"O güclüydü deyə..." "O güclüydü deyə..."

Kamal Sunalın həyat yoldaşı: "Dedi ki, Cüneyt Arkınla evlənə bilərdin"

"O güclüydü deyə..."

10 noyabr 1944-cü ildə anadan olan, ancaq Atatürkün ölüm il dönümü ilə üst-üstə düşdüyü üçün ad gününü 11 noyabrda keçirən türk teatr, komediya və kino aktyoru, ssenarist, prodüser Kamal Sunal yaşasaydı, bu gün 75 yaşını qeyd edəcəkdi.

Onun həyat yoldaşı Gül Sunal jurnalist İpek Özbeyə müsahibə verib.

AzNews.az həmin müsahibəni təqdim edir:

"- Tanış olanda neçə yaşınız var idi? Necə tanış olmusunuz?

- Mənim 20, Kamalın 29 yaşı var idi. O, səhnədə idi, mən də izləyəcilərin arasında. Hovuz səhnəsi var idi. O hovuza girir, nəzarətçi gəlir, paltarları da qucağında. Yəni sözləri yox idi, elə-belə dayandığı bir səhnə idi. Orda göz-gözə gəldik. İki il yarım məktublaşdıq.

- Onda sizi ən çox nə cəlb etdi?

- Gözləri. Kamalın gözləri bir çox insana cəlbedici gəlməyə bilər, amma çox dərin baxırdı. Çox kədərli idi. Ona nə edirsiniz edin, ya da o sizə nə edir etsin. Sonda "Təki pis olmasın" deyərsiniz. Körpə kimi. Hətta qızımız Ezo belə ibtidai sinifdə oxuyanda ona uşaq kimi baxırdı. Hamımıza mərhəmət duyğusunu dərindən hiss etdirirdi.

- Yəni filmlərdən kənarda çox ciddi bir insan olduğu şəhər əfsanəsi idi?

- Kamal utancaq biriydi. Çox təvazökar adam idi. Kamal Sunal deyəndə özünü itirər, çaşar, içinə qapanardı. İndi sağ olsaydı, sizi burda görəndə əvvəl yadırğayar, sonra etimad göstərsə, çox əyləncəli biri olardı. Dostlarımızın çoxu deyib güləndir, amma o, elə deyildi. Dilinin ucunda mır-mır danışardı, birini tutsaydın, günlərlə gülərdin. Çox müşahidə edərdi. Səhər oyananda mən qonaq otağında bir işlə məşğul olardım. O da Ciqulunu təqlid edərdi. Hər gün bir adamı yamsılayaraq gələrdi.

- Xoşbəxt ailə həyatınız var imiş...

- İndiki evliliklərə baxıram, daha da əmin oluram. Biz çox xoşbəxt yaşamışıq.

- Hələ də bu qədər çox izlənilməsinin səbəbini tapa bilmisiniz?

-Kamal real idi. Sadəcə pərəstişkarları yox, iki yaşlı uşaq da onu diqqətlə izləyir. Sosioloqlar araşdırmalıdır. 14 il oldu. Keçən dəfə Stokholmdaydıq. Elə bil o da yanımızdaymış kimi qarşıladılar.

- Bir gününü necə keçirərdi?

- Yuxudan oyanıb, səhər yeməyini yeyib, qəzetini oxuyardı. Saatlarla elanlara baxardı. Bizdə günorta yeməyinə hazırlıq çox olardı. İşləmədiyi günlərdən danışıram. Bir çox insan bilirdi ki, biz saat 13:00-da yemək yeyirik. Bu tərəflərdə işi olan ya da alış-verişə gedib yolu düşən dost-tanış bizə gələrdi. Yenə televiziyaya baxıb, kitabını oxuyub telefonla danışmağı sevərdi. Həftənin 3-4 günü axşam üstü "Çiçek bara" gedərdi.

- O qədər film çəkir, amma siz evinizə bir soyuducu ala biləndə bunu şənliyə çevirirsiniz. Çünki pulunuz yoxdur.. Burda bir tərslik yoxdu?

