- Redaktor masası
- 9 Sentyabr 22:45
- 3 570
Parçalanma və nifaq düşmənin ən böyük arzusudur - Ceyhun Məmmədov

Son günlərdə cəmiyyətimizdə qaçqınlara qarşı bəzi təhdid və ittihamların, uyğun olmayan ifadələrin işlədilmə hallarının artması müşahidə olunur. Unutmayaq ki, Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq hüquq normaları hər bir şəxsin, o cümlədən qaçqınların və məcburi köçkünlərin hüquq və azadlıqlarının qorunmasını təmin edir. Bu insanlara qarşı ayrı-seçkilik və nifrət çağırışları həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir.
Xalqımız tarix boyu humanizm, qonaqpərvərlik və həmrəylik ənənələri ilə seçilmişdir. Bu gün də biz bu dəyərlərimizi qorumalı, çətin durumda olan insanlara sahib çıxmalı və cəmiyyətimizdə barış, tolerantlıq və qarşılıqlı hörmət mühitini möhkəmləndirməliyik.
Bilməliyik ki, qaçqınlara və məcburi köçkünlərə qarşı mənfi münasibət yalnız onların deyil, bütövlükdə dövlətimizin nüfuzuna və milli birliyimizə zərbə vurur. Çünki parçalanma və nifaq düşmənin ən böyük arzusudur. Bu səbəbdən hər bir vətəndaşımızı həmrəyliyimizi qorumağa, nifrət və ayrı-seçkilik ritorikasından uzaq durmağa çağırırıq.
Cəmiyyət olaraq bizdən tələb olunan ən mühüm məsələ həmrəylik, anlayış və bir-birimizin dərdinə şərik olmaqdır. Unutmayaq: milli gücümüz birliyimizdədir!
Ceyhun MƏMMƏDOV,
Milli Məclisin üzvü