Müasir Azərbaycan tarixini yaradan lider - Əli Həsənovun məqaləsi

Tarixdə iz qoymaq tək-tək şəxsiyyətlərə nəsib olur, ən böyük şəxsiyyətlər isə tarix yaradırlar

Heydər Əliyev Azərbaycan xalqı üçün ümummilli lider, dünya üçünsə görkəmli ictimai-siyasi xadim və ümumbəşəri dəyərdir. Onun 1990-1993-cü illərdəki fəaliyyəti - öz xalqının milli azadlıq və müstəqillik uğrundakı mübarizəsinə qoşulması və faktiki olaraq müstəqillik uğrunda mübarizə hərəkatına rəhbərlik etməsi Azərbaycan dövlətçiliyinin və milli tariximizin parlaq səhifəsini təşkil edir. Xüsusən, 1993-cü ildə Azərbaycan dövlətçiliyinin çətin sınaqlar qarşısında dayandığı, məhvolma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Heydər Əliyev xalqın çağırışına səs vermiş, onun tələbi və dəstəyi ilə yenidən ölkə rəhbərliyinə qayıtmış və xüsusi qurtuluş missiyası həyata keçirərək, dövlətçiliyin XİLASKARINA çevrilmişdir.

1993 ilin may-iyun aylarında ölkədə siyasi böhran son həddə çatanda, respublika vətəndaş müharibəsi və müstəqiliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalanda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə küçələrə çıxdı və kütləvi mübarizəyə qalxdı. Bu tələb çox keçmədən ümummilli hərəkata çevrildi və nəticədə Əbülfəz Elçibəy hakimiyyəti onu rəsmən Bakıya dəvət etməyə məcbur oldu. 1993 il iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi və beləliklə, onun Azərbaycana rəhbərliyinin ikinci dövrü başlandı.

Heydər Əliyevin möhkəm iradəsi, idarəçilik məharəti və qətiyyətli siyasi mövqeyi sayəsində Azərbaycan dövlətçiliyinin məhv edilməsi, vətəndaş müharibəsi və ölkənin parçalanması təhlükəsi aradan qalxdı və həmin əlamətdar hadisə Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Heydər Əliyev iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı, 1993 il oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial- iqtisadi, mədəni həyatında, xarici əlaqələrində dönüş yarandı, beynəlxalq norma və prinsiplərə uyğun həqiqi müstəqil dövlət quruculuğu prosesi başlandı. Bəzi daxili və xarici qüvvələr tərəfindən hazırlanmış 1994 il oktyabr və 1995 il mart dövlət çevrilişi cəhdlərinin, habelə Heydər Əliyevə qarşı hazırlanmış sui-qəsd və terror planlarının qarşısı qətiyyətlə alındı, respublikada silahlı yolla hakimiyyətə gəlmək ənənəsinə son qoyuldu, Azərbaycan dövlətçiliyinin iflası prosesi dayandırıldı, ölkədə möhkəm ictimai-siyasi sabitlik və qanunçuluq bərqərar edildi. Əsas qayəsini müstəqillik, dövlətçilik, demokratiya və düşüncə azadlığı, dünyəvilik, qanunçuluq, azərbaycançılıq və digər mütərəqqi dəyərlərin təşkil etdiyi yeni bir dövlətin - müstəqil Azərbaycanın özülü qoyuldu. İşğalçı Ermənistan qoşunları ilə müharibə cəbhəsində ciddi dönüşə nail olundu. Azərbaycan qoşunları Füzuli rayonu istiqamətində uğurlu əməliyyat keçirərək Horadiz qəsəbəsini və ətraf kəndləri işğalçılardan azad etdi. Beləliklə, erməni silahlı qüvvələrinin işğalı genişləndirmək planlarının qarşısı alındı, Ermənistan 1994 ilin mayında cəbhə xəttində atəşkəs elan edilməsinə və danışıqlar masasına qayıtmağa məcbur oldu.

Heydər Əliyev hakimiyyətə qayıdana qədər milli ordu ayrı-ayrı dağınıq və nizamsız silahlı dəstələrdən təşkil edilmiş, ordu sıralarında qeyri-sağlam mühit hökm sürür və demək olar ki, əksər hərbi hissələr hakimiyyət uğrunda mübarizə proseslərinə cəlb edilmişdi. Azərbaycan Silahlı Qüvvələri nizami ordu kimi düşmənlə mübarizə aparmaq, torpaqlarımızı qorumaq əvəzinə, dağınıq silahlı dəstələr şəklində ayrı-ayrı ambisiyalı insanların, siyasi və mafioz qrupların maraqlarını təmin edirdi. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə milli ordu quruculuğu sahəsində yeni bir mərhələnin təməli qoyuldu. 1994-cü il mayında cəbhə xəttində atəşkəsə nail olunduqdan sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlar həyata keçirildi. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması işi başa çatdırıldı, orduya çağırış qaydaya salındı, fərarilik halları ilə mübarizə gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Eyni zamanda ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunvericilik bazası formalaşdırıldı, Silahlı Qüvvələrə effektiv dövlət nəzarəti mexanizmləri yaradıldı.

Heydər Əliyev Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqlarının 20%-dən çoxunun işğalı, 1 milyondan artıq yerli sakinin didərgin salınaraq çadırlarda yaşaması və digər dövlət əhəmiyyətli məsələlər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, yaranmış problemlərin həlli sahəsində çox gərgin və genişmiqyaslı fəaliyyət başlatdı. Onun Azərbaycan Prezidenti kimi BMT-nin sessiyalarında, ATƏT-in zirvə toplantılarında çıxışları, ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Çin, Almaniya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, Pakistan, Yaponiya və b. ölkələrə rəsmi səfərləri də, başlıca olaraq, bu məqsədlərə xidmət etmişdir.

