ABŞ prezidenti NATO-dakı əsas müttəfiqinə niyə zopa göstərir? ABŞ prezidenti NATO-dakı əsas müttəfiqinə niyə zopa göstərir?

Co Bayden tarixi təhrif, Qafqazda sülhü sabotaj edir- BİZİM ŞƏRH

ABŞ prezidenti NATO-dakı əsas müttəfiqinə niyə zopa göstərir?

Artıq bir neçə on ildir ki, ABŞ prezidentləri 24 aprel tarixində ermənilərin sonradan “genosid” olaraq tanıtmağa çalışdıqları 1915-ci il olaylarını anım mesajları paylaşır.

ABŞ prezidentlərinin bu çıxışları heç də onların tarix bilgisindən və insan sevgisindən qaynaqlanmır.

Sadəcə, 1915-ci ildə Osmanlıdan qaçqın düşmüş ermənilərin törəmələri ABŞ-da xüsusi icma formalaşdırıblar və hazırda bu icma böyük maddi və siyasi gücə malikdir.

Erməni diasporu ABŞ-dakı seçki kampaniyalarında aktiv iştirak edir, bu və ya digər namizədə elektoral, maliyyə və siyasi baxımdan dəstək verərək onları öz maraqlarının ifadəçisinə çevirmək istəyirlər.

Lakin ata və oğul Buş, Bİll Klinton, Barak Obama, Donald Tramp dönəmlərində ABŞ liderləri məsələnin, necə deyərlər, diplomatik çəmini tapmışdılar- “soyqırım” kəliməsindən istifadə etmədən 1915-ci ildə Osmanlıda baş vermiş olaylara ermənicə “böyük fəlakət” mənasını verən “Meds Yeghern” deməklə Türkiyə ilə qarşıdurmaya getmək istəmirdilər. 22 aprel 1981-ci ildə dönəmin ABŞ prezidenti Ronald Reyqan öz çıxışında "erməni genosidi" ifadəsi işlətmiş, ancaq Ankaradan alınan sərt etirazlardan sonra Ağ evdəki xələfləri də dərsini almışdılar.

İndi isə ABŞ prezidenti Co Bayden həmin hadisələrlə bağlı yazılı bir açıqlama yayaraq belə deyib:

“Hər il bu gün Osmanl dövründəki erməni soyqırımında ölənləri xatırlayırıq”.

Beləliklə, o, olayları məhz “soyqırım” şəklində vurğuladıqdan sonra “meds yeghern” ifadəsinə də öz açıqlamasında yer verib.

Doğrusu, ABŞ prezidentinin öz açıqlamasında məhz “genosid” vurğusu edəcəyi gözlənilən idi. Bir neçə gün öncə nüfuzlu Qərb kütləvi informasiya vasitələrində “Ağ ev”dəki qaynaqlara istinadən belə bir ehtimalın ciddi olması barədə xəbərlər yayılmışdı. Srağagün isə Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etmişdi. Müzakirədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində danışıqların aparılması və iyunda keçiriləcək NATO zirvəsində təkbətək görüşün təşkili barədə razılıq əldə olunsa da, transmilli media quruluşları ABŞ liderinin Türkiyə rəhbərliyini öz çıxışında “genosid” ifadəsindən istifadə edəcəyi barədə məlumatlandırmasından da söz açmışdı. Lakin Türkiyə prezidenti Ərdoğan telefon danışığı barədə yaydığı açıqlamada bu məsələyə toxunmamış, açığı, xeyli dərəcədə yumşaq, konstruktiv və ziddiyətlərdən qaçmağa yönəlmiş mesajlar vermişdi.

Əlbəttə, Rəcəb Tayyib Ərdoğan həm təcrübəli, həm də xarakterli siyasətçi, dövlət xadimidir. Onun yumşaldıcı xətt tutması heç də Baydenin gecə ilə düşüncəsini dəyişəcəyinə inamdan qaynaqlanmırdı. Əgər Baydenin açıqlamasına diqqət etsək, orada bir cümlə diqqətimizi çəkəcək:

“Ermənilərin tarixinə sayğı duyuruq. Bu zülmü görürük. Tarixi təsdiq edirik. Bunu isə SUÇU KİMƏSƏ YÜKLƏMƏK ÜÇÜN DEYİL (seçdirmə mənimdir- T.Ş), bunun bir daha əsla yaşanmaması üçün edirik”.

Bayden, əslində, tarixi təsdiq deyil, təhrif edir!

Əvvəla ona görə ki, 1915-ci ildə nə beynəlxalq hüquq, nə də olmayan o hüquq üçün “genosid” termini vardı. İkincisi, Osmanlı imperiyasının çöküş sürəcində ermənilər digər imperiyalar tərəfindən silahlandırılaraq həm Anadoluda, həm də Qafqazda çox sayda qırğınlar törətmiş, məhz bunun qarşılığında dövlət onları parakəndə hala gətirmək üçün qərar çıxarmışdı. Əgər Bayden, doğrudan da, tarixi təsdiq etmək istəyirsə, o zaman ermənilərin “məsumiyyət muzeyinə” gözlərini silə-silə səyahət etmək əvəzinə, tarixi həqiqətləri olduğu kimi və dolğun şəkildə dilə gətirməli idi. Ancaq- və üçüncüsü- məsələ budur ki, Baydenin mövqeyi heç də zaman-zaman ciddi fəlakətlər yaşamış dünyanı böyük barışa aparan yanaşma kompleksinin yox, ABŞ-ın klassik “dəyənək və kökə” siyasətinin təzahürüdür. Başqa sözlə, ABŞ prezidenti Ərdoğana, Türkiyəyə, Türkiyənin timsalında yaxın və orta şərqin ən qüdrətli və ən müstəqil dövlətinə zopa göstərdi. O, “suçu kiməsə yükləmək fikrimiz yoxdur” deməklə isə, “Ankara bizim çaldığımız havaya oynasa, məsələ sözdən sanksiyalara, təzminat davalarına keçməz, dollar manipulyasiyaları işə düşməz, elə söz olaraq qalar” mesajı verdi.

