Ağbatxeyir , Ağbənd , Ağbənd qəsəbəsi , Ağbiz Ağbatxeyir , Ağbənd , Ağbənd qəsəbəsi , Ağbiz
  • Mahal
  • 18 Avqust 2021 12:32
  •  3 967

Zəngəzur toponimləri

Ağbatxeyir , Ağbənd , Ağbənd qəsəbəsi , Ağbiz

Əvvəli burada

Ağbatxayır, Ağbatxeyir - Laçın rayonu ərazisində, Minkənd çayının qolu olan Ağbatxeyir çayının dərəsində kükürdlü mineral bulaq. Müalicəvi təsiri vardır. Yerli əhali mədə-bağırsaq xəstəliklərinin müalicəsində yaxşı təsir göstərdiyini qeyd edir. Toponimin mənası “aqibəti xeyir", xeyirli, şəfaverici su anlanındadır.

Ağbənd – Zəngilan rayonu ərazisində dağ D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adları göstəricisi" toplusunda Aq-bent dağı və dağ aşırımı qeyd olunur. Bartaz dağ silsiləsinin Araz çayının dərəsinə enən yerindədir. Süxurları ağ rəngdə olan dağ Araz çayının dərəsinə doğru bəndi xatırladan formada uzandığına görə belə adlandırılmışdır.

Ağbənd qəsəbəsi– Zəngilan rayonunda qəsəbə. Araz çayının sahilində, Ağbənd dağının ətəyindədir. Toponimin adı yaxınlıqdakı Ağbənd dağından götürülmüşdür. Vejnoli kənd inzibati ərazi vahidinin tabeliyindədir. Bakı-Naxçıvan dəmir yolunun dayanacaqlarından biridir. Qəsəbə rayon mərkəzindən cənub-qərbdə, rayonun 35 km-də, dəniz səviyyəsindən 500 m hündürlükdə yerləşir. Ağbənd qəsəbəsi rayonun Vejnoli kəndi, Meğri rayonu və İran İslam Respublikası ilə qonşudur. Qəsəbə şimalda Mollu, şərqdə Dəvəboynu dağı, qərbdə Sığırt dağları ilə əhatə olunmuşdur. Qəsəbədə işğala qədər (1993) orta məktəb, kitabxana, mağaza, klub, po poçt və digər sosial obyektlər var idi. 57 ev, 299 nəfər əhali olmuşdur. Ağbənd qəsəbəsində Pələng dərəsi, Həsəni bağı düzü, Şilli çeşmə , Ballı çeşmə, Sulu dərə, Smaxor dərəsi və s. yer adları vardır. Qəsəbədə Göy bənd körpüsü, dəmir yol tuneli vardır. Ağbənd yaşayış məntəqəsi 1930-cu illərdə Bakı-Naxçivan dəmir yolu xəttinin çəkilişində və istismarında çalışan işçilər üçün sahnmiş, 1958-ci ildə Bartaz, Vejnəli, Dəlləkli, Əmirxanlı, Baharlı, Çöpədərə və Sürtün kəndlərindən qalmış ailalərin hesabına genişlənərək qəsəbə statusu almışdır. Qəsəbənin adı ətəyində salındığı dağın adından götürülmüşdür.

Ağbiz – Zəngilan rayonunda kənd. Ağbiz dağının yamaclarındadır. İsgandarbayli kənd inzibati ərazi vahidinin tabeliyindədir. Kənd rayon mərkəzindən şimal-şərqdə, rayonun 33 km-də, dəniz səviyyəsindən 1300 m hündürlükdə yerləşir. Kəndin ərazisi 900 hektardır. 350 hektar əkin və yaşayış sahəsi, qalan hissəsi isə meşəlik və kolluqdur. Ağbiz kəndi bir tərəfdən Ermanistanla, qalan tərəflərdə isə, İsgəndərbəyli, Aşağı Yemazli və Ağakişilər kəndləri ilə qonşudur. Kənddə işğala qədər (1993) orta məktəb, klub, kitabxana, tibb məntəqəsi,mağaza ve digər sosial obyektler var idi. 20 ev, 120 nəfər əhali olmuşdur. Ağbiz kəndində üstündə qədim əlyazma (1824-cü il tarixli) olan bulaq, Ağbiz dərəsi adlanan meşaəli dərə, Cidalı adlanan pir var idi. Kənd əvvəllər sofulu tayfasına məxsus olmuş qışlaq yerində salınmışdır. Qışlaq isə Ağbiz dağının adı ilə adlandırılmışdır. Yerli sakinlərin dediyinə görə, kəndi XVIII əsrdə Ordubadın Bis kəndindən gələnlər salmışdır.

Ardı var...

Mənbə: Musa Urud “Zəngəzur toponimləri”, Bakı-2013