Heydər Əliyevin fəal diplomatik səyləri nəticəsində dünyanın böyük dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi. BMT TŞ-də, ATƏT-in Budapeşt (1994) və Lissabon (1996) sammitlərində, İƏT-in üzv dövlət başçılarının zirvə toplantılarında Ermənistanın işğalı pisləndi və Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair sənədlər qəbul edildi.
Heydər Əliyevin tarixi xidmətlərindən biri də Azərbaycan dövləti və xalqı qarşısında duran strateji vəzifələri – ilk növbədə, bir ictimai-iqtisadi sistemdən digərinə, yəni iflasa uğramış sosializmdən bazar iqtisadiyyatı normalarına və azad sahibkarlığa, çoxmülkiyyətçiliyə əsaslanan sistemə keçidi təmin etməsidir. Xüsusi mülkiyyətə geniş meydan açılması, sənaye və xidmət müəssisələrinin özəlləşdirilməsi, aqrar islahatlar, torpağın əvəzsiz olaraq kəndlilərə verilməsi və digər fundamental transformasiya proseslərini reallaşdırmaq kimi çətin vəzifələrin həlli məhz ümummilli liderin adı ilə bağlıdır.

Heydər Əliyevin təməlini qoyduğu və realllaşdırılmasına başladığı yeni neft strategiyası nəticəsində Azərbaycanın karbohidrogen ehtiyatlarının dünyanın ən qabaqcıl neft şirkətləri ilə birlikdə hasil olunması və xarici bazarlara nəqli məqsədilə 1994 il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsi haqqında müqavilə imzalandı. “Əsrin müqaviləsi” adını almış bu beynəlxalq layihədə dünyanın ən qabaqcıl ölkələrini təmsil edən nəhəng neft şirkətləri təmsil olunurdu. "Əsrin müqaviləsi" bağlandıqdan az sonra Xəzərin digər karbohidrogen yataqlarının işlənməsi ilə əlaqədar 30-dan artıq saziş imzalandı ki, bu da Azərbaycana 60 milyard dollardan çox xarici sərmayənin qoyuluşuna imkan yaratdı. İlk beynəlxalq neft müqaviləsi çərçivəsində Bakı-Novorossiysk, Bakı-Supsa boru kəmərləri tikilib istifadəyə verilmiş, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşa olunması haqqında saziş imzalanmış və onun təməli qoyulmuşdur.

Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində 1993-1998-ci illərdə Azərbaycan öz geosiyasi, geoiqtisadi və mənəvi-mədəni potensialından səmərəli istifadə edərək Şərqlə Qərb arasında etibarlı nəqliyyat-kommunikasiya körpüsü yaratmağa çalışmış və bununla da ölkənin gələcək dinamik inkişafı üçün əlverişli regional imkanlar açmışdır. Onun təşəbbüsü ilə tarixi Böyük İpək Yolunun bərpasına yönəlmiş beynəlxalq proqramın həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır. 1998 ilin sentyabrında 32 ölkənin və 14 beynəlxalq təşkilatın yüksək səviyyəli rəhbər şəxslərinin iştirakı ilə Bakıda İpək Yolu konfransı keçirilmiş, layihənin icraçı katibliyinin Azərbaycanın paytaxtında yerləşməsi haqqında qərar qəbul edilmişdir.

Heydər Əliyev qısa zaman kəsiyində demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində qətiyyətli siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995 ilin noyabrında ümumxalq səsverməsi yolu ilə demokratik dəyərləri özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000 illərdə çoxpartiyalılıq əsasında parlament seçkilərinin keçirilməsi, Konstitusiya Məhkəməsinin təşkili, ölüm cəzasının ləğv olunması, mətbuatda senzuranın aradan qaldırılması, yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin yaradılması kimi köklü islahatlar məhz onun siyasi iradəsi və məqsədyönlü fəaliyyəti sayəsində mümkün olmuşdur.

Heydər Əliyevin "İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında" 1998 il 22 fevral tarixli Fərmanı insan hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Azərbaycan 1996-cı ilin iyununda Avropa Şurasında "xüsusi qonaq" statusu almış, 2001 il yanvarın 25-də isə onun tamhüquqlu üzvünə çevrilmişdir.

Beləliklə, göründüyü kimi Heydər Əliyev 1993-2003-cü illərdə öz milli və qlobal düşüncə tərzi, bəşəri fəaliyyəti, müdrik və uzaqgörən siyasəti, unikal liderlik keyfiyyətləri, güclü siyasi iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Azərbaycanda QURTULUŞ missiyasını öz üzərinə götürərək, ölkəmizi ciddi təlatümlərdən xilas etmiş və milli dövlət quruculuğu prosesini inamla həyata keçirərək, Ümummilli Lider səviyyəsinə yüksəlmiş görkəmili siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyət olmuşdur.

Heydər Əliyev öz fitri istedadını, dərin zəkasını, bilik və bacarığını daim bütün azərbaycanlılarının qəlbində yaşayan milli dövlətçilik ideyalarının gerçəkləşməsinə yönəltmiş, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmış və dinamik inkişafını təmin etmiş BÖYÜK AZƏRBAYCANLI olmuşdur.

Əli Həsənov

Tarix elmləri doktoru, professor