Gürcüstanda Qərbin yeni ssenarilər üzrə hərəkət etməsi artıq ortadadır Gürcüstanda Qərbin yeni ssenarilər üzrə hərəkət etməsi artıq ortadadır

Saakaşvilini Gürcüstana kimlər gətirdi? - ŞƏRH

Gürcüstanda Qərbin yeni ssenarilər üzrə hərəkət etməsi artıq ortadadır

Dünən səhər saatlarında Gürcüstanın eks prezidenti, Ukrayna vətəndaşı Mixail Saakaşvili ana vətəninə döndüyünü açıqladı.

O, arxa fonu qaranlıq, harada çəkilməsini müəyyənləşdirmək çətin olan bir video yayaraq Batumiyə vardığını bəyan etdi.

Mişa daha öncə “Gürcüstanın taleyinə biganə qala bilməyəcəyini”, oktyabr ayının 2-ə, axşam saatlarına bilet alaraq təyyarə ilə Tiflisə dönəcəyini açıqlamışdı.

Amma keçmiş SSRİ məkanındakı rəngli inqilabların simvolu təyyarə ilə elan etdiyi vaxtda deyil, Gürcüstan rəsmilərinin sözlərinə görə, sərhədi qanunsuz yolla keçərək qaçaq kimi ana vətəninə qayıtdı.

Saakaşvilinin Batumidə olduğunu bəyan etməsi, əlbəttə, növbəti blef idi. O, məlum görüntüləri paylaşanda çoxdan həmin şəhərdə deyildi.

Sonrası məlumdur: axşam saatlarında Saakaşvili həbs olundu, dərhal ABŞ-ın Dövlət Departamenti bəyanat yaydı, Ukrayna onun saxlanılmasından narahatlıq ifadə etdi. Eks prezident özü isə təcridxanaya girər-girməz aclıq elan etdiyini duyurdu, hərçənd ələ keçməzdən öncə, macal tapıb xalqı qorxmamağa, seçkilərdə fəal iştirak etməyə çağırmışdı.

Saakaşvili Gürcüstana qayıtmaq qərarı verəndə, həbs olunağını bilirdi.

Odur ki, “Batumi blefi” ilə özünü dünyanın gündəminə gətirdi, adı ətrafında skandal yaratdı, özünü “dediyini edən cəsur lider” kimi qələmə verməyi bacardı.

Gürcüstan rəsmiləri onu dərhal həbs edə bilmədilər, ətrafında apardıqları əməliyyatı gerçəkləşdirə bilmək üçün vaxt qazandılar, bunun üçün Saakaşvilinin ölkəyə girmədiyini bəyan etdilər. Ancaq bu bəyanat başqa suallar doğurdu: “Saakaşvili Gürcüstandadırsa, dövlət onun sərhədi necə keçdiyini bilmirsə, yerini tapmırsa, o zaman öz işini düzgün qurubmu?”

Bu qəbildən olan suallar öz imicinə müsbət xallar əlavə etmiş Saakaşvilinin Gürcüstanın mövcud hakimiyyətini ilk həmlədə enməsi barədə qənaətlərə yol açdı.

Ancaq daha mühüm başqa bir sual var: Saakaşvili Gürcüstana necə keçib?

Əgər o oktyabrın 2-də ana vətəninə dönəcəyini bəyan etmişdisə, deməli, Gürcüstanın xüsusi xidmət orqanları onu ən azı bu ərəfədə Ukraynada nəzarətə götürməli, hər adımından xəbərdar olmalı idi.

Bir neçə versiya var.

Birincisi, Saakaşvilinin onu kontrolda saxlamalı olan Gürcüstan kəşfiyyatçılarını ələ alması, onların vasitəsi ilə Tbilisidəki hökumətə dezinformasiya ötürməsidir. Ancaq bu kimi əməliyyatlarda iştirak edən bütün kəşfiyyatçıları ələ almaq mümkün olmadığı kimi, onları nəzarətsiz də buraxmırlar.

Deməli, Gürcüstanın xüsusi xidmət orqanları Saakaşvilinin bütün addımlarından xəbərdar olub və çox güman, ölkə rəhbərliyinə də anında məlumatlar ötürüb.

Gürcüstan hakimiyyəti həm seçkiqabağı atmosfer təzyiqini yüksəltməmək, həm də xaricdə əməliyyat keçirdiklərini açıqlamamaq üçün onun hərəkət trayektoriyası ilə bağlı məlumatları yaymayıblar.

İkincisi, Saakaşvili Gürcüstana elə bir nəqliyyat vasitəsində- məsələn, NATO gəmisində- gəlib ki, ayağı torpağa dəyər-dəyməz onu həbs etmək böyük skandala səbəb ola bilərdi.

Bu halda, hökumətin onu bir qədər sərbəst buraxmağa, yer dəyişməsinə imkan verməyə ehtiyacı vardı.

Üçüncüsü, Gürcüstan hökuməti bir seçim qarşısında idi: hansı Saakaşvili daha təhlükəlidir, xaricdəki, yoxsa qanunsuz yolla ölkəyə girəcək, vaksinasiyadan keçirilib məhbəsə atılacaq?

