23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd Taleh Şahsuvarlı Oqtay Əsədovdan, Yaqub Eyyubovdan, Elman Rüstəmovdan, Mikayıl Cabbarovdan, Azad Rəhimovdan, Eldar Əzizovdan, Zahid Orucdan səs istəyir 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd Taleh Şahsuvarlı Oqtay Əsədovdan, Yaqub Eyyubovdan, Elman Rüstəmovdan, Mikayıl Cabbarovdan, Azad Rəhimovdan, Eldar Əzizovdan, Zahid Orucdan səs istəyir

“Nəticələr prezidentin yenilənmə çağırışlarına adekvat olacaq”- Taleh Şahsuvarlı ilə müsahibə

23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd Taleh Şahsuvarlı Oqtay Əsədovdan, Yaqub Eyyubovdan, Elman Rüstəmovdan, Mikayıl Cabbarovdan, Azad Rəhimovdan, Eldar Əzizovdan, Zahid Orucdan səs istəyir

  • Taleh müəllim, 9 fevral 2020-ci ilə təyin edilmiş seçkilərdə iştirak edirsiniz, 23 saylı Nəsimi- Səbail Seçki Dairəsindən namizədliyiniz artıq qeydə alınıb, bu gündən isə təşviqat mərhələsi başlanır. Nədən məhz bu dairəni seçdiniz?
  • Doğrusu, mənim ölkə üzrə fəal, qələbəyə hesablanmış seçki kampaniyası apara biləcəyim bir neçə dairə var. Bu dairələrdəki ilkin seçki dinamikasını izləyir, təhlillər aparırdım. Hansı dairəni seçməyim isə tam olaraq özümdən asılı deyildi. Bilirsiniz, mən prezident İlham Əliyevin siyasi kursunun fəal və ardıcıl müdafiəçilərindən biriyəm. Ona görə də bu seçkilərdə hakimiyyəti hədəfə alacaq bir namizədlə, konkret olaraq, Real Partiyasının sədri İlqar Məmmədovla yarışmaq, ona qalib gəlmək istəyirdim. Lakin İlqar Məmmədov seçki marafonuna qoşulmamaq üçün müxtəlif bəhanələr uydururdu. Son anda isə məlum oldu ki, onun üzərindən məhkumluq olduğundan seçkilərdə iştirak edə bilməz. Əlbəttə, hər kəs kimi mənim də bu barədə məlumatım var idi. Səbrlə gözlədim. Yalnız İlqar Məmmədov seçkiyə qatılmayacağını birmənalı şəkildə elan etdikdən sonra namizədliyimi irəli sürdüm. Prosesin bu yerə gələcəyini proqnozlaşdırdığımdan Bakı şəhərində yaşadığım, mülkiyyətimin olduğu Səbail rayonunu da əhatə edən 23 saylı dairədə müəyyən iş aparmışdım, imza toplamaq üçün könüllülər komandamız hazır idi, kimlərin qapısını döyəcəyimizi bilirdik. Elə bu doğmalığa, istiliyə, mükəmməl ünsiyyətə arxalanıb Səbail və Nəsimi seçicilərinin namizədi oldum.
  • Namizədi olduğunuz seçki dairəsini necə xarakterizə edərdiniz?
  • 23 saylı Nəsimi- Səbail Seçki Dairəsi Bakının- paytaxtımızın mərkəzidir. Lokasiyası Qış bulvarının yaxın çevrəsindəki küçə və prospektlər silsiləsini əhatə edir. Bu ərazi şəhərimizin ən prestijli səmtlərindən biridir. Dairədə 40 min civarında seçici yaşayır. Şəxsi təmasım olan insanlar öz yerində, mən tam 40 min seçicinin hər birinin adı, soyadı ilə tanışam, MSK-nın siyahısı əsasında hansı ünvanda yaşadıqlarını, hansı yaş göstəricilərinə malik olduqlarını bilirəm. Dairədəki yaşayış binalarını, həyət evlərini bir-bir gəzmişəm, mənzillərin, parklanmış maşınların dəyərindən ümimi gəlir səviyyələri haqqında da geniş təsəvvürüm var. Xüsusi qeyd edim ki, bu dairədə keçmiş və hazırkı dövlət xadimləri, deputatlar, partiya sədrləri, Azərbaycan elminə, təhsilinə, mədəniyyətinə, səhiyyəsinə böyük əzmlə xidmət etmiş ailələr, soyadlar yaşayır. Mən Bakı şəhərindəki 20 saylı orta məktəbin məzunuyam, BDU-nu bitirmişəm, ABŞ-ın Kaliforniya ştatında, San Diaqo şəhərində ictimai siyasət üzrə üzrə xüsusi kurs keçmişəm, müvafiq sertifikat almışam, yeri gəlmişkən, həmin şəhərin fəxri vətəndaşıyam. Elmi monoqrafiya, tarixi roman, yüzlərlə analitik məqalə müəllifiyəm. Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Bu sosial zümrədən olan insanlara ünsiyyət və onlarla birgə olmaq mənə rahatdır. Seçicilərimizin çoxu intelligentsiyanın nümayəndələri, məmurlar, uğurlu iş adamları, dövləti, gələcəyi düşünən, siyasi refleksləri yüksək, prezidentin çağırışını doğru dəyərləndirən insanlardırlar. Odur ki, mən bu dairəni, məmnuniyyətlə, Azərbaycanın “elektoral beyin mərkəzi” adlandırıram. Hesab edirəm ki, bu elektoral beyin mərkəzində 9 fevral seçkilərinin nəticələri Azərbaycan prezidentinin çağırışlarına tam adekvat olacaq.
  • Bu adekvatlıq nədən ibarətdir?
  • Dövlət başçımız kadr islahatlarından danışarkən yeni dövrün meyarlarını çox aydın sadaladı, müasir, savadlı, analitik qabiliyyəti yüksək, kreativ, vətənpərvər və dövlətçi yeni nəsil nümayəndələrinin önə çəkiləcəyini vurğuladı. Heç şübhəsiz bu keyfiyyətlər, Azərbaycanın elektoral beyin mərkəzi olan 23 saylı Səbail- Nəsimi Seçki Dairəsinin seçiciləri üçün də cəlbedici, aktual və əsas meyarlardır. Bu kriteriyalardan kənar bir namizədin qələbəsi, hansısa ucqar kəndləri əhatə edən dairələrdə bəlkə də mümkündür, çünki əyalət təfəkkürü bir qədər mühafizəkar ola, patriarxal münasibətlər fonunda əvvəlki seçimi qoruya bilər. Ancaq Nəsimi və Səbail seçicilərinin yenilikçi şəhər ruhu və prezidentin çağırışlarına reaksiyalarının pozitiv xarakteri səsvermənin qalibi olmağa məhz məni ən yaxın edir. Təvazökarlıqdan uzaq olsa da, mütləq deməliyəm, həmin kriteriyalara cavab verən yeganə namizəd mənəm dairədə. Təsəvvür edin, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazirin müavini Yaqub Eyyubov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Gənclər və İdman naziri Azad Rəhimov, Bakı şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc, millət vəkili Fərəc Quliyev, bir sıra partiya sədrləri bu dairədə səs verirlər. Siyasi hakimiyyətin bu cür önəmli isimlərinin səs verdiyi dairədə prezidentin elan etdiyi kritreriyalara adekvat bir namizədin zəfər qazanması, bütövlükdə, hakim elitanın islahatlara reaksiyasının lokal şəraitdə müsbət göstəricisi olacaq.
  • Namizədlərdən söz düşmüşkən, hazırda həmin dairənin deputatı olan Ziyad Səmədzadənin artıq 80 yaşı var, buna baxmayaraq yenə seçkilərdə iştirak edir. Sizcə, onun islahatlara ən böyük töhfəsi seçkidən çəkilməsi olmazmı?
  • Əvvəla, onu deyim ki, Ziyad Səmədzadə kimi təcrübəli, Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri olmuş bir insanla yarışmaq mənim üçün özü-özlüyündə bir uğur hekayəsidir. Ziyad müəllimin yaşı, təcrübəsi, o cümlədən mənim aldığım və daşıdığım tərbiyə ona hər hansı məsləhət verməyimə imkan yaratmır. Ümumiyyətlə, məndən seçki kampaniyası boyunca bütün namizədlər haqqında ancaq xoş sözlər eşidəksiniz. Mənim effektiv və sağlam bir kampaniya aparmaq üçün bütün imkanlarım var, qısa zamanda ictimai rəydə önə çıxacağıq, hər kəs bunu görəcək və etiraf edəcək. Mən qələbəmdən narahat deyiləm axı, digər namizədlər əleyhinə kampaniya aparam?!. Digər tərəfdən, istənilən seçkinin iki başı var: ya udursan, ya uduzursan. Əgər seçkinin qalibi başqa bir namizəd olacaqsa- hərçənd bu çox az ehtimaldır, nəzəri baxımdan deyirəm- onun da əlini sıxmağa, təbrik etməyə hazıram, demokratik mədəniyyət bunu tələb edir. Bununla belə, zamanın da Azərbaycandan öz tələbləri var. Ölkənin iqtisadiyyatı, sosial və mədəni həyatı, siyasi və geopolitik münasibətləri yeni parlamentə islahatçı təfəkkürlü yeni nəsil