Gəncədə izolyasiya tədbirlərinə polis nəzarət edir

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində gücləndirilmiş iş rejimində xidmət apararaq həm sahibkarlar, həm də şəhər sakinləri ilə maarifləndirici söhbətlər ediblər.

Gəncədə sosial izolyasiya tədbirləri ilə bağlı polis hərəkətə keçib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzNews.az-a verilən məlumata görə, koronavirus infeksiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilməyə başladığı vaxtdan etibarən Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində gücləndirilmiş iş rejimində xidmət apararaq həm sahibkarlar, həm də şəhər sakinləri ilə maarifləndirici söhbətlər ediblər. Həmçinin, ictimai obyektlərin saat 21:00-da fəaliyyətini dayandırmasına nəzarət ediblər.

Bundan başqa Baş İdarənin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sürücüləri ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımalarına martın 19-dan 29-dək qadağa qoyulması ilə bağlı məlumatlandırıblar.