insandan-insana təmasla mümkündür.
Nuray,
AzNews.az