Prezident Əliyev Azərbaycan bayrağını Xankəndidə dalğalandırmağa hazırlaşır Prezident Əliyev Azərbaycan bayrağını Xankəndidə dalğalandırmağa hazırlaşır

Brüssel danışıqları: Nikol Paşinyanın “termin diplomatiyası” necə iflasa uğradı?

Prezident Əliyev Azərbaycan bayrağını Xankəndidə dalğalandırmağa hazırlaşır

Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə növbəti dəfə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdü.

Öncə onu deyək ki, İlham Əliyev Brüsselə ABŞ prezidenti Co Baydendən aldığı isti təbrik mesajını oxuyaraq yola düşmüşdü və Brüssel danışıqlarının növbətini raundunu şərh etmək üçün Vaşinqtondan gələn məktub olduqca əhəmiyyətlidir. İlk növbədə o sadə səbəbə ki, Ağ evdən Azərbaycana yollanmış məktub ABŞ-ın cari təhlükəsizlik strategiyası olan “Bayden doktrinası”nın imperativləri çərçivəsində idi. Bayden administrasiyasının strateji təhlükəsizlik konsepsiyası Donald Trampın eyni məzmunlu sənədindən üslubunun yumşaqlığına və diplomatiyaya daha çox önəm verməsi ilə fərqlənsə də, bütövlükdə ABŞ bir dövlət olaraq fərqindədir ki, soyuq müharibədən sonrakı “dünyanın şəriksiz hegemonu” statusu sual altındadır. Odur ki, ABŞ strateqlərinin əsas hədəfi daşların yenidən düzülməsinin qaçılmaz olduğu dünyada lider rolunu qoruyub saxlamaqdır. Bu baxımdan hələ Tramp dönəmində üzə çıxmışdı ki, Çinin iqtisadi və geopolitik yüksəlişi qarşısında ABŞ-ın müqəddəratı Avrasiyada önəmli bir müharibənin çıxmasından asılıdır. Bu savaş Rusiyanın Ukraynaya hücumu oldu. Ukrayna müharibəsi istər Rusiya üçün, istərsə də ABŞ üçün aralıq mərhələdir. Bu mərhələdə uduzan bütün hallarda Ukraynadır, qalib gələn ABŞ olarsa Çinə, hərbi üstünlüyünü ABŞ-la danışıqlar masasına qoya bilərsə, Rusiya öz ənənəvi nüfuz dairəsinə yönələcək. Azərbaycan bu prosesdə öz milli maraqları çərçivəsində hərəkət edir, Rusiyanın qəzəbini üzərimizə çəkməməklə, Ağ evin məktubunda da vurğulandığı kimi, qeyri-müəyyənliyə yuvarlanmış dünyada Ukraynanın ərazi bütövlüyünü tanıdığını bütün tribunalarda dilə gətirməklə işğal faktına qarşı çıxır. Heç şübhəsiz Rusiya və İran kimi ABŞ-ın iki qəvi düşməni ilə sərhədi olan Azərbaycanın bu obyektiv və rasional mövqeyi Bayden administrasiyasının diqqətindən yayınmır. Bayden administrasiyası onun da yaxşı fərqindədir ki, “Demokratiya sammiti”nə topladığı dost ölkələr siyahısına saldığı Ermənistan əslində Rusiyanın for-postundan başqa bir şey deyil və Azərbaycana qarşı Ermənistanın yanında yer almaqla Qafqazda düşdüyü oyundankənar vəziyyəti bərpa edə bilməz. Rusiya-Ukrayna savaşının ən böyük geopolitik nəticələrindən biri və bəlkə də birincisi budur ki, ABŞ istər NATO-da, istərsə də qlobal tərəqqi prosesində köhnə və yeni Avropa dövlətlərinə əlini yenidən öpdürə bildi. Odur ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi vasitəçilik missiyası tamamilə iflasa uğramış ABŞ Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesində Avropa İttifaqının təşəbbüslərini dəstəkləməklə Azərbaycana “yaşıl işıq” yandırmış olur. Prezident Əliyev Brüsellə məhz bu “yaşıl işıq”dan keçərək getmişdi...

Brüssel danışıqlarından sonra Şarl Mişel mətbuata verdiyi açıqlamada bəyan etdi ki, aşağıdakı nəticələr əldə olunub:

Sərhəd məsələləri

Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq.

Kommunikasiyaların açılması

Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.

