Azərbaycan irsi UNESCO-nun ilkin siyahısında

2025-ci il iyulun 6-dan 16-dək Fransanın paytaxtı Parisdə, UNESCO-nun Baş Qərargahında Dünya İrsi Komitəsinin 47-ci sessiyası keçirilir. Sessiyanın 11 iyul tarixli iclasında Dünya İrsinin İlkin Siyahısına təqdim olunan nominasiya fayllarının müzakirəsi aparılıb və Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan qərar qəbul olunub. Mədəniyyət Nazirliyinin yaydığı məlumata əsasən, ölkəmiz tərəfindən təqdim edilmiş “Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib. Bu qərar, təkcə Azərbaycanın mədəni irsi baxımından deyil, həm də beynəlxalq aləmdə ölkənin tarixi və mədəni irsinin tanınması və qorunması istiqamətində mühüm bir addımdır.

İlkin Siyahı – UNESCO-nun Dünya İrs Siyahısına daxilolmanın birinci mərhələsidir və bu mərhələyə qəbul edilən hər bir abidə və ya məkan artıq beynəlxalq diqqətin, elmi dəyərləndirmənin və gələcək qoruma tədbirlərinin obyektinə çevrilir. Siyahıya daxil olmaq abidənin tarixi, mədəni və ya təbii baxımdan bəşəriyyət üçün nadir əhəmiyyət daşıdığını göstərir. Qədim Qəbələ və Gəmiqaya-Göygöl kompleksinin bu siyahıya salınması, Azərbaycanın qədim sivilizasiyaların beşiyi olduğu barədə fikirləri gücləndirməklə yanaşı, həmin məkanların qorunmasına, öyrənilməsinə və gələcək nəsillərə ötürülməsinə dair beynəlxalq öhdəliklər doğurur.

Qədim Qəbələ şəhəri tarixən Qafqaz Albaniyasının ilk paytaxtı kimi tanınır. Eramızdan əvvəl IV əsrdən etibarən regionun siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynamış, Roma, Yunan və digər qədim mədəniyyətlərlə əlaqələri olmuş bu şəhər, təkcə qədim şəhərsalma və memarlıq örnəkləri ilə deyil, həm də arxeoloji tapıntılar baxımından əhəmiyyətlidir. Qəbələnin qədimliklə müasirliyin qovuşduğu bu tarixi layiqli şəkildə qorunarsa, Azərbaycanın tarixindəki kontinuitetin – fasiləsizliyinin canlı sübutuna çevrilə bilər.

Digər tərəfdən, Gəmiqaya və Göygöl kompleksi Ordubad rayonunda, Zəngəzur silsiləsinin 3725 metr yüksəklikdəki sərt relyefli, lakin mistik mənzərəli ərazisində yerləşir. Tunc və Dəmir dövrlərinə, eləcə də Orta əsrlərə aid minlərlə qayaüstü rəsmlər bu ərazidə toplanıb. Gəmiqaya təsvirləri qədim insanların düşüncə tərzini, məişətini, inanc sistemini və sənət anlayışını əks etdirən nadir nümunələrdəndir. UNESCO tərəfindən tanınmaq bu abidənin yalnız elmi araşdırmalara deyil, həm də mədəni turizmin inkişafına təkan verəcək.

UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmək – istər ilkin mərhələdə, istərsə də əsas siyahıya keçid zamanı – hər hansı abidə və ya məkan üçün strateji və simvolik əhəmiyyət daşıyır. Bu, bir növ beynəlxalq hüquqi və mənəvi zəmanət deməkdir. Siyahıda yer alan abidələr beynəlxalq təşkilatların dəstəyilə qorunur, bərpa və konservasiya işlərinə maliyyə yardımı cəlb edə bilir, həmçinin bu abidələrə təhdid olan risklərə qarşı diqqət daha da artır. UNESCO-nun tələbləri əsasında həmin abidələrin idarə olunması, turizmə açılması və yerli icmalarla əməkdaşlıq prinsipləri daha sistemli formalaşdırılır.

Hazırda Azərbaycanın UNESCO-nun Dünya İrsi Siyahısında əsas siyahıya daxil olan abidələri sırasında Qobustan Qayaüstü Rəsmləri, İçərişəhər (Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi daxil olmaqla), Şəki Xan Sarayı və Xəzər dənizi sahilində yerləşən, transsərhəd statuslu Hirkan Meşələri yer alır. İlkin siyahıda isə Xınalıq və Köç Yolları, Atəşgah, Şuşa şəhəri, Basqal qəsəbəsi kimi bir çox tarixi və mədəni ərazilərimiz mövcuddur. “Qədim Qəbələ şəhəri” və “Gəmiqaya-Göygöl Kompleksi”nin də bu sıraya əlavə olunması Azərbaycan mədəniyyət tarixinin daha iki mühüm qatını beynəlxalq aləmdə görünən edir.

Bu nominasiya həm də gələcək nəsillərə, yerli icmalara və qərarvericilərə bir çağırışdır: bu irs bizim təkcə keçmişimiz deyil, həm də gələcək məsuliyyətimizdir. Hər iki kompleksin əsas siyahıya daxil edilməsi üçün bundan sonra elmi tədqiqatların genişləndirilməsi, bərpa işlərinin davam etdirilməsi, müasir turizm infrastrukturunun dayanıqlı formada qurulması və dünya ictimaiyyətinə tanıdılması istiqamətində işlər davam etdiriləcək. UNESCO-nun dəstəyi bu prosesin daha səmərəli və beynəlxalq standartlara uyğun şəkildə aparılmasına imkan yaradacaq. Beləliklə, Azərbaycan öz mədəni irsini sadəcə qorumaqla kifayətlənmir, onu dünyaya təqdim etmək və bu irsi bəşəriyyətin ümumi sərvəti kimi qəbul etdirmək yolunda ciddi addımlar atır.

Pərvanə,

AzNews.az