Hakim düşərgəyə siyasi elitadan masştablı transferlər gerçəkləşdirmək lazımdır Hakim düşərgəyə siyasi elitadan masştablı transferlər gerçəkləşdirmək lazımdır

Qüdrət Həsənquliyevin müsahibəsini oxudum, bir sual yarandı...

Hakim düşərgəyə siyasi elitadan masştablı transferlər gerçəkləşdirmək lazımdır

Azərbaycan ciddi dəyişikliklər astanasındadır.

Bir zamanlar neft pulları ölkəyə sel kimi axırdı, korrupsiya üçün geniş imkanlar vardı, deyim tam yerinə düşməsə də, Azərbaycanın dövlət büdcəsini talayanlar- bir çox nazirlər, icra başçıları, digər kateqoriyadan olan məmurların həbsini yada salın- seyid cəddinə arxayın olan kimi, hakimiyyətin möhkəmliyinə arxalanıb kapital yığımında əndazə tanımırdılar.

Bu gün hakimiyyət yenə möhkəmdir, xüsusilə prezident İlham Əliyevin xalq arasında nüfuzu 44 günlük Vətən savaşından sonra ən yüksək həddə yüksəlib, dövlət başçısı istənilən prosesə tam nəzarət edə bilir. Bununla belə, “zamanın ruhu”, geopolitik reallıqlar və ölkənin iç dinamitləri Azərbaycanı yeni, sürətli və sistemli dəyişikliklərə aparır. Bu zərurəti ən yaxşı görən və vaxtında hiss edən elə məhz prezident İlham Əliyevdir. Prezident Əliyev dünya bazarında neftin qiymətinin düşməsindən və manatın devalvasiyasından sonra çoxpilləli və çoxşaxəli islahatlara start verdi. İlkin nəticələr olduqca müsbətdir. Məsələnin sosial-iqtisadi tərəflərini bu sahənin ekspertlərinin ixtiyarına buraxsaq, islahatlar cəmiyyətdə həm də toparlayıcı funksiya daşıdı, ən müxtəlif zümrələrin təşəbbüsə pozitiv reaksiyası 44 günlük savaşda milli birliyimizin formalaşmasına əlavə stimul verdi.

44 günlük müharibədə Azərbaycan ordusu möhtəşəm bir qələbə əldə etdi. AXCP sədri Əli Kərimlinin timsalında uğursuz müxalifət hər nə qədər bu qələbini şansa bağlamaq istəsələr də, tarixi zəfərdə İlham Əliyevin dövlət başçısı və Ali Baş Komandan olaraq prinsipial mövqeyi, davamlı və rasional fəaliyyəti, hərbi və diplomatik məharəti ilə oynadığı müstəsna rolu inkar etmək mümkün deyil. Bu dünyada nəinki dövlət səviyyəsində aparılan, bütün növ qoşunların cəlb olunduğu iri miqyaslı hərbi əməliyyatlarda, hətta lokal partizan müharibələrində belə, LİDER olmadan, SƏRKƏRDƏ olmadan qalib gəlmiş heç bir xalq olmayıb. Hazırda Azərbaycan ordusu Qarabağda döyüş şəraitinə tam nəzarət edir. Günlərin birində səhər saat 7-də Şuşadan başlayacaq bir hücum düşmənin ən şiddətli müqaviməti ilə üzləşsə belə, günorta saatlarında Xankəndində Azərbaycan bayrağının dalğalanması ilə nəticələnəcək. Qarabağda yarımgünlük işimiz qalıb. Ancaq bu işi həyata keçirmək üçün illah savaşa, hərbi əməliyyatlara ehtiyac yoxdur. 10 noyabrda imzalanmış Üçtərəfli Bəyanata görə, ən qısa zamanda, maksimum 3 il çəkməklə Xankəndi və ətrafındakı ermənilər yaşayan məntəqələr də Azərbaycanın nəzarətinə keçəcək. Üçtərəfli Bəyanatın şərtlərinə görə, Ermənistan qoşunlarının qalıqları Qarabağdan çıxmalı, Azərbaycan Laçın-Xankəndi arasında yeni yol çəkilməlidir. Bu gerçəkliklər qarşısında hərbi cinayətkar xuntanın Xankəndində uzun müddət qalması mümkünsüzdür. Qarabağda münaqişə bitib. Azərbaycan artıq qollarını Zəngəzur davasına, İrəvan davasına, Ermənistanı maksimum asılı vəziyyətdə saxlamağa və ilk fürsətdə siyasi coğrafiyadan silməyə çırmayıb.

Böyük hədəfləri böyük düşüncələr yaradır və onlara böyük işlər görməyə əzm göstərənlər çatır. Bu mənada yeni Azərbaycan davasının bayraqdarı İlham Əliyevin peşəkar siyasətçilərdən, bacarıqlı idarəçilərdən, cəmiyyətlə rahat və anlaşıqlı kommunikasiya quran yeni nəslin nümayəndələrindən ibarət islahatçı komanda formalaşdırmasını müsbət ssenari kimi qarşılamaq lazımdır. Azərbaycanın xaosdan, böhrandan, nihilizmdən yayınaraq milli hədəflərinə rasional bir şəkildə çatmasının ən doğru yolu məhz sistemdaxili dəyişikliklər və islahatlardır.

