"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna təklif edilən dəyişikliklərlə bağlı RƏYLƏR

Xəbər verdiyimiz kimi, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna dəyişiklik təklif olunur. Təklif olunan dəyişikliklərə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin seçilməsi sahəsində məhdudiyyətin ləğv olunması, vəkillik üçün tələb edilən iş stajının müddətinin üç ildən bir ilə endirilməsi, vəkil haqqında intizam tədbirlərinin tətbiqi qaydalarına dəyişiklik edilməsi, Vəkillər Kollegiyasının orqan və qurumlarının sayının artırılması, vəkillərə xidməti vəsiqə verilməsi, vəkillərin vəzifələrinin artırılması, vəkil sorğularının cavablandırılması ilə bağlı müddətin müəyyən edilməsi, vəkil orderinə hüquqi anlayış verilməsi və s. daxildir.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Dilarə Əfrasiyabova e-huquq.az-a açıqlamasında qanuna təklif edilən dəyişiklikliyi şərh edib və bunun vəkilliyin inkişafına töhfə verəcəyini bildirib.

""Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilən son dəyişiklikləri mən çox müsbət qarşılayıram. Bu dəyişikliklər, şübhəsiz ki, vəkilliyin inkişafına, onun daha effektiv və çevik fəaliyyət göstərməsinə xidmət edir. Vəkillik həm maraqlı, həm də son dərəcə məsuliyyətli bir peşədir. Qanunvericilikdə edilən bu yeniliklər bu sahədə daha ciddi irəliləyişlərə zəmin yaradacaq", - o deyib.

D.Əfrasiyabova Kollegiyaya sədr seçimi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması barədə təklifin vəkillər tərəfindən alqışlandığını söyləyib: "Qanunda vəkillərin müstəqil olduqları açıq şəkildə göstərilib. Bu məhdudiyyətlər isə bu müstəqilliyə zidd idi. Seçkilər demokratik əsaslarla keçirilir və sədrin fəaliyyəti kifayət qədər effektiv deyilsə, o heç bir dəfə də seçilməz. Buna görə də bu dəyişiklik çox yerində və vacibdir".

"Vəkil sorğularının 7 iş günündən gec olmayaraq cavablandırılması ilə bağlı dəyişikliyi xüsusi vurğulamaq istərdim. Təəssüf ki, bəzən vəkil sorğularına cavablar ya gecikdirilir, ya da ümumiyyətlə dolğun cavab verilmir. Elə hallar olur ki, sorğunun cavabından asılı olaraq işin hüquqi istiqamətini müəyyənləşdiririk. Cavabın vaxtında verilməməsi və ya "bu suala cavab verilə bilməz" kimi qeyri-müəyyən yanaşmalar bizim peşə fəaliyyətimizə ciddi maneələr yaradır. Biz bu məlumatları yalnız vəkil olaraq alırıq və onların konfidensiallığına zəmanət veririk. Amma buna baxmayaraq, bəzən bizə cavab verilmir, üstəlik "məlumat almaq üçün şəxs özü müraciət etsin" deyilir. Bu isə həm işin gedişatını ləngidir, həm də hüquqi prosesləri çətinləşdirir. Bəzən isə cavab ümumiyyətlə gecikdiyinə görə artıq iş başa çatmış olur və sorğunun aktuallığı itir. Bu səbəbdən bu dəyişiklik təkcə müsbət deyil, zəruridir. Hesab edirəm ki, gələcəkdə vəkil sorğularına cavab verməyənlər üçün inzibati məsuliyyətin tətbiqi də vacibdir", - deyə o qeyd edib.

Rəyasət Heyətinin üzvü, həmçinin vəkil adı ilə qeyri-qanuni fəaliyyət göstərənlərlə bağlı sərt tədbirlər görülməsini də istəyib: "Vəkil olmayan şəxslərin vəkil adı ilə fəaliyyət göstərməsi yolverilməzdir və bu məsələyə qarşı ciddi tədbirlər görülməlidir. Belə şəxslər hüquq sahəsini bilmədən cəmiyyətə mənfi təsir göstərir, insanlarda vəkillik institutuna qarşı inamsızlıq yaradır. Orderi olmayan vəkil məhkəmə prosesinə belə buraxılmır, amma hüquq təhsili olmayan şəxslər özlərini vəkil kimi təqdim edirlər. Bu hal qətiyyən qəbuledilməzdir və mütləq qanunla qadağan edilməlidir".

