Erməni diasporunun revanş planı Erməni diasporunun revanş planı

Muqorların milyonları, Pelosinin İrəvana səfəri, Paşinyanın yalanları

Erməni diasporunun revanş planı

1906-cı ildə Osmanlı imperiyasının Mamürət-ül-Əziz adlanan vilayətinin Harput qəsəbəsindən Amerika Birləşmiş Ştatlarına bir kiçik bir ernəni ailəsi köçdü. Zaman o zaman idi ki, dünyadakı heç bir erməninin ağlına bir gün İrəvan şəhərinin "Ermənistan" adlı dövlətin paytaxtı olacağı gəlmirdi. Heç müharicir ailənin də belə bir dərdi yoxdu, çöllərə bir tikə çörək qazanmaq üçün düşmüşdülər. Ailənin ABŞ-ın Massaçusets ştatındakı Boston şəhərində doğmaları vardı, restoranda ofisantlıq edirdilər. Onların yanına gəldilər. Soyadlarını qısaldıb "Muqar" etdilər və çalışmağa başladılar. Əvvəl restoran sahibi oldular, bir müddət sonra "Star" adlı ABŞ-ın məşhur supermarketlər şəbəkəsini qurdular. İndi Harput ermənisi Sərkisin vərəsələri- Muqarlar Bostonun ən 50 nüfuzlu ailəsi arasında 6-cıdır. Bu ailənin nümayəndəsi Carolin Muqar isə ABŞ-dakı erməni diasporunun ən köklü təşkilatlarından birinə- Amerika Erməni Assambleyasının prezidentidir.

Bu gün İrəvan mediasında Amerika Erməni Assambleyasının ABŞ Nümayəndələr Palatasının sədri Nənsi Pelosiyə "Ermənistana etdiyi tarix səfər münasibəti ilə təşəkkür açıqlaması" yayılıb. Bu heç də Nənsi Pelosinin İrəvanda dəsmal götürüb 1915-ci ildə "türklərin qırdığı" ermənilərə göz yaşı tökməsinə erməni diaspor təşkilatının mənəvi münasibəti deyil. ABŞ Nümayəndələr Palatasının sədrini İrəvana məhz bu təşkilat- Muqar ailəsinin sərvəti ilə idarə olunan AAA gətirib. Heç şübhəsiz, Pelosi İrəvanda göz yaşlarını miqdarı milyonlarla ölçülən ianələrsiz tökməyib. 8 noyabrda ABŞ-da keçiriləcək seçkilərdə qalib gəlmək üçün demokratlara pul lazımdır. Zəngin erməni diaspor fəalları həm Kaliforniyada mübarizə aparan Nənsinin seçki hesabına, həm də Demokrat Partiyasının seçki məsrəflərinə yardım edəcəklər. Ancaq görünür avansın məbləği yüz milyonların üzərindədir ki, Nənsi Polesi 30 il boyunca Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanı "sülhpərvər ölkə" adlandırmağa həya etmir və rəsmi Bakını qonşu ölkəyə təcavüz etməkdə suçlayır.

ABŞ nəhəng kosmos dövlətidir. Buna heç kim şübhə etmir. Kosmos dövləti ABŞ-ın əlində 13 sentyabr öncəsi Ermənistan ordusunun Azərbaycanla sərhəddə cəmləşməsi, mövqelərimizə, postlarımıza diversiya təşkil etməsi barədə yüksək pikselli görüntülər olmaya bilməz. Bölgədəki son eskalasiya barədə bu qədər dəqiq informasiyaya malik olduğu halda, bəs, ABŞ nədən qeyri-obyektiv mövqe tutur, Ermənistanın himayəçisi kimi çıxış edir, İrəvanı sülh danışıqlarını pozmağa, sərhədlərin demarkasiya və delimitasiyasının aparılmasından yayınmağa, Üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etməyə cürətləndirir? Bütün bunlar sülhə, barışa, əmin-amanlığa xidmət edirmi? Əlbəttə, yox!

Nənsi Pelosi İrəvanda möhkəm səslə soruşur: "Biz Ermənistanın nə istədiyini anlamaq üçün buradayıq".

