Bu ölkədə marixuana leqallaşdırıldı- qramı 1 dollar

Uruqvay Konqresi marixuananın istehsal və istifadəsini leqallaşdıran qanun qəbul edib.

AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, 29 senatordan 16-ı qanun layihəsinin lehinə səs verib.

Qanuna görə, ölkə vətəndaşlarının marixuanadan istifadəsi, bu məqsədlə alması azaddır. Kommersiya məqsədilə marixuananın kultivasiyası isə dövlət nəzarəti altında həyata keçiriləcək.

Qanun layihəsi qüvvəyə mindikdən sonra Uruqvay marixuananı bütünlüklə leqallaşdıran ilk ölkə olacaq.

Qanunda hətta marixuananın qiyməti də göstərilib- 1 qramı üçün 1 dollar. Bu isə qara bazardakı qiymətdən aşağıdır.

Marixuananın kommersiya məqsədilə əkilməsi və satışına xüsusi dövlət qurumu nəzarət edəcək. İstifadəçilərin isə məlumat bazası hazırlanacaq.

Hər ay bir istifadəçiyə 40 qr marixuana almağa icazə verilir. Narkotik vasitə apteklərdə satılacaq. Əcnəbilərə marixuana satışı qadağandır.

Qeyd edək ki, qanunun ideya müəllifi ölkə prezidenti Xose Muxika olub. Onun sözlərinə görə, bu insanların daha ağır narkotik maddələrə meylini azaldacaq.

Elnarə
AzNews.az