nümayəndələrinin, xalqla pozitiv və davamlı kommunikasiya qurmaq bacarığı olan siyasi hazırlığı yüksək şəxslərin düşməsini zəruri edir. Bir daha deyirəm, mən Azərbaycan prezidenti İlham Əliyevin tərəfdarıyam, bir siyasi analitik olaraq onun siyasi kursunun cəmiyyət tərəfindən dərindən mənimsənilməsinə çalışıram, seçki kampaniyası isə bu istiqamətdə yeni fürsətlər yaradır. Odur ki, bu yarışa “mənim, sənin” rakursundan yanaşmıram: biz varıq- Azərbaycan prezidenti, onun siyasətini icra edən hakimiyyət komandası, ictimai rəylə peşəkar formada işləyən tərəfdarlar, heç zaman öz dəstəyini dövlət başçısından əsirgəməmiş seçicilər. Azərbaycanda seçkilərdən sonra daha da sürətlənəcək islahatların öz məqsədinə nail olmasına şərait yaradan ən böyük amil də elə budur: Prezident İlham Əliyevlə xalqın, seçicilərin hədəf birliyi!
  • Taleh müəllim, seçki marafonu başlayar-başlamaz bəzi deputatlığa namizədlər yerli icra hakimiyyətləri, seçki komissiyaları tərəfindən onların fəaliyyətinə əngəllər törədildiyini söylədilər. Sizin bu barədə müşahidələriniz necədir?
  • Səbail rayonunda yaşadığımdan həm Səbail rayonunun icra başçısı Vüqar Zeynalovu, həm də Nəsimi rayonunun icra başçısı Asif Əsgərovu şəxsən tanıyıram, hər iki məmur haqqında şəxsi təəssüratlarım yüksəkdir. Bilirsiniz ki, Asif müəllim daha öncə Səbail rayonunda icra başçısı işləyib və həmin dövrdə dəfələrlə bizim binanın həyətinə gələrək vətəndaşlarla görüşüb, problemlərimizlə maraqlanıb. Doğrusu, qələbə şansı yüksək olan namizədin müvafiq dairənin əhatə etdiyi rayonların icra başçıları ilə əvvəlcədən xoş münasibətlərə malik olması gələcəkdə yerli problemlərin qarşılıqlı əməkdaşlıq şəraitində həll imkanlarını genişləndirən amildir. DSK tərəfindən də mənfi reaksiyama səbəb olacaq hər hansı yanaşma görməmişəm. Qətiyyətlə deyirəm, bizim dairədə hər şey şəffafdır, qanunlar çərçivəsindədir, azad və ədalətli seçki üçün bütün imkanlar var.
  • Siz həm də ölkənin ən yaxşı seçki texnoloqlarından sayılırsınız, bu barədə elmi monoqrafiya müəllifisiniz. Seçkiyə də xüsusi marşla və maraqlı şüarla başladınız...
  • Marş seçki komandamızın təşəbbüsü idi, dostlarımız öz təşəbbüsü ilə və ödənişsiz, bir növ, kampaniyamıza hədiyyə olaraq hazırlayıblar. Bundan başqa seçki lozunqumuz da çox bəyənilir: “İslahatlar mərkəzdən başlayır”! Əmin ola bilərsiniz ki, seçki təşviqatı baxımından 23-cü dairə müsbət mənada fərqlənəcək və bütün ölkə üçün nümunə yaradacaq. Gülər üzlə, geniş qəlblə, yüksək intellektə, tarixin sınağından çıxmış əxlaq normalarına və milli-mənəvi dəyərlərimizə istinad edən, şəhər mədəniyyətinə, siyasi kültürə töhfə verən, vətəndaşlara nikbinlik və inam aşılayan bir kampaniya aparmaqla öz namizəd profilimizə insanlardan təqdir alacağıq. Eyni zamanda, “5-ci kolon”un Azərbaycan hakimiyyətinə qarşı həmlələrini də cavabsız buraxmayacağıq. Hər kəs çox gözəl bilir ki, mən dibçəkdə yetişən, küncdə-bucaqda gizlənib, öz işində, kefində-damağında olub şəxsi mənfəətlərini güdən, seçkiyə qatılmasa, cəmiyyətin önünə çıxmağa, hətta hakimiyyətin lehinə danışmağa belə cürət eləməyən namizədlərdən deyiləm. Xalqın bağrından qopmuşam, mübarizə yolu keçmişəm, əli təmiz, reputasiyası şəffaf, ləyaqətlə ömür sürən ictimai personayam, yenilikçi və milli adamam. Azərbaycan hakimiyyəti üçün heç bir həssas məqamda öz mövqeyimi gizlətməmişəm, hər zaman fikirlərimi tərəddüdsüz və qətiyyətlə ifadə etmişəm, etməkdə də davam edəcəm.

Elmir Ramizoğlu,

AzNews.az