“Ermənistanın gələcəyi əsassız iddialardan imtina ilə bağlıdır” - Mübariz Göyüşlü

“Ermənistanın son davranışlarını müsbət qiymətləndirirəm. Soyqırım iddiasından geri çəkilməsi həm dövlətin gələcəyi, həm də cəmiyyətin rifahı üçün ən doğru addım olacaq. Bu əsassız iddia uzun illərdir Ermənistanı nə regional, nə də beynəlxalq miqyasda heç bir uğura aparmayıb, əksinə qonşularla münasibətlərin gərginləşməsinə, ölkənin təcrid vəziyyətinə düşməsinə və inkişafdan geri qalmasına səbəb olub. Bununla yanaşı, Ermənistan Konstitusiyasında və əsas qanunvericilik sənədlərində Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların qalması ölkənin həm siyasi, həm də iqtisadi gələcəyinə mənfi təsir göstərir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Qeyd edək ki, Ermənistan hökuməti noyabrın 1-dən etibarən ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan vizalarda Ağrı dağı təsvirinin istifadə olunmamasına dair qərar verib. Bu addım ölkə daxilində geniş müzakirələr doğurub və İrəvanın bir daha Bakı-Ankara qarşısında geri addım atması kimi dəyərləndirilib.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan bu müddəaların ləğvini tələb edir və bunu bölgədə sülhün, eləcə də normal münasibətlərin bərpası üçün əsas şərt sayır.

“Əgər Ermənistan rəhbərliyi bu istiqamətdə qərarlı addımlar atsa və ardıcıllıq nümayiş etdirsə, həm regionda sülhə, həm də ölkənin beynəlxalq imicinə müsbət təsir edəcək nəticələr əldə oluna bilər. Lakin bu prosesin nə dərəcədə ciddi və davamlı olacağına yalnız zaman işıq tutacaq”.

Rəfiqə Namazəliyeva,

AzNews.az