Paşinyan Vladimir Putini Türkiyə ilə təmaslar barədə məlumatlandırıb

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub

Aznews.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmaların icrasının praktiki aspektlərinin müzakirəsi davam etdirilib.

O cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi, Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin bərpası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nikol Paşinyan Vladimir Putini Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasına yönəlmiş son təmaslar barədə məlumatlandırıb.

***

Saat 20:35

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Ermənistan və Rusiya liderləri ikitərəfli gündəliyin bir sıra məsələləri, eləcə də regiondakı prosesləri müzakirə ediblər.

Tərəflər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasını müzakirə ediblər.

Paşinyan və Putin Ermənistan-Azərbaycan sərhədində delimitasiya və təhlükəsizlik üzrə komissiyanın fəaliyyəti, eləcə də regionda kommunikasiyaların açılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.