İnsanovun “insanovin” blefi: Keçmiş nazir korrupsiya əməllərini bu mənasız dərmanla ört-basdır etmək istəyir – Səbuhi Məmmədli yazır

"Onun Rusiyaya gətirilməsinə belə icazə yoxdur"

“Mən ixtiraçı aliməm, dərman kəşf etmişəm. Həmin dərmanın xaricdə istehsalından pul qazanmışam və indi də qazanıram”.

Bunu Əli İnsanov deyir. Və nəzərdə tutduğu o dərmanın adı isə “insanovin”dir.

Bronxial astmanın müalicəsində istifadə olunurmuş, sən demə. “İnsanovin” keçmiş nazir və keçmiş məhbusa on milyonlarla gəlir də gətirirmiş.

Nazir işldədiyi və Azərbaycan səhiyyəsini ağlar günə qoyduğu dönəmdə korrupsiya və rüşvətlə yığdığı milyonlarına “insanovin”lə bəraət vermək istəyir İnsanov. Amma bircə reallığı unudub. Gözəlim internetdə 5 dəqiqə necə deyərlər qurdalanmaq kifayətdir ki, İnsanovun yalanını sadəcə sübut edəsən. Mən buna ifşa deməzdim. Zatən özü-özünü ifşa edib bu adam. Mən onun az qala faşist ritorikasıyla siyasi iddialarını, ambisiyalarını bir kənara qoyuram. Sadəcə, korrupsiya ilə yığdığı var-dövlətini “insanovin”ə bağlayıb özünü təmizə çıxarmaq həvəsinə heyranam.

Nədir axı bu “insanovin”? Dünyanın harasında belə kütləvi şəkildə satılır ki, İnsanova miylonlar qazandırır?

"İnsanovin" dərmanının sonuncu istehsal yeri kimi "AzərFarm LTD" əczaçılıq sənaye müəssisəsi göstərilir. Bu müəssisə 1998- ci ildə Səhiyyə Nazirliyi və Türkiyə əczaçılıq şirkətlərinin birgə iştirakı ilə qurulub. Hazırda bu müəssisənin istehsal etdiyi dərmanlar arasında bu adda dərman yoxdur. Azərbaycanda bu dərman satılmır. Vaxtı ilə Rusiyada içərisində 20 ədəd tabletin olduğu bir qutu "insanovin" dərmanının 87 rubla satıldığı barədə məlumat olsa da, hazırda bu dərmanın harada və neçəyə satıldığı barədə məlumat yoxdur.

Bu dərman "Bronxitusen", "Bronxolitin", "Bronxoüin", "Bronxoton" kimi dərmanlarla birgə Rusiyada qadağan olunub. Onun Rusiyaya gətirilməsinə belə icazə yoxdur.

Keçək, Ukraynaya. Ukraynanın dərman satışı ilə məşğul olan ən böyk internet portalı medbrowse.com.ua-da “insanovin” adlı dərmanının satışıyla bağlı bircə qeyd belə yoxdur. Bu iki ən böyük post-sovet ölkəsindəki vəziyyət!

İndi başqa məqama baxaq! Xatırlayırsınızsa, 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində İnsanova ona məxsus vəsaitlərlə bağlı məhkəmə işi keçirilmişdi. Həmin vaxt məlum olmuşdu ki, Əli İnsanovun adına "Banque de Luxembourg" bankında 1,5 milyon dollar vəsait aşkarlanıb və məlum olub ki, bu vəsait həmin banka 2000-2002-ci illərdə qoyulub.

O dövrdə açıqlama verən Əli İnsanov bildirib ki, mən ixtiraçı aliməm, dərman kəşf etmişəm: “Həmin dərmanın xaricdə istehsalından pul qazanmışam və indi də qazanıram. Qazancımdan Azərbaycanın dövlət büdcəsinə vergi şəklində 100 min dollarlarla vəsait ödəmişəm”.

Amma İnsanov bir məqamı unutmuşdu. Onun ixtira etdiyi bu “dərman”- niyə dırnaq içərisində yazdıq, bir azdan biləcəksiniz - təkcə Rusiyada 1999-cu ildən yasaq edilmişdi. Ən böyük post-sovet ölkəsi belə bu “dərman”ları ziyanlı hesab etmişdi. Rusiyaya gərək olmayan bu “dərman” Avropayamı lazım olacaqdı?