- Onu heç anlaya bilmirəm. 19 yanvar 1975-ci ildə evlənməyə qərar verdik. Həmin vaxtlarda "Salak Milyoner", "Yalancı Yarim", "İndim Şehire", "Hababam Sınıfı", "Salako" kimi bir çox filmi artıq çəkilmişdi. Bir ev tutduq. Orda yaxşi idik. Hamilə olanda həkim rütubətə görə orda yaşamamalı olduğumu dedi. Ezo ilə Əlini ilk dəfə o evə apardım keçən dəfə. İnana bilmədilər. O qədər nəm iyi var idi ki evdə. Qonaq gələndə kartof qızardardıq ki, rütubət iyi olmasın. Amma biz xoşbəxt idik. Bu gün yenə gedib yaşayaram, Kamalın da olması şərti ilə təbii ki.

- Birbirinizi qısqanırdınız?

- Bunu keçən dəfə uşaqlar da soruşdu. Vallah, ağlımıza gəlmədi heç birbirimizi qısqanmaq. Çox gözəl qadınlarla filmlərə çəkildi. Məsələn, mən heç vaxt çəkiliş meydançasına getməmişdim. Heç bir dostumun kulisinə girmərəm. Çünki onların özünəməxsus zarafatları olur, belə şeylər xoşuma gəlmir. İkincisi, əgər həyat yoldaşına güvənmirsənsə, ayrılmalısan. Ondan yanında kim var deyə soruşmaq mənə ağır gəlirdi. O da soruşmazdı. İkimiz də müstəqil adamlar idik. Bir də görürsən on günlük Bodruma gedib, 2 gündən sonra qayıdırdı ki, bəsdir bu qədər. Deməli, evdə daha xoşbəxt idik.

- Yenidən universitetə gedəndə neçə yaşı var idi?

- 48 yaşı var idi. Magistr dissertasiyasının mövzusu da özü idi. "Məni heç kim araşdırmayacaq deyəsən, özüm özümü araşdırım" deyirdi.

- Bildiyim qədərilə İnek Şaban filmi uşaqlarınızın həyatını bir az çətinləşdirib..

- "İnəyin uşağı" deyib lağ edirdilər. Yanımızda məktəb var idi, hər dəfə ordan keçəndə uşaqlar arxamızdan “mö-mö” deyə bağırırdı. Kamal inciməzdi, amma görünür, uşaqlar özlərini pis hiss edirmişlər. Bir gün Əli məktəbdən gəldi, çantasını yerə atdı və dedi ki, hamısı sənin günahındır. Başa düşmədim. Dedi ki, Cüneyt Arkınla evlənə bilərdim. Ona “Bakkal Qazi” deyirdi. O güclüydü deyə, onunla evlənməyimi istəyirdi.

- Hansı musiqilərə qulaq asırdı?

- Hər şeyi dinləyirdi. "Yeni çıxıb, buna da qulaq asmaq lazımdır" deyirdi. Bəzən maşını dayandırıb, düşüb oynayırdı. Türkü də sevirdi, pop da. Ən çox İbrahim Tatlısesi sevərdi.

- Oğlunuz Əli üçün çox çətin olub. Gecələr məzarının üzərində yatırmış... Necə özünüzə gəldiniz?

- Psixoloq yardımı almadım. İnsan özü özünü rahatlaşdıra bilər. Amma deyəsən bir az şüursuz şəkildə elədim. Ezonun İngiltərəyə getməsi filan mənim edə biləcəyim şeylər deyildi. Ezo ilk gün "Sənin pis olacağın heç nə etməyəcəm" deyə atasına məktub yazmışdı. Birbirimizə dözürük. Çox sıx bağlıyıq birbirimizə.

- Həyat yoldaşınızı itirəndən sonra maddi sıxıntı yaşadınız?

- Bəzən maddi sıxıntı yaşadığım olurdu, amma indi borcum yoxdur. Yaşlı vaxtımda başladığım iş həyatında uğurlu olduğumu deyirlər. Heç kimə möhtac olmadan yaşayıram. Çox insan qazandığımı görürəm və buna görə çox xoşbəxtəm".

Pərvanə

AzNews.az