D.Əfrasiyabovanın fikrincə, vəkilliyə qəbul üçün tələb olunan staj müddətinin 3 ildən 1 ilə endirilməsi təklifi də çox təqdirəlayiqdir: "Gənc mütəxəssislər hüquqi təhsil aldıqları dövrdə nəzəri biliklərə yiyələnir, təcrübə dövründə isə qısa müddət ərzində praktik bacarıqlar əldə edə bilirlər. Bizə təcrübəyə gələn tələbələr az vaxtda belə böyük nəticələr göstərir. 3 il gözləmək bu motivasiyalı gənclər üçün sadəcə vaxt itkisi deməkdir. Ona görə də bu dəyişiklik həm ədalətli, həm də peşəyə yeni nəfəs gətirəcək bir qərardır".

"Qanun layihəsində nəzərdə tutulan daha bir vacib məsələ isə odur ki, hakimlik fəaliyyətinə xitam verilmiş şəxslər vəkilliyə qəbul üçün test imtahanında iştirak etməlidirlər. Bu da çox düzgün yanaşmadır. Çünki vəkillik hüququnun əldə edilməsi yalnız keçmiş təcrübəyə deyil, həm də aktual biliklərə əsaslanmalıdır. Həmin şəxslər vəkilliyə dair biliklərini göstərməli, bu sahədəki qanunvericiliklə tanış olmalıdırlar. Bu, həm şəffaflığı, həm də peşəkar keyfiyyəti təmin edəcək", - o əlavə edib.

D.Əfrasiyabovanın sözlərinə görə, Vəkillər Kollegiyasının strukturunun genişləndirilməsi də əhəmiyyətli dəyişiklikdir: "Qanuna əsasən, artıq Kollegiyanın orqanlarına ümumi yığıncaq (konfrans), Rəyasət Heyəti, İntizam Komissiyası və İxtisas Komissiyası daxildir. Eyni zamanda, regional qurumlar, hüquqi yardım mərkəzləri və tədris mərkəzləri təsis edilə bilər. Bu da onu göstərir ki, vəkillik institutu daha güclü və sistemli şəkildə inkişaf edir".

"Biz bu dəyişiklikləri illərlə gözləmişik və bu gün arzu etdiyimiz dəyişikliklərlə bağlı təklifin qanuniləşdiyini görmək qürurvericidir. Bu gün biz istək və arzularımızın gerçəkləşdiyinə şahidlik edirik. Qanuna edilən dəyişikliklər yalnız vəkilin deyil, bütövlükdə hüquqi sistemin daha effektiv işləməsinə xidmət edir. Bu islahatları alqışlayırıq və bu istiqamətdə atılan hər bir addımı dəstəkləyirik. Bu dəyişikliklər biz vəkillərin həm motivasiyasını artırır, həm də üzərimizə düşən məsuliyyəti daha da böyüdür. Vəkillik sahəsində həyata keçirilən islahatlara və vəkillərə göstərilən davamlı dəstəyə görə Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırova təşəkkürümü bildirmək istəyirəm. O, gecə-gündüz bu peşənin inkişafı və vəkillərin daha səmərəli fəaliyyət göstərməsi üçün çalışır. Anar Bağırov vəkillərin problemlərinə həssas yanaşır, onların hüquq və maraqlarını qoruyur. Vəkillik bir ailədir və cənab sədr bu ailənin başçısı olaraq vəkillərin rifahı və hüquqları naminə böyük səylə çalışır", - o sonda qeyd edib.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev də qanun layihəsini müsbət qiymətləndirib və təklif edilən dəyişikliklərin əhəmiyyətindən bəhs edib.

"Bu dəyişikliklərdən biri Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin seçilməsi ilə bağlı mövcud məhdudiyyətin aradan qaldırılmasıdır. Hesab edirəm ki, bu, olduqca yerində və düzgün bir addımdır. Misal üçün, qardaş Türkiyə Respublikasında belə bir məhdudiyyət heç vaxt olmayıb. Orada sədrin seçilməsi ilə bağlı hər hansı hüquqi məhdudiyyət nəzərdə tutulmur. Eyni prinsip ölkəmizdə də tətbiq olunmalıdır. Əgər biz idarəetmədə bərabərlik prinsipini əsas götürürüksə, bu prinsip prokurorluq, Ombudsman təsisatı və digər strukturlarda tətbiq olunursa, vəkillik institutunda da eyni yanaşma olmalıdır. Vəkillər Kollegiyasında keçirilən seçkilər yüksək səviyyədə, şəffaf və demokratik şəkildə təşkil olunur. Hər bir vəkil öz namizədliyini irəli sürmək hüququna malikdir və heç bir qadağa mövcud deyil. Bu baxımdan təklif edilən dəyişiklik həm demokratik dəyərlərə uyğundur, həm də vəkillik institutunun inkişafına xidmət edir", - deyə vəkil bildirib.