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyasına bağlı “Xalq Cəbhəsi” qəzetinə verdiyi son müsahibəni diqqətlə oxudum. Həcmcə geniş olmayan bu müsahibədə təcrübəli və rasional siyasətçi, hadisələrə və proseslərə dövlətin ali maraqlarından yanaşan vətənpərvər parlamentari, Azərbaycanda islahatlar prosesinə töhfə verə biləcək yüksək potensial, ən başlıcası, prezident İlham Əliyevin gerçəkləşdirdiyi siyasəti intellektual baxımdan qavrayan, mənimsəyən bir zehniyyət gördüm. Gəlin, etiraf edək ki, prezident Əliyevin ideya və fəaliyyətlərini bu cür sağlam şəkildə dəyərləndirə və cəmiyyətə təqdim edə bilən dövlətçi zehniyyət sahiblərinin sayı siyasi arenada o qədər də çox deyil. Belədə, bu cür potensialı, zehniyyəti müxalifətdə saxlamağa nə ehtiyac var?- məndə yaranan sual bu oldu.

Gizlətmirəm, mənim Qüdrət Həsənquliyevlə şəxsi münasibətlərim kifayət qədər yaxın və doğmadır. İstənilən məsələ barədə qardaşyana müzakirə apara bilirik. İllərə dayanan şəxsi dostluğumuz boyu onun hər hansı posta can atdığına, bunun üçün kombinasiyalar qurmasına, başqalarının dili ilə iqtidara mesajlar verməsinə şahid olmamışam. Bütün səmimiyyətimlə deyirəm ki, bu yazıdan da hər hansı bir şəkildə məlumatı yoxdur, hər kəs kimi saytdan oxuyacaq, bəlkə də irad bildirəcək. Ancaq mənim də hadisələrə öz baxışım, Azərbaycanın inkişaf tendensiyası ilə bağlı öz dəyərləndirmələrim, təhlillərim var. Gəldiyim qənaətlərdən biri budur ki, prezident Əliyev ölkənin siyasi elitasında təkcə vitrini dəyişmir, həm də konfiqurasiyanı və texnologiyaları yeniləyir. Dövlət başçısının köməkçiləri Anar Ələkbərov, Hikmət Hacıyev, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, PA-nın şöbə müdiri Ədalət Vəliyev, Birinci vitse prezidentin katibliyinin rəisi Altay Həsənov, iqtisadiyyat, sosial müdafiə, mədəniyyət üzrə nazirlər Mikayıl Cabbarov, Sahil Babayev, Anar Kərimov, Əli Nağıyevin və Vilayət Eyvazovun timsalında güc strukturlarının rəhbərləri, Baş prokuror Kamran Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova və vitse- spiker Adil Əliyev hakim elitada fəaliyyətləri təqdirlə qarşılanan yüksək vəzifəli yeni və yenilikçi isimlərdirlər. Vaxtilə “Ana vətən” partiyasında təmsil olunan, MM üzvü Zahid Oruc hazırda Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri kimi olduqca uğurlu fəaliyyət göstərir. Azərbaycanda hansı yüksək vəzifə boşalsa, Qənirə Paşayeva millət vəkili kimi qazandığı ictimai etimadla sosial şəbəkələrdə ora namizəd göstərilir.

Bəli, hakimiyyət elə bir mürəkkəb mexanizmdir ki, hər zaman “yeni qan”a ehtiyac duyur. Ulu Öndər Heydər Əliyev vaxtilə AMİP-də və digər partiyalarda təmsil olunmuş fiqurlara hökumətdə portfellər vermişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin və iqtidarının yenilənməsində müxalif siyasətçilərə yaşıl işıq yandırmışdı. Lap başda dediyim kimi, Azərbaycan ciddi dəyişikliklər astanasındadır və bu zərurət ölkənin siyasi sistemini də əhatə edir. İndiki partiyalar sistemi, siyasi münasibətlərin konfiqurasiyası və parlamentdə mandatların bölünmə əmsalı əvvəlki illərin inersiyasıdır. Bu inersiya heç bir halda Azərbaycan prezidentinin dəyişikliklər siyasətinin tempinə çata bilməz. Odur ki, yeni siyasi sistem quruculuğuna bir yerdən başlamaq, hakim düşərgəyə siyasi elitadan masştablı transferlər gerçəkləşdirmək lazımdır ki, “Oliqrxiyanın dəmir qanunu” tam sıradan çıxsın və yeni dalğa formalaşsın. Bu, həm cəmiyyətin, həm hakimiyyətin, həm də dövlətin daha da möhkəmlənməsi üçün son dərəcə vacibdir.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru