"Sülh prosesində Rusiyanın nə edəcəyini demək çətindir" - Tofiq Zülfüqarovdan açıqlama

“Sülh müqaviləsinin imzalanması prosesində Rusiyanın nə edəcəyini demək çətindir”.

Bunu AzNews.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O bildirib ki, Rusiyanın imkanları Ukraynada gedən müharibəyə görə çox məhduddur:

“Bu baxımdan mən hansısa aktiv addımlar gözləmirəm. Təbii ki, Rusiya çalışacaq ki, orada, xüsusilə də Ermənistanda olan mövqelərini qorusun. Amma bu da sual altındadır. Çünki Ermənistan da gözlənilən kimi Rusiyadan uzaqlaşır”, - deyə sabiq nazir əlavə edib.

T. Zülfüqarov həmçinin qeyd edib ki, sərhəddə təxribatlar ola bilər, bu gözləniləndir, amma ermənilər də çox yaxşı başa düşürlər ki, hansısa təxribatın nəticəsində Azərbaycan məcbur olacaq ki, terrora qarşı daha genişmiqyaslı şəkildə fəaliyyət aparsın: "Anti-terror əməliyyatı, xüsusi seçilmiş hədəflərə zərbə endirilməsi kimi əməliyyatlar gözlənilir. Onlar da bundan ehtiyat edir, çünki başa düşürlər ki, Azərbaycanın imkanları çox genişdir. Demək olar ki, onlar ciddi şəkildə nəzarət altındadır”.

Rəşid Qarayev,

AzNews.az