Sülh müqaviləsi

Liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Bundan əlavə mən (Şarl Mişel- T.Ş) hər iki liderə vurğuladım ki, Qarabağ regionunda etnik erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələlərini həll etmək lazımdır.

Sosial-iqtisadi inkişaf

Sosial-iqtisadi inkişafa gəlincə, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Mən (Şarl Mişel-T.Ş), həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım və Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır. Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik”

Bəyanatdan da göründüyü kimi, Brüssel danışıqlarının atmosferi tam olaraq Azərbaycanın şərtlərinin Ermənistan hökumətinə qəbul etdirilməsindən ibarət olub. Diqqət çəkən iki əsas nüans var.

Birincisi, əvvəlki Brüssel danışıqlarından sonra Nikol Paşinyan Moskvaya səfər etmiş və həmin səfərin nəticəsi olaraq “Ermənistan və Azərbaycan arasındakı sülh danışıqları” terminini “münasibətlərin normallaşdırılması” kimi qeyri-müəyyən məzmun daşıyan ifadə ilə əvəzləmişdi. Bu, əlbəttə, sıradan bir fənd deyildi, Nikol Paşinyanın vaxt udmağa və prosesi pozmağa yönəlmiş, çox güman Rusiyanın Avropa İttifaqının təşəbbüsündən keçirdiyi narahatlıqdan aldığı güclə ortaya qoyduğu hiylə idi. Ancaq görünür ki, İlham Əliyev Nikolun bu məkrinə Brüsseldə sərt reaksiya verib və nəticədə “sülh müqaviləsi” termini Şarl Mişelin bəyanatında xüsusi yer alıb.

İkinci xüsusi məqam Avropa İttifaqı Şurası prezidentinin işlətdiyi “hər iki liderə vurğuladım ki, Qarabağ regionunda etnik erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələlərini həll etmək lazımdır” cümləsidir. Şarl Mişel bu vurğusuna Azərbaycan və ermənistan liderlərinin reaksiyasından bəhs etmir, ancaq bu təpkiləri təxmin etmək heç də çətin deyil. Ermənistan baş naziri beynəlxalq aləm “Qarabağın statusu məsələsində bizdən daha az iddialı olmağı tələb edir” məzmunlu bəyanatı yəqin yadınızdadır. Şarl Mişelin açıqlaması onu göstərir ki, həm Qarabağ ermənilərinin statusu məsələsi Brüsseldə heç bir formada danışıq predmeti olmayıb, həm də “daha aşağı səvviyyədə iddia”nın nə ola biləcəyinə aydınlıq gətirməklə Aİ prezidenti Nikol Paşinyanla hakimiyyət mübarizəsi aparan tərəfləri tərk-silah etmək istəyib. Ancaq Azərbaycan prezidentinin qətiyyətli mövqeyi qarşısında məsələ anışıqlarda gündəm maddəsinə çevrilməyib. Başqa sözlə, Ermənistanın "6 maddəsi" də status kimi gorbagor olub. Hətta diqqət edirsinizsə, Şarl Mişelin açıqlamasında "Dağlıq Qarabağ" ifadəsi də keçmir.

Azərbaycan etnik ermənilərin öz vətəndaşları kimi hüquqlarını tanımağa və təhlükəsizliyini təmin etməyə hazırdır. Bu barədə prezident Əliyev dəfələrlə bəyanat verib, hətta qarabağ ermənilərini reinteqrasiyaya mane olmaqla vaxt itirməməyə çağırıb. Ancaq Qarabağ ermənilərinin hüquq və təhlükəsizlyi Azərbaycanla Ermənistan arasındakı gələcək sülh müqaviləsində müəyyən oluna bilməz, çünki buna təminat verən ölkəmizin Ana Yasası, tərəfdar çıxdığımız beynəlxalq hüquq normalarıdır. Azərbaycanın Qarabağdakı etnik ermənilərin hüquq və təhlükəsizliyinə təminatının birinci şərti isə Xankəndidəki hərbi cinayətkar xuntanın varlığına son qoyulması, suverenliyimizin sözügedən arealda bərpasıdır. Ermənistanla danışıqlar istər Aİ-nin təşəbbüsü ilə getsin, istər Rusiyanın, İrəvanın buna mane olmağa gücü və imkanı yoxdur. Azərbaycan bayrağı Xankəndidə dalğalanacaq!

Taleh ŞAHSUVARLI