M.Mustafayev deyib ki, digər mühüm dəyişiklik vəkillik fəaliyyətinə qəbul üçün tələb olunan iş stajının üç ildən bir ilə endirilməsidir: "Bu da tamamilə məntiqli və düzgün qərardır. Universiteti bitirən bir şəxs prokurorluqda bir il staj keçdikdən sonra müstəntiq kimi fəaliyyətə başlaya bilir. Eyni yanaşma vəkillik sahəsində də tətbiq olunmalıdır. Gənc hüquqşünaslar universiteti bitirdikdən sonra vəkil köməkçisi kimi fəaliyyətə başlayır və 3 il staj tələbi onların peşəyə daxil olmasını süni şəkildə ləngidir. Bu dəyişiklik heç bir təhlükə yaratmır, çünki vəkil olmaq üçün çoxmərhələli imtahanlar, o cümlədən Ədliyyə Akademiyasında tədris mərhələsi mövcuddur. Bütün bu mərhələləri uğurla keçən şəxs yalnız bundan sonra fəaliyyətə başlayır".

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü bildirib ki, təklif edilən dəyişiklik sırasında vəkil sorğularının maksimum 7 iş günü ərzində cavablandırılması məsələsi də bu sahədə mövcud problemləri aradan qaldırılmasına gətirib çıxaracaq: "Bu yanaşma vəkilin səlahiyyətlərinin gücləndirilməsini və operativ fəaliyyət imkanlarının artırılmasını nəzərdə tutur. Gələcəkdə bu tələbə əməl etməyənlər üçün inzibati məsuliyyətin müəyyənləşdirilməsi də gündəmə gətiriləcək. "Vətəndaşların müraciətləri haqqında" Qanuna görə, müraciətlərə 15 gün müddətində cavab verilir, əlavə araşdırma tələb olunarsa, bu müddət bir aya qədər uzadıla bilər. Ancaq vəkilin sorğusu adi vətəndaş müraciəti deyil. Bu, ədalət mühakiməsinin həyata keçirilməsi ilə birbaşa əlaqəlidir. Vəkillər sübut toplamalı, cinayət və mülki işlər üzrə operativ tədbirlər görməlidirlər. Belə halda ləngimə yolverilməzdir".

M.Mustafayev deyib ki, Azərbaycan Respublikasının vəkillik sahəsində qanunvericiliyi artıq bir çox ölkələrdən daha qabaqcıl vəziyyətdədir: "Amma mövcud sistemin daha da təkmilləşdirilməsinə ehtiyac var. Dövlətimizin bu istiqamətdə atdığı addımlar təqdirəlayiqdir. Vəkilin nüfuzunun artırılması Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildə qəbul olunan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun bu sahədə əsaslı islahatlara zəmin yaratdı. Həmin dövrdə vəkilliyin tam müstəqil olacağını çox az adam təsəvvür edirdi. Ancaq bu, siyasi iradə sayəsində mümkün oldu. Azərbaycanda vəkillik tam müstəqildir və hər hansı bir müdaxilə mexanizmi mövcud deyil. Bu, həm Ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin hüquqi dövlət quruculuğu sahəsində apardığı siyasətin nəticəsidir və bu siyasət uğurla davam etdirilir. Dəfələrlə xaricdə mənə sual verirlər ki, bu səviyyəyə necə çatdınız? Cavab sadədir: siyasi iradə, prinsipiallıq və hüququn aliliyinə sadiqlik. Nəticə etibarilə, qanuna edilən bu dəyişikliklər alqışlanmalı və dəstəklənməlidir. Bu, hüquqi dövlət quruculuğunda və vəkillik institutunun inkişafında mühüm rol oynayacaq".

Vəkillər Kollegiyasının üzvü Cavid Alıyev də Kollegiyaya sədr seçimi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması barədə təklifi dəstəkləyib. O hesab edir ki, vəkillərin peşə birliyi olan və qeyri-dövlət qurumu sayılan bir müstəqil hüquqi təsisatda onların könüllü seçimi əsasında formalaşan vəzifəyə münasibətdə tətbiq edilən məhdudiyyətin aradan qaldırılması ilə bağlı irəli sürülən bu təşəbbüs vaxtında və yerində atılmış addımdır.

