Ayşən Mehdiyeva Rəşad Məcidin sözlərinə yazılmış mahnısından danışdı

Musiqiçi Ayşən Mehdiyeva yazıçı, jurnalist Rəşad Məcidin sözlərinə yeni mahnı ifa edib. “Nə yaxşı gəldin” adlanan mahnı ilə bağlı Ayşən Mehdiyevanın fikirlərini öyrəndik.

O, AzNews.az-a açıqlamasında bildirdi ki, Rəşad Məcidi çoxdan tanıyır və bir çox tədbirdə həmsöhbət olublar:

"Rəşad müəllim dəyərli ziyalımızdır və bizim üçün onun qiymətli sözləri hər zaman önəmlidir. Həmişə də sənətimizə diqqət göstərib, mən və mənim kimi bir çox gənclərə dəstək olub", - deyə o əlavə edib.

A. Mehdiyeva mahnının yaranması ilə bağlı danışarkən qeyd etdi ki, Rəşad Məcidlə Heydər Əliyev mərkəzində keçirilən tədbirdə qarşılaşıblar:

"Sosial şəbəkədə paylaşmaq üçün şəkil çəkdirdik, hər ikimiz də həmin şəkili paylaşdıq. Mahnının bəstəkarı Aygün Bayramlı deyir ki, şəklinizi gördüm və düşündüm ki, elə bu mahnını Ayşən xanım ifa etməlidir. Bu təklif mənə gəldikdə düşünmədən razılıq verdim. Çünki musiqinin kimlərə aid olduğunu bilirdim. Həm şeirdə, həm də musiqidə ruh vardı. Əgər sözlərdə bir yaşanmışlıq yoxdursa, mən o mahnını oxuya bilmirəm. Mahnının sözlərində kədər, nisgil olsa da, sonda mahnıya bir pozitivlik yüklənir və “Nə yaxşı gəldin” deyir. Düşünürəm, hər bir insanın həyatında bu mahnı ilə xitab edəcəyi insan olmalıdır. Həmçinin günümüzün mahnıları ilə müqayisədə çox fərqli bir musiqidir. Bu mahnı istənilən yaş kateqoriyasının nümayəndəsinin seçimi olacaq və dəbdə qalacaq. Həyatımıza elə insanlar almalıyıq ki, doğrudan da bu sözə dəysin, “nə yaxşı gəldin” deyək".

Rəşad Məcid də sosial media hesabında mahnı ilə bağlı fikirlərini bölüşüb. O mahnının ərsəyə gəlməsində əməyi olan xanımlara təşəkkür edib.

"İki gözəl və istedadlı xanımın - Ayşən Mehdiyeva və Aygün Bayramlının ərsəyə gətirdiyi bu gözəl mahnıya görə dərin təşəkkürümü bildirirəm. 30 il əvvəl yazılan şeirə belə can verib diriltdiyinizə, ruhumuzu oyatdığınıza, sirli musiqi və ecazkar ifanızla bizi reallıqdan uzaqlaşdırdığınıza görə minnətdaram!".

Rəfiqə NAMAZƏLİYEVA