Suriyada döyüşən səudiyyəlilər həbs ediləcək

Səudiyyə Ərəbistanı kralı Abdullah Suriyada döyüşən Səudiyyə vətəndaşlarını cəzalandırmaq haqda fərman imzalayıb. Bu xəbəri Türkiyə saytları yayıb.


Xəbərə görə, kralın fərmanı ilə Suriyada döyüşən Səudiyyəliləri 3 ildən 20 ilə kimi həbs gözləyir. Eyni zamanda, bu fərmanın muzdlu döyüşçü toplayan qurum və şəxslərə şamil olunması da nəzərdə tutulur.

Fərmanı şərh edən rəsmilər sənədin islam qaydalarına uyğun gəldiyini deyiblər. Həm də Səudiyyə dövlətinin təhlükəsizliyini nəzərə aldığı vurğulanır.

Belə ki, son dövrdə Suriyada rəsmi Dəməşqə qarşı müxalifət qruplaşmalarında Səudiyyə Ərəbistanının xeyli vətəndaşının döyüşdüyü deyilir. Həm də Səudiyyə dövlətinin muzdluları maliyyələşdirilməsi haqda ciddi ittihamların narahatlıq doğurduğu ifadə edilir.

Tunisdən Pakistana qədər "islam zolağı"nda baş verən terror və lokal döyüş hadisələrində Səudiyyə dövlətinin adı daim hallanır. Həm də bu terror hadislərinin təşkilatçıları kimi daim Səudiyyə Ərəbistanının rəsmi dini cərayanı olan sələfiliyə məxsus şəxslərin adları hallanır. Bu şəxs və qurumlar bunu heç zaman təkzib və ya inkar etmirlər.

Suriya araşdırma mərkəzləri Suriyada rəsmi Dəməşqə qarşı döyüşən yaraqlıların tən yarısının Səudiyyə vətəndşaları olması haqda açıqlamalar yayıblar.(Turan)