Əməkdar artist: Ramiz Həsənoğlunun yeri əvəzedilməzdir Əməkdar artist: Ramiz Həsənoğlunun yeri əvəzedilməzdir

Əziyyətlə ərsəyə gələn filmlərimiz az deyil - Dilarə Əliyeva

Əməkdar artist: Ramiz Həsənoğlunun yeri əvəzedilməzdir

Azərbaycan kinosunun yadda qalan keçmişi olub. Bu gün də dünyaya səs salan, hətta nümunə göstəriləcək filmlərimiz var.

Bu sözləri əməkdar artist Dilarə Əliyeva Milli Kino Günü münasibətilə AzNews.az-a açıqlamasında dedi.

O, həmin filmləri bir-birindən ayırmadığını bildirdi:

“Ayırsam, bu, mənim üçün düzgün olmaz. Əziyyətlə ərsəyə gələn filmlərimiz az deyil. Bu siyahı bir deyil, iki deyil, çoxdur. Mən bir Azərbaycan vətəndaşı olaraq bununla fəxr hissi keçirirəm”.

Dilarə Əliyeva “Ən bəyəndiyiniz Azərbaycan rejissoru kimdir?” sualına gülərək “Çox çətin sual verirsiz” cavabını verdi və əlavə etdi ki, Ramiz Həsənoğlu ilə çox filmlərdə işləyib, bu baxımdan onun yeri əvəzedilməzdir:

“Mehriban Ələkbərzadəni də çox sevirəm. Onunla birgə çalışmaq çox böyük arzumdur”.

Əməkdar artist çəkildiyi filmlərdə unudulmaz obrazı haqda da söz açdı:

“Mənim üçün çox böyük məsuliyyət hissi keçirdiyim unuldulmaz obraz Hüseyn Cavidə həsr olunmuş "Cavidin ömrü" filmində H.Cavidin həyat yoldaşı olan Müşginaz rolunu oynamaq olub”.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il bu gün ölkəmizdə Milli Kino Günü qeyd olunur.

Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.

1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdı. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olundu. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə "Təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.

AzNews.az olaraq kino sənəti ilə məşğul olan bütün insanları, həmçinin kinosevərləri bu bayram münasibəti ilə təbrik edir, onlara uğurlar diləyirik. İnanırıq ki, onların ərsəyə gətirdikləri filmlər təkcə Azərbaycanda deyil, dünyada da geniş tamaşaçı auditoriyası qazanacaq və festivallarda layiqli yer tutacaq.

Gül Qədirli

AzNews.az