I Açıq Musiqi Müsabiqəsi başa çatdı

Qaliblər diplom və pul mükafatı ilə təltif ediliblər

Mərhum prezident Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Gələcəyin müəllimi” I Açıq Musiqi Müsabiqəsi başa çatıb.

AzNews.az xəbər verir ki, müsabiqə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birlikdə keçirdiyi musiqi müəllimliyi ixtisası üzrə təhsil alan bakalavr və magistr tələbələri iştirak edib. İştirakçıların yaradıcılıq fəaliyyətinin inkişafına, müəllimlik fəaliyyətində yüksək peşəkarlığa malik, rəqabətədavamlı mütəxəssislərin, gələcəkdə cəmiyyətə layiqincə xidmət edən kadrların hazırlanmasını məqsəd kimi qarşıya qoyan müsabiqə gərgin mübarizə şəraitində keçib.

Müsabiqənin seçim mərhələsi yüksək səviyyədə keçirilib, 81 namizəd arasından ən layiqliləri seçilərək növbəti mərhələyə buraxılıb.

Münsiflər heyətinin üzvləri müsabiqə iştirakçılarına sertifikatlarlar təqdim edib. Sonra müsabiqənin qalibləri elan olunub. Qaliblər diplom və pul mükafatı ilə təltif ediliblər.

Sonra müsabiqə laureatlarının iştirakı ilə qala konsert təqdim olunub. Konsertdə Q.Qarayevin “İnsan məskən salır”, “Prelüd № 7”, “Gənclik mahnısı”, Montinin “Çardaş”, E.Sabitoğlunun “Uzaq yaşıl ada”, Q.Sviridov “Vals”, E.Kurtisanın “Non Ti Seordar Di Me”, P.Bülbüloğlunun “Döyüşçülərin rəqsi”, S.Raxmaninovun “Prelüd № 5”, U.Hyustonun “Mən həmişə səni sevəcəyəm”, A.Piazollanın “Libertango” əsərləri, həmçinin “Heyratı” zərb muğamı səslənib.

AzNews.az