Türkiyədə hərbi çevrilişə cəhd zamanı “darbeci”lərin qərargah kimi istifadə etdiyi Akıncı hərbi hava bazası bağlanacaq. Türkiyədə hərbi çevrilişə cəhd zamanı “darbeci”lərin qərargah kimi istifadə etdiyi Akıncı hərbi hava bazası bağlanacaq.

Türkiyədə hərbi bazalardan biri bağlandı - Yerində istirahət zonası salınır

Türkiyədə hərbi çevrilişə cəhd zamanı “darbeci”lərin qərargah kimi istifadə etdiyi Akıncı hərbi hava bazası bağlanacaq.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş naziri Binəli Yıldırım Kazan meydanında vətəndaşlara müraciətində bildirib: "Siz tək ürək, tək bilək oldunuz, qiyamçıların önündə dimdik dayandınız. İndi buradan - Kazan meydanından hər kəsə elan edirəm. Xainlərin yuva qurduğu Akıncı hərbi hava bazası bağlanacaq və ora şəhidlərimizin xatirəsinin yaşadılacağı bir yerə çevriləcək".

Baş nazir 15 iyul tarixinin Türkiyə üçün qürur günü kimi yadda qalacağını qeyd edib: "15 İyul Türkiyənin ikinci böyük qurtuluş mübarizəsinin adıdır. 15 iyulu hər il "Demokratiya Şəhidləri Günü" kimi kimi yad edəcəyik. O gün küçələrə çıxdınız, 15 gündür ki, küçələrdə, meydanlardasınız. Türkiyəyə sahib çıxdınız. Kazana sahib durursunuz".

Yıldırım Ankara və İstanbuldakı hərbi bazaların bağlanacağını, onların yerində istirahət məkanlarının yaradılacağını bildirib: "Ankarada və İstanbulda tankların çıxarıldığı, helikopterlərin havaya qaldırıldığı bütün kazarmaları bağlayırıq. Millətin üstünə tank sürənlər, bundan sonra tankları tapa bilməyəcəklər. Orada Ankaranın insanlarının vaxt keçirdiyi gözəl məkanlar olacaq. Tankların Ankaranın, İstanbulun içində nə işi var? Düşmən Ankarada, İstanbulda deyil. Düşmənin olduğu yer bəllidir".

Baş nazir hərbi çevrilişə cəhd edənlərin etdikləri əməllərə görə ağır cəza çəkəcəklərini də vurğulayıb: "Bu millətin canından, qanından, dişindən, dırnağından kəsərək verdiyi pullarla alınan o tanklar, o təyyarələr, o helikopterlərdən bombaları, mərmiləri amansızcasına sizin üzərinizə atanlardan heyifinizi alacaq, burunlarından gətirəcəyik".

Çıxışı zamanı Binəli Yıldırım Fətullah Gülənin ölkəyə gətirilməsi məsələsinə də münasibət bildirib: "Bilməyinizi istəyirəm ki, bu əziz vətəni, bu əziz milləti bölməyə, parçalamağa keç kimin gücü çatmaz. Bu çevriliş cəhdinin günahkarı olan ABŞ-dakı o terrorçu liderini hər necə olursa-olsun Türkiyəyə gətirəcəyik".

Aydan AXUNDOVA