İstedadlı müğənni Cinarə Məlikzadə AzNews.az-ın suallarını Türkiyədən cavablandırdı İstedadlı müğənni Cinarə Məlikzadə AzNews.az-ın suallarını Türkiyədən cavablandırdı

"Belə bir təklifə "yox" demərəm" - Çinarə Məlikzadə ilə müsahibə

İstedadlı müğənni Cinarə Məlikzadə AzNews.az-ın suallarını Türkiyədən cavablandırdı

- Çinarə, Sizi də sosial şəbəkələr məşhurlaşdırıb, Öykü Gurmeni də. Səsinizdə, ədalarınızda da oxşarlıq var. Tanışsınızmı? Birlikdə layihələr gerçəkləşdirə bilərsinizmi?

- Öykü Gürman çox bəyəndiyim müğənni və aktrisalardan biridir. Sənət baxımından da ortaq tərəflərimiz, oxşar yönlərimiz çoxdur. Çünki mən də müğənniliklə yanaşı, bir neçə filmə çəkilmə şansım olub. Bundan sonra da hər iki yöndə çalışmağı düşünürəm. Öykü xanıma gəlincə, açığı, şəxsi tanışlığımız yoxdur, ancaq birlikdə hər hansı layihə təklifi olsa, "yox" demərəm.

- Azərbaycanda qalmaq istədiyinizi söyləmişdiniz, amma yenə də sorağınız Türkiyədən gəlir. Niyə Türkiyədəsiniz?

- Azərbaycanda hər zaman qalmaq istəyirəm. Çünki vətənimdir və öz vətənimi sevirəm. Ancaq işlərlə bağlı tez-tez qardaş Türkiyədə oluram. Həm film çəkilişlərimiz var, həm də menecerlik və konsert təşkilatçılığı ilə məşğul olan tanınmış şirkətlərdən biri ilə sözləşmə imzalamışıq. İnşallah yaxınlarda bir çox yeniliklərimiz olacaq.

- Çinarə Məlikzadənin səsini eşidən, ifalarını dinləyən hər kəsin rəyi bu oldu ki, Azərbaycan mükəmməl bir səs, qeyri-adi bir istedad kəşf edib. Ancaq “Sevimli şou” tipli proqramlara çıxmaqla sanki toy tutmağa cəhd göstərdiniz. Bəlkə bu, lazım deyildi sizə? Axı sizdən gözləntilər çox yüksəkdir?

- Tam səmimi deyirəm, mən heç vaxt sırf toylarda oxumaq üçün bir iş görməmişəm. Bu işlərlə əvvəllər mənimlə birgə çalışan dostlarımız məşğul olublar. Sağ olsunlar, bütün kanallarımız dəvət etməyə başlamışdılar. Biz də hər kanalda ən azı bir canlı proqramda iştirak etməyi qarşımıza məqsəd qoymuşduq. Ona görə də çox fərq etmirdi o vaxt ki, hansı proqrama çıxaq, ya çıxmayaq. Məqsəd dinləyicilərlə bu dəfə efirdə canlı olaraq görüşmək idi. Daha sonra isə yeni menecerimlə qarşımıza ölkə xaricinə çıxmaq məqsədi qoyduq və şükürlər olsun ki, qısa müddət ərzində buna nail olduq. Artıq xarici ölkələrdə bir neçə konsertlərimiz olub və bundan sonra daha da çox olacaq.

- Azərbaycanda ciddi produkşnlar yaransa və Sizinlə işləmək istəsə, təklifə necə yanaşarsınız?

- Buna sevinərəm. Azərbaycanda artıq bu cür böyük prodakşn və menecerlik şirkətlərinə ehtiyyac yaranıb. Məncə artıq dövlətimiz də bu cür qurumların artmasında maraqlıdır. Həm şəffaflıq olar, hər kəs vergisini vaxtında ödəyər, həm də biz sənətçilər üçün də hər şey rahat olar. İşini bilən və işləri düzgün yönləndirən şirkətlərlə kim işləmək istəməz ki?

