Qətərdə Leyla Əliyevanın kitabının təqdimatı keçirilib - FOTO/VİDEO

Leyla Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş sənədli film də nümayiş etdirilib

Azərbaycanın Qətərdəki səfirliyi və “Katara” Mədəniyyət Şəhərciyi Fondunun təşkilatçılığı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş “Dünya yuxutək əriyir” şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Aznews.az xəbər verir ki, səfirlikdən verilən məlumata görə, tədbirdə “Katara” Mədəniyyət Şəhərciyinin baş direktoru Khalid İbrahim Əl-Sulayti, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyənin Qətərdəki səfiri Mehmet Mustafa Göksu, həmçinin Qətərdə akkreditə olunan bir sıra ölkələrin səfirləri və diplomatik heyəti, bu ölkədə fəaliyyət göstərən media nümayəndələri, eyni zamanda, Qətərdə yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

R.İsmayılov tədbirdə çıxış edərək Leyla Əliyeva poeziyasının dərin fəlsəfi çalarlarından, özünəməxsusluğundan söz açıb və “Dünya yuxutək əriyir” kitabının ərəbcə versiyasının ilk dəfə Qətərdə təqdim olunduğunu vurğulayıb. O, oxuculara təqdim olunan bu şeirlər toplusunda “Getmə, ana”, “Hərənin öz sonu”, “Qu quşu”, “Kəpənək”, “Hər birinin sonu var”, “Pərvanə” və digər təsirli şeirlərin olduğunu qeyd edib.

R.İsmayılov həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası barədə də məlumat verərək, burada əsas məqsədin beynəlxalq birliyi Xocalı faciəsi haqqında ədalətli məlumatlandırmaq olduğunu qeyd edib və bu kampaniya çərçivəsində dünyanın bir çox ölkələrində həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq, yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzünün ifşa olunduğunu diqqətə çatdırıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təqdimatı keçirilən kitabın məziyyətlərindən söz açıb. Bildirib ki, Leyla Əliyeva gənc olmasına baxmayaraq, çoxşaxəli istedada malikdir. O, gözəl, səmimi, romantik, incə ruhlu şeirlərin müəllifi, maraqlı rəssamdır. Onun bir çox rəsmləri sərgilərdə nümayiş olunub. Leyla Əliyeva Azərbaycanın ictimai həyatında özünəməxsus yer tutur. Bunların hamısını birləşdirsək deyə bilərik ki, o, incə bir ürəyin sahibidir və bu, onun şeirlərində də hiss edilir.

Qeyd edək ki, “Dünya yuxutək əriyir” kitabının dizaynında Leyla Əliyevanın müəllifi olduğu rəsm əsərlərindən nümunələr əks olunub.

Sonra Leyla Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.

“Katara” Mədəniyyət Şəhərciyində keçirilmiş Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş “Dünya yuxutək əriyir” şeirlər kitabının təqdimat mərasimi haqqında Qətərin ingilisdilli “Gulf Times” və “The Peninsula” qəzetlərində geniş məqalələr dərc edilib, həmçinin “Katara” Mədəniyyət Şəhərciyinin rəsmi saytında və sosial şəbəkələrində məlumatlar yerləşdirilib.