Rusiya Troya xəzinəsini Türkiyəyə qaytaracaqmı?!

Putin sərginin açılışında Almaniya və Türkiyəyə siqnal verib!..

Türk nəşri 1873-cü ildə alman arxeoloqu Henrix Şlimanın Türkiyədən Almaniyaya gətirdiyi, İkinci Dünya müharibəsindən sonra isə Rusiyaya göndərdiyi "troyan xəzinəsi" ətrafında diskussiyaya daxil olub.

AzNews.az inosmi.ru-ya istinadən xəbər verir ki, bu haqda Türkiyənin “dikGAZETE” nəşrində Fuad Səfərov yazıb.

Türkiyədə bəyan edirlər ki, Rusiya Troya xəzinəsini qaytarmalıdır. Rusiyalı ekspertlər hesab edirlər ki, söhbət bugünki Türkiyəyə heç bir aidiyyəti olmayan qədim əşyalardan gedir.

1873-cü ildə alman arxeoloqu Henrix Şlimann (Heinrich Schliemann) tərəfindən Çanaqqaladan çıxarılan Troya xəzinələri bu günlərdə yenidən Türkiyənin gündəmində bir mövzu oldu.

Troya Muzeyinin direktoru Ali Atmaca bu mövzuda verdiyi bəyanatda deyib: "Rusiyanın Puşkin muzeyindəki abidələrimizin geri qaytarılması ilə bağlı tələbimiz hələ də qüvvədədir. Müharibədən sonra aydın olur ki, dəyərlər hərbi qənimət kimi Rusiyaya aparılıb. Bizim nazirlik müxtəlif yollarla xaricə aparılmış tarixi abidələrin qaytarılması üçün genişmiqyaslı diplomatik və hüquqi mübarizə aparır. Bu səylər və işlər nəticəsində son on il ərzində 3,4 min abidənin öz əzəli torpaqlarına qaytarılması təmin edilmişdir. Əvvəllər Avropada, yaxud başqa ölkələrdə olan abidələrimizi bizə geri qaytarmaq istəməyənlər "bu dəyərləri harada nümayiş etdirəcəksiniz?" kimi suallar verirdilər. Bundan sonra belə suallar qalmadı. Dünyanın ən əhəmiyyətli muzeylərindən biri olan Troya Muzeyi öz qapılarını ziyarətçilərə açdı və onun yeri məlumdur".

Yaxşı, Rusiya Troya xəzinəsini Türkiyəyə qaytaracaqmı?

Birincisi, qeyd etmək lazımdır ki, Rusiya qanunlarına görə, hərbi qənimət kimi ölkəyə gətirilən tarixi dəyərlər "Rusiyanın Federal mülkiyyəti" statusuna malikdir.

İkincisi, bu sualın cavabını Rusiya prezidenti Vladimir Putin 2013-cü ildə gizli şəkildə verib.

O zaman Putin Sankt-Peterburqda keçirilən "Beynəlxalq İqtisadi Forum" çərçivəsində Almaniya kansleri Angela Merkel ilə görüşüb.

İkitərəfli danışıqlardan əvvəl alman mətbuatı yazırdı ki, Sovet İttifaqının İkinci Dünya müharibəsindən sonra götürdüyü tarixi abidələrə görə Peterburq Forumunda iki ölkə arasında böhran yaranacaq və bildirilmişdi ki, "Merkel dəyərlərin qaytarılması məsələsini qaldırmağı planlaşdırır".

Həmçinin qeyd edilib ki, Merkel Ermitaja baş çəkmək niyyətində deyil.

Amma Putinin mətbuat katibi Dmitri Peskov bu iddialara baxmayaraq, ikitərəfli danışıqlar proqramında və liderlərin muzeydəki sərginin açılışında iştirakı ilə bağlı heç bir dəyişikliyin olmadığını vurğuladı.

Sərginin ekspozisiyasında Troya xəzinəsi də təqdim olundu.

KİV-də belə bir ehtimal var idi ki, Merkel sərginin açılışında iştirakdan imtina edib.

Putin sərginin açılışında Almaniya və Türkiyəyə siqnal verib!..

Merkellə keçirdiyi mətbuat konfransında Putin tarixi abidələrin Almaniyaya qaytarılması ilə bağlı məsələni müzakirə etmək istəmədiyini də söyləyib.