- Azərbaycan və türkçülüklə bağlı ifalarınız (“Azərbaycan” mahnısı, Rübail Əzimovun “Çırpınırdı qara dəniz” layihəsində iştirak) vətənpərvər cameənin sizə böyük simpatiyasını qazandırıb. Vətən sizin üçün nə deməkdir?

- "Vətən" sözünün önəmi çox böyükdür mənim üçün. Vətən sadəcə sərhədlər çərçivəsində olan coğrafi məkan deyil. Vətən xüsusi sevgiyə layiq olan dəyərlərdir. Doğulduğumuz, böyüdüyümüz, vətənpərvərlik hisslərinin bizə aşılandığı doğma diyardır. Çox söz demək olar vətən haqqında. Bizlər oxuduğumuz mahnılarda çatdırırıq vətənə olan hisslərimizi.

- Vətən həm də istedadlı insanlardır, bu mənada siz də Azərbaycanın bir parçasısınız. Yazarlardan biri demişdi ki, insanlar iki cür olur, dağ adamları, dəniz adamları. Siz dağların qızısınız, ya Xəzərin?

- Razıyam. Torpağımızın insanları, dağı, düzəni, dənizi, çayı, hər şeyi bizimdir, bizim vətənimizdir. Mən də vətənimin hər qarışını sevirəm. Ancaq "dağlar qızı" kəliməsi daha yaxın gəldi mənə. Yəqin dağları daha çox sevirəm ona görə.

- Əsliniz, nəslinin hardandır, harada böyümüsünüz, necə təhsil almısınız, bu barədə oxucular çox soruşur.

- Xızıdandıq. Bakı şəhərində böyümüşəm, təhsilimi Bakıda almışam. Uşaqlıqdan musiqiyə çox həvəsim olduğundan, ailəm musiqiylə bağlı təhsil almağıma köməklik edib.

- “Simuzərim” mahnısını qeyri-adi işvə ilə oxuyursunuz. Qız, bu nə işvə belə?

- Çox dinləyicilər deyib ki, bu mahnı yaxşı alınıb məndə.

- Sizi məşhurlaşdıran “Gedək üzü küləyə” mahnısı oldu, ancaq iradlar da var, “gedək” sözünün vurğusu bir az fərqlidir. Niyə?

- İradlarsız, tənqidsiz olmaz. Bu yolda iradlar da, tənqidlər də mütləqdir. Olmasa inkişaf da olmaz. Biz böyüklərimizin tövsiyyələrinə hər zaman qulaq asmağa hazırıq. Zövqlər də müxtəlifdir. Kimisi bəyənir hansısa hissəni, kimisi bəyənmir. Hörmətlə yanaşmaq lazımdır. Ancaq böyük əksəriyyətdən indiyə kimi müsbət fikirlər eşitmişəm.

- Neşet Ertaşın “Könül dağı”nı oxuya bilərsiz?

- Əlbəttə. Neşet Ertaş sənətini, musiqilərini çox sevirəm. Tez-tez müraciət edirəm onun musiqilərinə. "Könül dağı" da ən çox bəyəndiklərimdəndir.

- Çinarə həm də geyim stilinə görə özünəməxsusdur. Bu, məqsədli imic yaratma cəhdidir?

- Xeyr. Mən nəsə yeni imic yaratmaq məqsədində deyiləm. Mən, sadəcə, özüm olmağa üstünlük verirəm. Sadəliyi çox sevirəm. Hansısa bir proje üçün müəyyən stilistlərin məsləhətlərindən yararlana bilərəm. Ancaq normal yaşamda özümü rahat hiss etdiyim sadə üsluba üstünlük verirəm.

- Şəxsi həyatınızda nə var, nə yox?

- Sakitçilikdir. O qədər işlər var ki, vaxt tapan kimi ailəmin, dostlarımın yanında olmağa çalışıram. Çünki Türkiyədə daha çox olduğum üçün darıxıram onlar üçün.

Bahar Rüstəmli

AzNews.az