Akademik Akif Əlizadə Çinin Dünya Tarixi İnstitutunun alimləri ilə görüşdü

AMEA prezidenti, həmçinin cari ildə Çinə səfəri və orada keçirdiyi görüşlər haqqında qonaqlara məlumat verib

Oktyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın prezidenti, akademik Akif Əlizadə Çin İctimai Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun direktoru, professor Van Çaoquanqın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə AMEA-nın A.A.Bakıxanov adına Tarixi İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək Azərbaycanla Çin arasında əlaqələrin tarixi köklərindən danışıb. Qeyd edib ki, Böyük İpək Yolunun üzərində yerləşən və Şərq-Qərb sivilizasiyalarını birləşdirən hər iki xalq ümumdünya mədəniyyətinin yaranmasında mühüm rol oynayıb. Böyük İpək Yolunun tarixi əhəmiyyətindən söz açan akademik yolun keçdiyi ərazilərdə ticarətin canlanmasına Azərbaycanın da töhfələr verdiyini, Avropa ilə ticarət əlaqələrində vasitəçilik etdiyini bildirib. Y.Mahmudov, həmçinin orta əsrlərdə Çin hökmdarlarının müharibədə istifadə etmək üçün Azərbaycanın cins atlarını aldıqlarını və bu barədə tarixi faktların yerli mənbələrdə əksini tapdığını söyləyib. O, sözügedən faktların iki ölkənin alimləri - Nərgiz Axundova və Xou Aytszyun tərəfindən hazırlanan "Azərbaycan-Çin əlaqələri tarixindən" kitabında ictimaiyyətə tədqim olunacağını deyib.

Müasir dövrdə iki dövlətin əlaqələrinə də toxunan alim ulu öndər Heydər Əliyevin xarici ölkələrə ilk səfərlərindən birini 1994-cü ildə Çinə etdiyini, 1998-ci ildə onun təşəbbüsü ilə Bakıda tarixi İpək Yolunun bərpasına həsr olunan beynəlxalq konfransın keçirildiyini diqqətə çatdırıb. O, həmçinin Prezident İlham Əliyevin dəfələrlə Çinə səfər etdiyini və bundan sonra iki ölkənin ali elmi qurumları arasında əməkdaşlıq münasibətlərinin genişləndiyini vurğulayıb.

Sonra çıxış edən akademik Akif Əlizadə tarixi Çin mənbələrində qədim türk xalqlarına dair mühüm materialların hər iki ölkənin alimləri tərəfindən araşdırılaraq beynəlxalq arenada daha geniş təbliğinə ehtiyac olduğunu vurğulayıb. AMEA ilə Çin İctimai Elmlər Akademiyası arasında 2016-cı ildə əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladan akademik sözügedən sənəddən irəli gələrək birgə tədqiqatları genişləndirməyin vacibliyini diqqətə çatdırıb.

Son illərdə ölkəmizin tarixi İpək Yolunun bərpasında aktiv iştirak etdiyini deyən AMEA prezidenti tezliklə alimlərimizin bu məsələyə öz əməli töhfəsini verəcəyini bildirib. Qeyd edib ki, Böyük İpək Yolunun tarixini, mədəniyyətini araşdırmaq üçün AMEA-nın nəzdində elmi mərkəzin yaradılması nəzərdə tutulur.

AMEA prezidenti, həmçinin cari ildə Çinə səfəri və orada keçirdiyi görüşlər haqqında qonaqlara məlumat verib.

Görüşdə Dünya Tarixi İnstitutunun direktoru, professor Van Çaoquanq çıxış edərək, Bakıda ilk dəfə olduğunu və Qobustan, Atəşgah dövlət qoruqlarını, o cümlədən Heydər Əliyev Mərkəzini, bir sıra muzeyləri ziyarət etdiyini bildirib. Ölkəmizin qədim tarixə malik olduğunu deyən çinli alim azərbaycanlı həmkarları ilə birgə mühüm tədqiqatlar aparacaqlarını söyləyib.

Qeyd edək ki, görüşdə, həmçinin AMEA Rəyasət Heyəti aparatının idarə rəisləri - biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, Zülfüqar Fərzəliyev və AMEA Tarix İnstitutunun alimləri iştirak ediblər.

AzNews.az

image description image description image description