FHN uçan körpü ilə bağlı məlumat yaydı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri hadisə yerinə gəlib

Son günlər yağan aramsız yağışlar nəticəsində Quba rayonunun Çayqışlaq kəndini iki hissəyə ayıran Şabrançay üzərində yerləşən körpünün uçması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

AzNews.az-ın məlumatına görə, dərhal əraziyə FHN-in aidiyyəti qurumlarının nümayəndələri cəlb edilib, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri hadisə yerinə gəlib.

Mütəxəssislər tərəfindən müəyyən edilib ki, körpü keçidi 2017-ci ildə kənd sakinləri tərəfindən primitiv qaydada 2 ədəd uzunluğu 12 metr, eni 1,5 metr olan plitələr üzərində kənddaxili gediş-gəliş məqsədilə quraşdırılıb. Sel nəticəsində blokların altı yuyulub və körpü keçidi çöküb. Kənd əhalisinin hazırda rayon mərkəzi, eləcə də digər yaşayış məntəqələri ilə gediş-gəlişində bir problem yoxdur. Körpünün tikinti norma və tələblərinə uyğun yenidən inşası üçün məsləhətləşmələr aparılır.