Almaniyaya sığınacaq üçün ən çox kimlər müraciət edir?

Almaniyada siyasi sığınacaq axtaranların sayı kəskin şəkildə çoxalıb.

Amma böyük fərqlə ən çox adam Rusiyadan gəlir. Cari ilin birinci yarısında 43 000 adam ölkədə qalmaq üçün müraciət edib. 2012-ci il ilə müqayisədə, bu rəqəm 86 faiz artıb.

Bu, 1999-cu ildə Serbiyanın Kosovo müharibəsindən bəri ən yüksək rəqəmdir.

Bu il bir çox adam Rusiyanın Çeçenistan regionundan gəlib, onların özü Almaniya rəsmilərinə belə deyiblər. Çeçenistan zorakılıq və insan haqlarının pozulmasından əziyyət çəkir.

Almaniyanın daxili işlər naziri Hans-Peter Friedrich deyib ki, 2012-ci ildə "Avropaya sığınacaq tapmaq üçün gələnlərin çoxu böyük fərqlə Almaniyaya gəlib və 2013-cü ildə biz müraciətlərin demək olar ki, ikiqat çoxalmasını müşahidə etmişik".

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Rusiyadan gəlib Almaniyadan siyası sığınacaq istəyənlərin sayı 9 957-dir. Suriyadan gələnlərin sayı 4 517, Əfqanıstandan gələnlərin sayı isə 3 448-dir.

Çeçenistandan gələnlərin sayı təhlilçiləri çaşdırır, çünki oradakı vəziyyətdə gözəçarpan pisləşmə olmayıb. Rusiya israr edir ki, Çeçenistanı sabitləşdirib və çeçen müttəfiqlərilə birgə vəziyyəti "normallaşdırıb".

1999-cu ildə, Rusiya qoşunları separatçı üsyanın qarşısını almaq üçün Çeçenistana qayıdanda, minlərlə adam öldürüldü, bir o qədər də məcburən köçməli oldu.

Bundan əvvəl baş verən partizan müharibəsində üsyançılar Rusiya qoşunlarını kənarlaşdırmışdı. Nəticədə Çeçenistan xarabalığa çevrilmişdi.

İsveçrədə yerləşən Internal Displacement Monitoring Centre (Məcburi Köçkünlük Monitorinqi Mərkəzi) məlumat verir ki, zorakılığa görə Şimali Qafqazda 29 000 adam hələ də məcburi köçkündür, bir çoxu isə Rusiyadadır. .

Bir il bundan əvvəl Almaniyanın ən yüksək məhkəməsi qərar verdi ki, sığınacaq üçün ərizələrinin prosesdən keçməsini gözləyənlər, almanların aldığı sosial müavinətləri almalıdırlar. Fərziyyələrdən birinə görə, gələnlərin sayı məhz buna görə qalxır.

Almaniya hakimiyyət orqanları sığınacaq ərizələrinin təxminən 40 faizini rədd edir.//anspress//

AzNews.az