- Siyasi müzakirə
- 21:39
- 1 081
“NATO ölkələri Rusiyaya qarşı real addımlar atmır” - Abutalıb Səmədov

“Rusiya PUA-larının Polşa sərhədini keçməsi sonrası baş verən hadisələr, yalnız bir neçə PUA-nın vurulması, ABŞ-ın kifayət qədər laqeyd reaksiyası və NATO-dakı vəziyyətin nə qədər ağır olduğunu bir daha nümayiş etdirdi. Görünür, Rusiyanın məqsədi də məhz bu idi: PUA-ların sərhədi keçməsinə Avropa ölkələrinin və ABŞ-ın necə reaksiya verəcəyini və hansı addımlar atacaqlarını öyrənmək. Hadisə bir daha göstərdi ki, ABŞ olmadan NATO elə də ciddi hərbi gücə malik deyil. Eyni zamanda, çoxlarının güman etdiyi kimi, bir NATO ölkəsinə hücum, digərlərini də işğala məruz qalmış hiss etdirmir. Polşa nə qədər narahat olsa da, ABŞ PUA-ların sərhədi keçməsinə əhəmiyyətsiz bir hadisə kimi qiymət verdi”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.
Qeyd edək ki, Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının NATO ölkələrinin hava məkanını pozması bölgədə gərginliyi xeyli artırıb. Hadisə nəticəsində Rumıniya və Polşa qırıcı təyyarələri havaya qaldırılıb, həmçinin hava həyəcanı siqnalı işə salınıb. Ekspertlər bildirir ki, Rusiyanın bu addımı NATO ölkələrinin təhlükəsizliyini birbaşa sınağa çəkmək məqsədi daşıyır.
Siyasi şərhçi qeyd edib ki, bu Rusiyaya göstərdi ki, ABŞ, xüsusilə Trampın hakimiyyəti dövründə, Avropaya hücum şəraitində ciddi reaksiya verməyəcək.
“Bu addım Avropa üçün əlavə gərginliyə səbəb oldu mu? Güman edirəm ki, olmadı. Çünki Avropa ölkələri onsuz da kifayət qədər gərgin vəziyyətdədir, Rusiya tərəfindən yaxın illərdə hücum gözləyirlər və anlayırlar ki, Avropa dövlətləri buna hazır deyillər. Uzun illər ABŞ-a arxayın olmağın cəzasını çəkirlər. Bu səbəbdən Ukrayna ilə Rusiya arasında gedən müharibənin mümkün qədər uzanmasını istəyirlər ki, vaxt qazansınlar və hərbi güclərini artırsınlar. Ancaq çox təəssüf ki, bir tərəfdən qorxsalar da, müharibənin uzanması üçün lazım olan dəstəyi Ukraynaya göstərirlər. Avropa dövlətləri Rusiyadan neft almamağa çalışmır, qaz alışını isə hələ də dayandırmırlar. Əslində, Avropa Rusiyadan təqribən 50 milyard kubmetr qaz alır ki, bu, Rusiyanın kifayət qədər ciddi gəlir mənbəyidir. Avropa bu addımı atmaq istəmir. Eyni zamanda, Rusiyadan neft alan Hindistan və Çin kimi ölkələrə qarşı əlavə rüsumlar tətbiq etmək də istəmirlər. Beləliklə, bir tərəfdən qorxu var, digər tərəfdən isə Rusiyanın qarşısını almaq üçün zəruri addımlar atılmır və bu, Trampa bəhanə verir ki, Putinin qarşısını qırmasın. PUA-ların Polşa sərhədini keçməsinin əsas məqsədi NATO ölkələrinin reaksiyasını yoxlamaq, onların nə dərəcədə bir yerdə olduğunu müəyyənləşdirmək və Avropa dövlətlərini Ukrayna məsələsində daha ehtiyatlı olmağa vadar etmək idi. Bu məqsədə müəyyən qədər nail olundu. Yardımlara gəldikdə isə, onsuz da Avropa tələb olunan yardımı Ukraynaya göstərmir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az