Bayraq qalmaqalı: ABŞ Rusiya qarşısında geri çəkildi

Vaşinqton San-Fransiskodakı Rusiya konsulluğunun binasından çıxarılmış bayraqları yerinə qaytarıb.

AzNews.az-ın dünya mediasına istinadən məlumatına görə, bu haqda jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

O, bildirib ki, eyni zamanda Rusiya baş konsulluğunun arxivi də geri qaytarılıb.

Qeyd edək ki, sentyabrın 3-də ABŞ Rusiyanın Vaşinqtondakı ticarət missiyasını və onun Nyu-Yorkdakı bölməsini bağlayıb. Həmçinin Rusiya Baş Konsulluğunun San Fransiskodakı fəaliyyətinin ləğv edilməsini, iqamətgahının boşaldılmasını tələb edib.

ABŞ hakimiyyəti baş konsulluğun əməkdaşlarının əşyalarını toplaması üçün Moskvaya oktyabrın 1-dək vaxt verib. ABŞ administrasiyası bu obyektlərin diplomatik toxunulmazlığının götürülməli olduğunu hesab edir. Buna baxmayaraq, bu obyektlər, Nyu-Yorkda arendada olan ticarət missiyası filialı istisna olmaqla, hələ də Rusiyanın mülkiyyəti sayılır.

Oktyabrın 11-də ABŞ hakimiyyəti San-Fransiskodakı Baş konsulluğun binasından və Vaşinqtondakı ticarət missiyasından Rusiya bayraqlarını çıxarıb. Moskva qarşı tərəfə ciddi etiraz edərək, dərhal bayraqların yerinə qaytarılmasını tələb edib.