"Bu, vətəndaş cəmiyyətləri üçün hər iki tərəfdən çox həssas məsələdir", — deyə Rusiya lideri qeyd edib. — Əgər biz hansısa irəliyə doğru hərəkət etmək istəyiriksə, biz problemi şişirtməməliyik, onun həlli üçün hansısa yollar axtarmalıyıq. Çünki Rusiya tərəfindən də İkinci Dünya müharibəsi zamanı incəsənətimizə dəymiş zərəri sayacaq insanlar peyda olacaq".

Daha sonra Putin və Merkel Ermitaja baş çəkiblər və "Tunc dövrü. Sərhədsiz Avropa" adlı sərginin açılışında iştirak ediblər.

Sərgidə Putin Alman və Rusiya mütəxəssislərinin birgə işini yüksək qiymətləndirib və bir çoxlarına Rusiya və Almaniya kimi dövlətlərdən nümunə götürməyi təklif edib.

Putin deyib: "Keçmişdən bizə qalmış bir çox kəskin problemlər bu qədər emosional, mənfi mənada qəbul olunmayacaq. Bəli, həqiqətən, hansısa vətəndaş üçün nə fərqi var ki, o, köçürülmüş bu dəyərlərə — Almaniyada, Sankt-Peterburqda, Moskvada və ya Türkiyədə baxır? Və sonra, bəlkə də türklər Şliman əsərlərini, almanlar bizdən köçürülmüş dəyərləri tələb etməyəcəklər və biz də kimdənsə Rusiya dəyərlərini geri qaytarmağı tələb etməyəcəyik. Əksinə, bu tələblər qarşısında heç bir qorxu olmayanda, bəlkə də bu gün bu dəyərləri zirzəmilərdə gizlədən, onları Allahın nuruna çıxaracaq və ictimaiyyətə, insanlara göstərəcəklər. İnsanlar sevinəcəklər və bu, bizim hamımızı birləşdirəcəkdir", deyə Vladimir Putin həm Almaniyaya, həm də Türkiyəyə siqnal verdi.

Xəzinə əvvəlcə Yunanıstana, sonra isə Almaniyaya aparılıb…

Rusiya muzeylərində XIX əsrin sonlarında alman arxeoloqu Henrix Şlimanın Çanaqqala şəhərində aşkar edilmiş Troya xəzinələrindən bir neçəsi yerləşir.

Şliman qaçaqmalçılıq yolu ilə ilk olaraq Yunanıstana və sonra Almaniyaya xəzinə gətirdi.

İkinci Dünya müharibəsindən sonra bəzi dəyərlər Qırmızı Ordu tərəfindən ələ keçirildi və Moskvaya aparıldı.

Troya xəzinələri 1873-cü ildə, Çanaqqaladan 30 kilometr məsafədə qədim Troya şəhərində aşkar edilmişdir.

2012-ci ildə Türkiyənin xarici işlər nazirinin keçmiş müavini Mehmet Gücük xəzinəni qaytarmağı tələb etdi.

Çanaqqala Ticarət-Sənaye Palatasına səfəri zamanı Gücük qeyd edib: "Rusiya Troya şəhərinin xəzinəsini qaytarmalıdır. Bu vəzifə bizim hamımızın üzərinə düşür. İnternet dövründə bu məsələ ilə bağlı iş aparmaq daha asanlaşdı".

Daha sonra Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi də Rusiyaya bənzər bir sorğu ilə müraciət etdi.

"Türkiyə indi bütün dünya muzeylərindən tələb edir!..»

Tarixi dəyərlər üzrə Rusiya Komissiyası keçmiş mədəniyyət və turizm naziri Ertuğrul Günayın oğurlanmış dəyərlərin geri qaytarılması çağırışına mənfi cavab verdi.

O zaman Ermitajın direktoru Mixail Piotrovski Türkiyənin ona məxsus tarixi abidələrin dünyanın müxtəlif muzeylərindən geri qaytarılması tələbini tənqid etmişdi.

O deyib: "İndi Türkiyə dünyanın bütün muzeylərindən qalmaqalla, şantajla nəsə tələb edir: onu verin, bunu verin. İngilis muzeyləri, Berlin muzeyləri sanki inildəyir. Özü də söhbət bugünki Türkiyəyə heç bir aidiyyəti olmayan qədim əşyalardan gedir”.

Babək Göyüş

AzNews.az