Abgəz, Acıbac, Açağu qalası Abgəz, Acıbac, Açağu qalası
  • Mahal
  • 9 Avqust 2021 11:35
  •  9 273

Zəngəzur toponimləri

Abgəz, Acıbac, Açağu qalası

Əvvəli burada

Abgəz - Mığrı rayonun Aldərə kəndinin yaxınlığında kənd. D.D Paqirevin 1913-cü ildə tərtib etdiyi “Qafqazın beşverstlik xəritəsinin adları göstəricisi” toplusunda və Qafqazın hərb topoqrafik xəritəsində kəndin adı Abqyaz şəklində göstərilmişdir. Yuxarı Vartanizor və Mərzəkit kəndlərinin yaxınlığında yerləşirdi. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq əhali qonşu kəndlərə köçmüş , kənd ölü kəndə çevrilmişdir. Oykonim 2 tərkib hissədən ibarətdir. Fars mənşəli ab (su ) və türk dilinə məxsus “gəz” ( aşırım dağın ən yüksək iti yeri gəzdək dağ çökəyi ) ibarət olub. “Dağ suyu” mənasındadır.

Acıbac - Qafan rayonunda kənd. Qafan rayonun ən yüksək dağ kəndlərində biri olub, dəniz səviyyəsindən 2000-2200 m. yüksəklikdə, Qafan şəhərindən 40 kilometr şimal-şərqdə Bərguşad sıra dağlarının ətəyində Acıbac çayının sahilində yerləşir.

Kənd hər tərəfdən meşəliklə əhatə olunmuşdur (Taxmaq, Maral ölən, Əbədərə, Qarayataq, Məmməddər, Dəf meşələri). Acıbac kəndi Zəngəzur qəzasında yaşamış Səfulu tayfasının qışlaqlarından (Ağbız, Acıbac, Alısar, Ballıqaya, Baynakar, Göyyal, Dərətun, Qıvraq, Girs, Murxus, Pirəsad, Püsyan, Saldaş, Sancaraqlu, Sarıcıq, Hartikuz, Çavalı ve Yavsunlu) biridir.

XVI əsrdə salınmışdır. Osmanlı imperaterluğunun 1593-cü ildə tərtib edilmiş "Urut va İskəndər qalası livalarının müfəssəl dəftəri"ndə kəndin adı Acbacı şəklində göstərilmişdir. Kəndin toponimləri: Maral ölən çeşməsi , Baldırqanlı bulaq, Qarayataq, İlbənd, Çobanöldürən, Daş körpü, Matal qaya, Sarı yurd vəs.

Statistik məlumatlara görə, kənddə 1886-ci ildə 220, 1931-ci ildə 90, 1986-ci ildə 200 nəfər azarbaycanlı əhali yaşamışdır.

1918-ci ildə Andranikin daşnak ordusu kəndi dağıtmış, əhalini qırmış, sağ qalanlar dağlarla Ordubada qaçmışlar. Həmin dövrdə Acıbac kəndinin XVII əsrə aid müsəlman-türk memarlıq üslubunda tikilmiş Tağlı məscidi yandırılıb dağıdılmışdır. 1922-ci ildən sonra qaçqın əhali yenidən öz doğma kəndinə qayıtmış təsərrüfatı bərpa etmişdir. 1988-ci ildən kənddə 8 illik məktəb fəaliyyət gösterirdi, klub, kitabxana, tibb məntəqəsi var idi.

1988-ci ilin 4 dekabrında erməni separatçıları Acıbac kəndinin əhalisini kənddən zorla qovub çıxartdılar. Hazırda kəndin əhalisi Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərlərində məskunlaşıb. Ermənistan SSR Ali Soveti Rəyasat Heyatinin 09.04.1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Acabac adlandırılmışdır.

Açağu qalası - Qafan rayonunun Açağu kəndində müdafiə qalası. Qız qalası da adlandırılar. X-XIII əsrlərə aiddir.

Ardı var...

Mənbə: Musa Urud, “Zəngəzur toponimləri”

Bakı-2013