“Dərs vaxtı telefon istifadəsinə tam qadağa vacibdir” - Məzahir Məmmədli

“Bilirsiniz ki, mobil telefonlarla bağlı qadağalar ilk dəfə tətbiq olunmur. Fransada, Sinqapurda, Kanadada və bəzi Avropa ölkələrində həm qismən, həm də tam məhdudiyyətlər qoyulub. Amma onların təcrübəsi göstərir ki, bu addımlar hər zaman arzu olunan nəticəni vermir. Çünki artıq XXI əsrdə yaşayırıq və telefon həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Onsuz gündəlik həyatın, fəaliyyətin təşkili mümkün deyil. Bununla belə, məktəblərdə dərs zamanı telefon istifadəsinə tam qadağa qoymaq mümkündür və hətta vacibdir. Xüsusilə də akademik göstəriciləri zəif olan şagirdlər – əsasən 6, 7 və 8-ci siniflərdə oxuyanlar – telefonlardan çox zaman özlərini tanıtmaq, diqqət çəkmək, bəzən isə müəllimləri və ya digər şagirdləri çəkib şantaj etmək məqsədilə istifadə edirlər. Bu isə tədris prosesinə mənfi təsir göstərir. Ona görə də dərs vaxtı telefonların yığışdırılması ən doğru yoldur. Şagird məktəbə daxil olanda telefonunu təhvil verir, dərsdən çıxanda geri alır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib: “Tam qadağa bəzi imkanları məhdudlaşdıra bilər, ona görə balanslı yanaşma vacibdir. Müəllimlər dərs zamanı tədris məqsədilə, fövqəladə hallarda isə valideynlərlə əlaqə üçün telefonlardan istifadəni təmin etməlidir.” O əlavə edib ki, 2025-2026-cı tədris ilindən etibarən bütün ümumtəhsil müəssisələrində dərs vaxtı mobil telefonlardan istifadə qadağan ediləcək. Valideynlər uşaqların dərsdə olub-olmaması ilə bağlı narahatdırlar, lakin telefonlar həm də dərsdən yayınmaq və şantaj vasitəsi kimi istifadə olunur. Bununla yanaşı, bəzi hallarda video çəkilişlər məktəblərdə neqativ halların aradan qaldırılmasında faydalı olur.

Ekspert bildirib ki, bu yanaşma bəzi məktəblərdə uğurla tətbiq edilir.

“Hər şagirdin telefonunu qoyması üçün xüsusi yerlər ayrılır. Bununla yanaşı, dərsin gedişində hansısa beynəlxalq təcrübəyə, resursa ehtiyac yaranarsa, həmin anda müəllim və şagirdin birlikdə telefondan istifadə etməsinə icazə verilir. Belə yanaşma həm tədris prosesinə mane olmur, həm də texnologiyadan faydalı istifadəyə imkan yaradır. Valideynlərin narahatlığı da haqlıdır. Onlar övladları ilə daim əlaqə saxlamaq, onların harada və necə olduqlarından xəbərdar olmaq istəyirlər. Xüsusilə övladını məktəbə qoyub birbaşa işə gedən valideynlər üçün bu, vacib məsələdir. Bu səbəbdən telefonlara tam qadağa qoymaq düzgün deyil, əsas məqsəd onların səmərəli və nəzarətli istifadəsini təmin etməkdir. Unutmaq olmaz ki, evdə də uşaqları telefondan tam uzaqlaşdırmaq mümkün olmur. Bir neçə saat belə telefonsuz qalmaq çətinləşir. Ona görə də məktəblərdə də bu məsələni balanslı şəkildə həll etmək, həm tədris mühitini qorumaq, həm də texnologiyanın faydalı imkanlarından yararlanmaq üçün optimal mexanizmlər tapmaq lazımdır. Belə yanaşma həm şagirdlərin inkişafına mane olmayacaq, həm də dərs prosesinə zərər verməyəcək”.

Rəfiqə Namazəliyeva,

AzNews.az