Proseslər göstərir ki, Gürcüstan hökuməti onun ölkəyə keçməsi və həbs olunması variantına üstünlük veriblər.

Saakaşvili kimi bir fiquru həbsxanada saxlamaq, həm də uzun illər saxlamaq çətin məsələdir. Onu həbsxanada kriminal aləmin nümayəndələri ilə üz-üzə qoymaq, yaxud gözətçilər vasitəsi ilə işgəncə vermək mümkün olmayacaq. O, həbsxanada 5 gün də, 5 il də qalsa, 15 il də qalsa, necə deyərlər, bəy kefində yaşayacaq, təzə sevgilisi ilə də mazaqlaşmağa bol-bol vaxt alacaq. Bütün bunları hesablamış Saakaşvili başqa qarantiyalar da almışdır yəqin...

Bütün hallarda, Gürcüstanda Qərbin yeni ssenarilər üzrə hərəkət etməsi artıq ortadadır.

Saakaşvilinin bu ssenari sonunda hakimiyyəti yenidən ələ keçirib-keçirməməsindən asılı olmayaraq, ölkədə daxili siyasi münasibətlər kəskinləşəcək və ant-Rusiya ovqatı güclənəcək.

Gürcüstanda anti-Rusiya ovqatının güclənməsi bir tərəfdən bizim lehimizə, bir tərəfdən əleyhimizədir.

Xeyrimizə olan odur ki, “sorosçu” Paşinyanın Ermənistanda hakimiyyətdə olduğu, suyu eyni dəhnədən gələn Saakaşvilinin Gürcüstanda anti-Rusiya ovqatını körükləməsi müqabilində, Rusiya Qarabağdakı sülhməramlılarını qıçına möhkəm bağlamalı olacaq.

Ancaq Azərbaycanın Gürcüstanı 6-lıq formatında görmək istəməsi qarşılığında Qafqazda anti-Rusiya meyillərinin şiddətlənməsi bizim üçün də xeyli problemlərə yol açacaq.

Qafqazda iki “sorosçu hökumət”in varlığı isə, Azərbaycan üçün arzulanan bir hal deyil.

Saakaşvilinin qayıdışı, heç şübhəsiz ki, Azərbaycanda “rəngli inqilab” həvəskarlarına yeni stimul verəcək.

Dünəndən Mişanın ünvanına söylənilən təriflər bunun ilk işartılarıdır. Ancaq o tərifləri yağdıranlar xatırlamaq istəmirlər ki, Saakaşvili də, Paşinyan da məğlub siyasi kimliklərdir. Rəngli inqilablar Gürcüstanı Abxaziya, Cənubi Osetiyadan məhrum edib, Ermənistanı 44 günlük savaşda rüsvayçı məğlubiyyətlə üzləşib. Azərbaycan isə məhz bu cür ssenarilərdən yayındığı üçün İlham Əliyevin Ali Baş Komandanlığı ilə qalib dövlətə çevrildi.

2005-ci ildə Rəsul Quliyev, 2013-cü ildə Rüstəm İbrahimbəyov Azərbaycana dönə bilmədiyini xatırlasaq, Azərbaycan müxalifəti “Saakaşvili qədər cəsur lider” axtarışına çıxacaq. Bu axtarışda AXCP öz liderini- Əli Kərimlini, qeyri-sistemli müxalifət isə, populist və avantürist siyasi fiqurlar təqdim etməyə çalışacaq. Başqa sözlə, Saakaşvilinin dönüşü Azərbaycan iqtidarını populizm və avantüralarla üz-üzə qoyacaq. Uzun illər erməni diasporu və Ermənistan hakimiyyəti məhz ona çalışıb ki, Azərbaycanda sabitlik pozulsun, İlham Əliyevin başı inqilab ssenarilərini zərərsizləşdirməyə qarışsın. Odur ki, bizim hakimiyyət ilk növbədə onu ictimai rəy qarşısında fəal və ardıcıl şəkildə müdafiə edən imzaları qarayaxmalardan və məhkəmə təqiblərindən qorumalıdır.

Mənim Saakaşviliyə nə o iqtidarda olanda, nə də ondan sonra heç bir rəğbətim olmayıb. Bir dövlətin prezidenti olmuş şəxs başqa ölkənin vətəndaşlığını qəbul edir, orada siyasətlə məşğul olur, günlərin birində öz vətəninə qaçaq yollarla gəlirsə, bu, həmin adamın dövlətçilik zehniyyətinə malik olmamasının göstəricisidir. Saakaşvilinin 44 günlük müharibədə Azərbaycanı dəstəkləyən mesajlar verməsi isə, heç də onun bizə sevgisindən irəli gəlmirdi. Mişa başa düşürdü ki, bu savaşda Azərbaycan qalib gələcək və o, yenidən hakimiyyətə iddia edən şəxs kimi, qalibin dəstəyini qazanmağa çalışırdı. Azərbaycan 44 günlük savaşı Mişanın Facebook statusları ilə udmayıb və ona heç bir mənəvi borcumuz da yoxdur. Gürcüstanda kim hakimiyyəti götürəcəksə, onunla işləməliyik, məsələ bu qədər bəsitdir.

Taleh ŞAHSUVARLI