Yenə ritorik suala qayıtmaq məcburiyyətindəyik. 30 il boyunca Azərbaycan torpaqlarını işğalda saxlayan, milyonlarca insanı yurdundan-yuvasından edən, evləri, infrostrukturu, tarixi abidələri məhv edən, bir ölkənin suveren torpaqlarında ikinci erməni dövləti qurmağa cəhd edən Ermənistanın nə istədiyini anlamaq üçün Pelosinin timsalında ABŞ-ın siyasət və dövlət xadimlərinə daha nə və neçə il lazımdır? Yox, bu açıqlama heç də məlumatsızlıqdan və qanmazlıqdan verilməyib. Nənsi İrəvaba heç faktaraşdırıcı missiya ilə də gəlməyib. Nənsinin təyyarəsinin təkəri İrəvanda hava limanına dəyər-dəyməz ABŞ-ın bizim ölkəmizdəki səfirliyi keçmiş prezidentləri Vilsonu xatırlatdı. Qondarma "Artsax"ın xarici işlər naziri ABŞ-a səfər edir, Vaşinqtonda Vilsonun ev muzeyində nitq söyləyir. Vilsonun bu şəkildə yada salınmasında, xatırladılmasında məqsəd nədir əcəba? Bu sual bizi məşhur "Vilson prinsipləri"nə, həmin prinsiplərə əsasən Ermənistanın Qara dənizə çıxışı olan bir ölkəyə çevrilməsi ideyasından gedir. Pelosinin səfəri "dənizdən dənizə Ermənistan" xəyalı ilə yaşayan ermənilərin revanşa səsləyir, 44 günlük savaşda tənəzzülə itələnmiş erməni ideologiyasını bərpa etməyə xidmət edir. İkinci Qarabağ savaşı erməni diasporunun həm dünyada, həm də Ermənistandakı reytinqinə ağır zərbə vurmuşdu. Böyük bir maxinasiya şəbəkəsi çöküş təhlükəsi ilə üzləşmişdi. Odur ki, diaspor təkcə Qərb tərəfindən iqtidara gətirilən Nikol Paşinyanı yox, özünü və "erməni ideologoyası"nı xilas etmək üçün kisənin ağzını açdı. Ancaq görəsən, kisə-kisə pullar müqabilində basa-basa Qafqaza gələn Nənsi Pelosi Nikol Paşinyandan Ermənistanın nə istədiyini öyrənə bildimi?

Doğrudan da Ermənistan nə istəyir?

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırmı?

Ermənistan sərhədləri dəqiqləşdirməyə və tanımağa, Sülh sazişi imzalamağa qadirdirmi?

Ermənistan Xankəndi və çevrəsində yaşayan ermənilər Azərbaycan vətəndaşlarına çevrilməsini, re-inteqrasiya olunmasını dəstəkləyirmi?

Ermənistan Üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib iqtisadi əlaqələrin bərpası üçün konkret addımlar atmağa hazırdırmı?

Ermənistan ərazisindən zorla qovduğu azərbaycanlıların geri qayıtması prosesinə qarşıdır, yoxsa necə?

Bu sualları uzatmaq da olar. Ancaq çox təəssüf ki, səslənən və səslənməyən sualların heç birinə Ermənistanın cavabı müsbət deyil.

Qafqazı yeni münaqişəyə aparan da, Azərbaycanı yeni diversiya təhlükəsi ilə üz-üzə qoyan da, Silahlı Qüvvələrimizi əks-hücum əməliyyatlarına sövq edən də, bax, elə Ermənistanın məhz Sülh Sazişi imzalamağa hazır və qadir olmamasıdır.

Azərbaycan bu sazişin imzalanması üçün Ermənistanı masaya oturdanda Nikol gah Rusiyanın, gah Fransanın, gah da ABŞ-ın təlimatı ilə situasiyanı gərginləşdirir. O, islaholunmaz yalançıdır, yalançını isə mənzilinədək qovarlar!

Taleh ŞAHSUVARLI