"Nəzərə alaraq ki, vaxtilə bir sıra dövlət qurumlarının rəhbər vəzifələrinə də şamil olunan bu məhdudiyyət çoxdan götürülüb, vəkillik haqqında qanunvericiliyə də ediləcək həmin dəyişikliyi alqışlayırıq", - deyə C.Alıyev bildirib.

"Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən özünə münasibətdə və ya təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasının qadağan olunması da təqdirəlayiqdir. Məlum olduğu kimi, hazırda İnzibati Xətalar Məcəlləsində vəkil adından qanunsuz istifadəyə görə cüzi məbləğdə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək - inzibati cərimə növündə tənbeh tədbiri təsbit edilib ki, bu da bir çox hallarda öz effektiv təsirini lazımi şəkildə göstərmir. Odur ki, zənnimcə, belə hallarla mübarizədə səmərəliliyə və çəkindirici təsirə nail olmaq üçün qeyd edilən qanunvercilik təşəbbüsünün davamı olaraq cinayət qanunvericiliyinə də bununla bağlı müvafiq məsuliyyət tədbirlərinin tətbiqinə dair normanın əlavə edilməsi məqsədəuyğun olardı", - deyə İntizam Komissiyasının sədri qeyd edib.

Vəkillər Kollegiyasının üzvü Elvin Əliyev isə deyib ki, dünya ölkələrində peşə birliklərinə sədr seçimi ilə bağlı belə bir məhdudiyyət yoxdur. Odur ki, ölkəmizdə də Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin seçilməsi sahəsində məhdudiyyətin ləğv olunması doğru addımdır.

"Eləcə də respublikamızda hər hansı bir qurumda, hər hansı bir peşə birliyində belə bir məhdudiyyət yoxdur. O zaman Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında niyə belə məhdudiyyət olmalıdır? İmkan verilməlidir ki, biz vəkillər də öz rəhbərimizi seçə bilək, bizim də fikirlərimiz, öz qərarlarımız, istəklərimiz var. Bizim seçimlərimizə niyə məhdudiyyət qoyulmalıdır? Düşünürəm ki, zamanında məhdudiyyətlə bağlı qəbul olunmuş adil olmayan qərarın dəyişdirilməsi və seçki məhdudiyyətinin götürülməsi demokratik və ədalətli qərardır", - o bildirib.

"Dünya təcrübəsinə nəzər yetirilsə, dəfələrlə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təkrar-təkrar sədr seçilmiş və hazırda da öz ölkələrində Vəkillər Kollegiyasına uzun illərdir ki, rəhbərlik edən şəxslər var. Görünən odur ki, hər bir ölkənin vəkili onun rifahı və inkişafı üçün çalışan rəhbərə üstünlük verir və həmin rəhbər etimadı doğrulduğu üçün onu dəfələrlə sədr seçirlər”, - vəkil əlavə edib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası 2017-ci ildən etibarən intibah dövrünü yaşayır: "Respublikada əldə olunmuş nəaliyyətlər, uğurlar, inkişaf, nüfuz göz qabağındadır. Bu, birmənalı danılmaz faktdır. Hər bir sahədə günü-gündən inkişaf edən Azərbaycan Respublikasında vəkillik peşəsi dünya səviyyəli nüfuza yiyələnib. Peşənin inkişafı, rifahı üçün çalışan, biz vəkilləri bizdən çox düşünən rəhbər ilə çalışmaq istəmək bizim ən təbii haqqımızdır".

Vəkil Toğrul Rzayev da deyib ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik edilməsi ölkəmizdə hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsinə, vəkillik peşəsinin nüfuzunun daha da artırılmasına xidmət edir: "Bu istiqamətdə həyata keçirilən təşəbbüslər, eyni zamanda vətəndaşların ədalətə çıxış imkanlarının genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Xüsusilə vurğulanmalıdır ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərliyi ilə son illərdə aparılan ardıcıl islahatlar, peşəkar kadr potensialının gücləndirilməsi, şəffaf və məsuliyyətli idarəçiliyin təmin olunması sahəsində atılan addımlar vəkillik institutunun inkişafında yeni mərhələnin əsasını qoyub. Onun yorulmaz fəaliyyəti nəticəsində bu sahədə həm şəffaf idarəetmə mexanizmləri qurulmuş, həm də gənc hüquqşünasların peşəyə cəlb olunması istiqamətində mühüm addımlar atılmışdır. Anar müəllimin rəhbərliyi ilə Kollegiyanın fəaliyyəti təkcə peşəkar hüquq müdafiəçilərinin birliyi kimi deyil, eyni zamanda vətəndaş cəmiyyətinin hüquqi dayağı kimi formalaşmağa başlayıb".

Şəbnəm Mehdizadə