"15 iyun nəinki Azərbaycanın, regionun xəritəsini dəyişən bir gün oldu" - Musa Quliyev

"Heydər Əliyev o zaman böyük cəsarət və qəhrəmanlıq nümayiş etdirdi"

Bir neçə gün sonra Azərbaycanda Milli Qurtuluş gününün 26 illiyi qeyd olunacaq.

Millət vəkili Musa Quliyev AzNews.az-a müsahibəsində 1993-cü il 15 iyun tarixinin əhəmiyyətindən bəhs edib. Həmin müsahibəni təqdim edirik:

- “Qurtuluş günü”nə qədərki siyasi prosesləri necə şərh edərdiniz?

- 15 iyuna qədərki günlər Azərbaycan xalqının tarixində ən ağır və gərgin günlər idi. Müstəqilliyimiz 1991-ci ilin oktyabrında bərpa olunsa da, təəssüf ki, dövlətçiliyimizi qura bilmədik. Dövlətçiliyimizin ilk illəri çox ağır keçdi. İstər Ayaz Mütəllibovun, istərsə də Əbülfəz Elçibəyin komandası müstəqil dövləti qura bilmədilər. Bunun bir çox səbəbləri var idi. Ən böyük səbəb isə o idi ki, onların heç biri xalqa layiq, onun etimadını qazanan lider deyildi. Bu da ölkədə xaosun, anarxiyanın, özbaşınalığın yaranması ilə nəticələndi. Həmin dövrdə yaranmış ağır vəziyyət, Gəncə qiyamı AXC-Müsavat cütlüyünün hakimiyyətinin gözlənilən məntiqi sonluğu idi. Onlar hakimiyyətdə olduğu bir il ərzində dövlət idarəçiliyinə yaxın heç bir fəaliyyət göstərə bilmədilər. Nə Konstitusiya qanunu normalarına uyğun idarəçilik yarada, nə də vahid komanda formalaşdıra bildilər. O dövrdə hər bir nazirin, demək olar ki, öz komandası var idi. Belə bir dövrdə, şübhəsiz ki, milli birlikdən, dövlətin möhkəmlənməsindən danışmaq olmazdı. Hakimiyyətdaxili maraqların toqquşması, nəhayət, Gəncədə hərbi qiyamla nəticələndi. Hərbi qarşıdurma vətəndaş müharibəsi təhlükəsinin yaranmasına gətirib çıxardı.

- Heydər Əliyevin iyunun 9-da Bakıya gəlişi hansı hadisələrlə yadda qaldı?

- 1993-cü ilin 9 iyun günü ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış ən əlamətdar günlərdən biridir. Məhz bu gündə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlib və iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilib. Həmişə müdrik qərarlar qəbul edən Azərbaycan xalqı o zaman çətin məqamda ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Əgər Heydər Əliyev respublika rəhbərliyinə gəlməsəydi, Azərbaycan dövləti yer üzündən silinəcək və xalqımız uzun illər davam edəcək ağır vətəndaş müharibəsi ilə üz-üzə qalacaqdı. Nəzərə alsaq ki, həmin dövrdə Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələr də ölkəni içəridən parçalamaq niyyətini açıq-aşkar ortaya qoymuşdular. Belə bir halda, şübhəsiz ki, güclü liderə, dövlətçilik təcrübəsi və dünyada nüfuzu olan şəxsiyyətə ehtiyac var idi. Bu şəxsiyyət, əlbəttə ki, o zaman Naxçıvan Ali Sovetinin Sədri olan Heydər Əliyev idi. Ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə Bakıya gəlməsi və Milli Məclisdə çıxış etməsi hər birimizin yadındadır. O çıxışda Azərbaycan xalqı öz ümidini, öz gələcəyini görürdü. Heydər Əliyev o zaman böyük cəsarət və qəhrəmanlıq nümayiş etdirdi. Gəncə qiyamı zamanı Heydər Əliyevin oraya getməsi onun bu dövlətin, bu xalqın yolunda həyatını qurban verməyə hazır olmasından irəli gəlirdi. Heydər Əliyev Gəncəyə gedərək orada baş vermiş vəziyyətlə tanış oldu və Bakıya qayıdaraq 15 iyunda Milli Məclisin Sədri seçildi və qardaş qırğınının, ölkənin parçalanmasının qarşısını almaq uğrunda mübarizəyə başladı. Heydər Əliyev bu çətin şəraitdə vətəndaş müharibəsinin qarşısını almaq üçün böyük fədakarlıqlar göstərdi. Həmin ilin avqustunda Lənkəranda Ələkrəm Hümbətovun başlatdığı qiyamın dinc yolla aradan qaldırılması Heydər Əliyevin xalqımız qarşısındakı böyük xidmətlərindən biridir”.

- Həmin tarixin müasir Azərbaycan üçün əhəmiyyəti nədən ibarət oldu?

-15 iyundan etibarən Azərbaycanda həqiqi dövlətçilik quruldu və Heydər Əliyev Azərbaycan dövlətinin struktur əsaslarını yaratdı. Ona görə 15 iyunun Milli Qurtuluş Günü kimi qeyd edilməsi tamamilə haqlı bir qərardır. 15 iyun nəinki Azərbaycanın, regionun xəritəsini dəyişən bir gün oldu. Bu gün Azərbaycanın qüdrətli bir dövlət olması 15 iyunda başlanan yolun uğurudur. Bu gün bu yol Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir".

Xəyalə
AzNews.az