Yeri gəlmişkən, “insanovin” “dərman”ının adına Rusiya Xarici İşlər Nazirliyinin yayımladığı bir xəbərdarlıqda da rast gəlmək olur. Həmin xəbərdarlıqda Rusiya XİN öz vətəndaşlarına bildirir ki, Tailanda səfər edərkən özünüzlə apardığınız bəzi dərmanları həmin ölkəyə buraxmayacaqlar. Bu dərmanlardan bir də “insanovin” olub.

Bəs “insanovin” doğrudan da dərmandımı? Bu dərman tibbimizdə istifadə olunurmu? Tibb üzrə ekspert, professor Adil Qeybulla mediaya verdiyi açıqlmasında bildirir ki, bu haqda məlumatı yoxdur. A.Qeybulla dərman preparatının nə olduğu haqda da məlumat verib:

Sitat:

“Həmin preparatdan məlum motivlərə görə, indi istifadə olunmasına inanmıram. Dərman preparatı ona deyilir ki, hansısa kimyəvi struktur orqanizmdə faydalı terapevtik effekt törədir. Hansısa xəstəliyin müalicəsində istifadə olunur, məsələn, qan təzyiqini endirir, qan damarlarını genişləndirir, ya sıxlaşdırır. Yəni hansısa fizioloji effekt törədir. Buna dərman preparatı deyirlər. Dərman preparatını yenisi ilə əvəz etmək, yəni yaratmaq üçün bir neçə tələb var. Məsələn, bir neçə tozu qarışdıranda qarışım olur. Amma konkret dərman növündən söhbət gedirsə, buna bir neçə tələb irəli sürülür.

1.Məsələnin texniki həlli - yəni bu dərman hansı formada olacaq, necə hazırlanacaq, hansı kimyəvi strukturda olacaq;

2.Elmi yenilik - yəni bu preparat başqalarından fərqli olaraq hansı yeni xassəyə malik olacaq;

3.Əməli, ciddi fərqlər - Yəni bu dərman preparatı tətbiq olunarkən eyni analoqlarından fərqli təsir etməlidir.

4. Bütün bu şərtlər onu patentləşdirməyə, yeni dərman növü kimi tanımağa imkan verir. Əks halda o dərman maddəsi deyil, qarışım sayılır.

Adını çəkdiyiniz dərmanla bağlı heç bir informasiyaya malik deyiləm. Yəni o dərmanı işlətməmişik”.

Bax, belə!

Tanınmış həkim, “F - Təbib klinikasının baş həkimi Firdovsi Məmmədov isə deyir ki, biz, həkimlər ona “heyvanovin” deyirdik.

“Adı gülxətmidən alınır. Heç o vaxtlar, onun nazir olduğu dönəmdə də da satılmırdı. Ona görə də baş həkimlər məcburi qaydada pul qazanan həkimlərə pul ilə 5 - 10 qutu satdırırdılar. O vaxtlar Əli İnsanov nazir idi. Həkimlər də qorxusundan alır, sonar da zibil qutusuna tullayırdılar. Onun pullarının hamısı korrupsiya və rüşvət pullarıdır. O dərman həmin çirkli pulları təmizə çıxarmaq üçün bir vasitə idi. Ən qatı rüşvətxor idi. Ona yenə qanad, şans vermək olmaz”.

Həkim onu da deyir ki, Güclü, kompleks tərkibli təbii dərmanlar var ki, “insanovin” onların yanında heçdir. “Mənim özümdə və qardaşımda xroniki bronxit var. Yaxşı dərman olsa, içərdik. Mən onu içmişəm. Effektsiz bir şeydir”.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da verdyi açıqlmada bu mövzuya toxunur.

Sitat: “Niyə heç bir Avropa ölkəsində onun “İnsanovin” dərmanı istifadə olunmur? Dərman istehsal edən Sloveniya, Macarıstan və başqa ölkələrin adı çəkilmir? Fırıldaq yolu ilə pullar qazanıb. Bu gün Azərbaycan xalqını zəhərləyən Hindistan kimi ölkələrin saxta dərmanlarını gətirib apteklərə doldurub.

Təkcə apteklərə doldursaydı nə vardı ki? On minlərlə insanı, astmadan xilas olmaq istəyən insanları aldadıb. Və…

Və bu adam indi xilaskar obrazına girib yenə yalanlar üyüdür.

Yalanın ömrü nə qədər çəkir, o məşhur məsəldə deyilib…

Səbuhi Məmmədli

AzNews.az