Beləliklə, situasiya aydınlanmış olur, situasiya aydınlaşanda isə “Bayden nədən “soyqırım” dedi sualına cavablar silsiləsi müəyyənləşir.

1) ABŞ-ın vitse prezidenti Kamala Harris erməni diasporunun təsirində olan və bu vəzifəyə gəlməzdən öncə Türkiyəyə qarşı çıxışları ilə tanınan bir fiqurdur.

2) Co Bayden ABŞ Demokrat Partiyasının namizədi olaraq yaxın və orta şərqdə Türkiyənin rolunun güclənməsinə qarşı olan maraq qruplarının təmsilçisidir. Məşhur “15 temmuz” çevriliş cəhdini Fətullah Gülən tərəfdarları Türkiyədə məhz həmin dairələrin himayəsi ilə göstərmişdilər. Bu açıqlama Türkiyədəki məlum hücrələri və separatizmi iştahlandıracaq. Eyni zamanda, Türkiyəyə qarşı Suriyada qruplaşan terrorçular da "oxxay" çəkəcək.

3) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sabiq dövlət başçısı Donald Trampla normal münasibətlər qurmuş, necə deyərlər, onun damarını tutmuşdu. Bu, Baydendə Ərdoğana qarşı fərdi qıcıq yaradır.

4) Türkiyə ABŞ-la müttəfiq olsa da, hətta NATO-da belə ABŞ-ın əsas müttəfiqi olsa da, ona itaət edən bir dövlət deyil, öz regional maraqlarını gerçəkləşdirmək üçün zaman-zaman manevrlər edir. Rusiyadan “S-400” raket kompleksinin alınması yönündə atılmış addımlar məhz bu manevrlərdən biri idi. ABŞ indi öz aləmində Türkiyəni “cızığına qaytarmaq” istəyir və bunun üçün "F-35"lərlə bağlı məsələdən sonra "soyqırım" kartından istifadə edir.

5) Türkiyə Azərbaycanın 44 gün davam edən “Dəmir yumruq” əməliyyatında ölkəmizə birmənalı dəstək verdi. Həmin əməliyyatın nəticəsi olaraq, Azərbaycan öz tarixi və qanuni torpaqlarının böyük bir hissəsini hərbi-siyasi yolla azad etdi, ancaq ABŞ prosesin kənarında qaldı. İndi “Ağ ev” Ankaraya təzyiq etməklə, prosesə Ermənistan üzərindən qatılmaq istəyir.

Bütün bu səbəblər və amillər isə onu deməyə əsas verir ki, ABŞ prezidentinin dilindən səslənən “genosid” ifadəsi heç də "sülh göyərçini" kimi havaya qalxmayıb. Həm qardaş və əsas müttəfiqimiz olan Türkiyə üçün əlavə və ciddi gərginlik yaradacaq, həm də erməni revanşizmini tətikləyərək 10 noyabr Üçtərəfli Bəyanatının gerçəkləşməsinə qarşı İrəvana stimul verəcək. Erməni revanşizminin stimul əldə etməsi isə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına qarşı cəhdləri də intensivləşdirəcək. Bu isə o deməkdir ki, Co Bayden, əslində, Qafqazda sülhü sabotaj edir.

Azərbaycan bütün bunlara hazır görsənirmi?

Əllbəttə, hazır görsənir və hazırdır!

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev məsələ ilə bağlı xüsusi açıqlama vermiş və ABŞ prezidenti Co Baydenin “genosid” ifadəsindən istifadə etməsinin Azərbaycan tərəfindən “tarixi səhv” kimi dəyərləndiriləcəyini vurğulamışdı.

Hikmət Hacıyevin bu açıqlaması Azərbaycanın mümkün ehtimalları və fəsadları nəzərdən keçirdiyinin və Prezidentin masası üzərində müxtəlif variantlı ssenarilərə uyğun fəaliyyət planlarının olmasının göstəricisi idi.

Ona görə də, heç də təsadüf deyil ki, Co Baydenin çıxışından dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə zəng edərək Ərdoğanla danışdı və “birlikdəyik” mesajı verdi.

Türkiyə mətbuatının yazdığına görə, Əliyevlə Ərdoğanın telefon danışığı zamanı mümkün birgə fəaliyyət taktikası və strategiyası barədə məsləhətləşmələr aparılıb.

İlham Əliyev Co Baydenin bəyanatını haqlı olaraq “qəbuledilməz” adlandırıb və Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib.

Həm milli-mənəvi, həm də siyasi, diplomatik və hərbi baxımdan ən doğrusu da budur!

Hər halda, dünya ABŞ-dan böyükdür!

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru